AZ

Sertifikasiya: Növbəti illərdə daha sərt keçiriləcək?

“Sertifikasiya növbəti illərdə daha sərt keçirilməlidir”

 

Bu sözləri AzEdu.az-a açıqlamasında   təhsil məsələləri üzrə mütəxəssis Kamran Əsədov vurğulayıb.

 

Ekspert bildirib ki, 2022-ci ildə bu proses başlananda 10-12% müəllimin sertifikatlaşdırmadan keçə bilməyəcəyini təxmin edirdik:

 

“Sertifikasiya Azərbaycanda bilik və bacarıqlarına uyğun müəllimlərin əmək haqqını müəyyənləşdirən bir qaydadır. Bu gün Azərbaycan təhsil sistemində kifayət qədər müəllim var. Etiraf edək ki, tədris prosesində müxtəlif imkanları səfərbər edən və passiv fəaliyyət göstərən müəllimlər eyni əmək haqqını alırlar, amma sertifikasiya mütləq şəkildə çalışqan müəllimlərlə digərlərindən fərqləndirməyə imkan verən prosesdir.

 

2022-ci ildə bu proses başlananda gözləyirdik ki, hər fənn üzrə minumum 10-12% müəllim sertifikatlaşdırmadan keçə bilməyəcək. Çünki buna qədər 2014-2018-ci illərdə keçirilən diaqnostik imtahanlar bunu deməyə əsas verirdi ki, müəllimlər öz üzərlərində işləmirlər. Dünyanın bütün inkişaf etmiş ölkələrində sertifikasiya keçirilir. Bu proses indiyə qədər keçirilən qiymətləndirilmələr arasında ən alisidir. Sertifikasiya nəticəsində öz işini itirmiş 4000-ə yaxın müəllimin yenidən təhsil sistemində işləmək hüququ məhdudlaşmır. Sertfikasiyadan kəsilmiş müəllimlər adi qaydada növbəti ildən etibarən Müəllimlərin işə qəbulu imtahanı ilə yenidən fəaliyyətlərinə davam edə bilərlər. Bununla yanaşı, Elm və Təhsil Nazirliyi humanizm prinsipi irəli sürərək həmin şəxslərin məktəblərdə digər sosial, pedaqoji ştatlarda çalışmalarına maraqlıdır, çünki onların məktəblə bağlı təcrübələri var.

 

Birmənalı şəkildə 20-30 illik pedaqoji təcrübəsi olan müəllimlərin sertifikasiyaya cəlb olunması normaldır. Çünki müasir dövrün tələbləri var. BMT-nin 2030-cu illə bağlı hədəflərindən biri yüksək ixtisaslı və peşəkar müəllimlərin yetişdirilməsidir. Ona görə də məsələyə 4000 müəllimi itirmək kimi baxmaq lazımdır deyil. Həmin müəllimlərin yerinə 4000 yeni hazırlıqlı, bacarıqlı, gənc, enerjili şəxslər MİQ vasitəsilə daxil ediləcək. Kim deyirsə ki, “gənclər sinfi idarə edə bilmirlər” bu yanlış düşüncədir. Həmin gənclərə də şans verməliyik”.

 

Sertifikasiya suallarını bir vaxtlar müəllimlərin özləri KSQ və BSQ-lər hazırlayıb, uşaqlara veriblər”,- deyə K.Əsədov vurğulayıb:

 

“20-30 il təhsil sistemində çalışan müəllimlər dərslikləri 20-30 dəfə təkrarlayıblar, illər ərzində dərsliklər dəyişsə də, mövzular dəyişməyib. Azərbaycan dilində nə fonetika, nə isim, nə sifət dəyişməyib, eləcə də ibtidai sinifdə toplananlar, vuruqlar hər biri əvvəlki qaydadır. Yəni biz sertifikasiyaya cəlb etdiyimiz müəllimlərə heç də fərqli sahədən mövzu verməmişik. Təsəvvür edin bu müəllimlər imtahan suallarından uşaqlara KSQ və BSQ-lər hazırlayıblar, sual-cavab ediblər. Bu o deməkdir ki, həmin müəllimlərin özlərinin öyrətdiklərindən suallar salınıb və təəssüf ki, onlar 0-29 bal arası toplayıblar. Bu yaxşı nəticə deyil. Əlbəttə həmin müəllimlərin yanındayıq. Onlar sistemdən tamamilə uzaqlaşmır. Dünyanın müxtəlif ölkələrində daha sərt qaydalar var. Azərbaycan humanizm nümayiş etdirdi və təkrar sertifikasiya keçirdi. Təsəvvür edin təkrar sertifikasiyaya gələnlər 1 il ərzində öz üzərilərində işləməyiblər. Onlar əyri yollara əl atdılar, kimlərisə tapmağa çalışırdılar ki, qiymət yazılsın. Bu yaxşı yanaşma tərzi deyil. Bu gün əsas hədəf daha yaxşı Azərbaycan müəllimi formalaşdırmaqdır. Heç bir təhsil sisteminin səviyyəsi müəllimin bilik səviyyəsindən üstün deyil.

 

Bu gün buraxılış və qəbul imtahanı nəticələrindən şikayət edirik, övladlarımızın göstəricilərindən narazılıq edirik, çünki onlara dərs deyən müəllimlərin özlərinin kompetensiyaları yüksək deyil. Ən strateji iki ixtisas var: ibtidai sinif ilə Azərbaycan dili və ədəbiyyat müəllimləri. Bu fənlərdən müəllimlər keçid balını toplaya bilmirsə, onların müəllim kimi məktəblərdə qalmaqlarına maraqlı olmamalıyıq. Düşünürəm ki, sertifikasiya növbəti illərdə daha çətin daha sərt olmaldır. Çünki bununla biz daha peşəkar müəllimləri təhsil sistemində saxlaya bilərik. Əvəllər müəllimlər öz üzərilərində çalışmırdılar. 2014-2018-ci illərdən sonra oxumağa başladılar. Sertifikasiyadan sonra isə öyrənməyə başlayıblar. Uzun müddət ərzində müəllimlər dərs dedikləri fənnin sadəcə paraqraflarının adlarını jurnallara yazırdılar. Beləcə keyfiyyətli təhsil tədris olunmurdu”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
5
azedu.az

10Mənbələr