RU

Bakıda Azərbaycan İnnovasiya Mərkəzinin açılışı keçirilib

Bakı, 2 oktyabr, AZƏRTAC

Oktyabrın 2-də Bakıda Azərbaycan İnnovasiya Mərkəzinin açılışı keçirilib.

AZƏRTAC xəbər verir ki, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov tədbiri giriş nitqi ilə açaraq startap ekosistemi sürətlə inkişaf edən ölkələrdə AİM kimi innovasiya məkanlarının aparıcı rol oynadığını vurğulayıb.

S.Məmmədov bildirib ki, Azərbaycan İnnovasiya Mərkəzi sadəcə ofis məkanı deyil, böyük bir ekosistem oyunçusudur: "Burada startaplar inkubasiya və akselerasiya proqramlarında iştirak edərək investorlarla görüşlər keçirmək, tərəfdaşlıq yaratmaq və layihələrini təqdim etmək imkanı əldə edəcəklər”, - deyə nazir müavini əlavə edib.

O, həmçinin qeyd edib ki, AİM Azərbaycanda fəaliyyət göstərmək istəyən yerli və xarici şirkətlər üçün uyğun icarə şərtləri və digər üstünlüklər təklif edir.

Qeyd olunub ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə təsis edilən Azərbaycan İnnovasiya Mərkəzi (AİM) texnoloji sahibkarlar, startapçılar və innovatorlar üçün vahid mərkəz rolu oynayacaq.

İRİA-nın İdarə Heyətinin sədri İnarə Vəliyeva bildirib ki, startaplar innovasiya ekosisteminin mərkəzində yer alır və AİM kimi innovasiya məkanlarının yaradılması ölkə üçün böyük əhəmiyyət kəsb edir: “AİM həm Bakıda bir neçə məkanda, həm də yaxın zamanlarda Sumqayıt və Gəncədə də fəaliyyətini genişləndirəcək. Bununla da regionlarda yaşayan innovativ düşüncəli vətəndaşlarımız öz ideyalarını reallaşdıra biləcəklər”.

Tədbirdə, həmçinin İRİA-nın İnvestisiyalar və ekosistemə dəstək şöbəsinin rəhbəri Ağahüseyn Əhmədov və AİM-in rəhbəri Elvin Hacıyev AİM haqqında ətraflı məlumat veriblər. Digər natiqlər - İRİA-nın texnoparkların inkişafı üzrə eksperti Dominik Piotet, “PAŞA Future Lab”ın icraçı direktoru Fərrux Əliyev və “Caucasus Ventures” fondunun rəhbəri Məmməd Kərim ölkədə AİM kimi mərkəzlərin əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Bildirilib ki, innovasiyanı mümkün edən infrastrukturun mövcudluğu ekosistem oyunçularının fiziki məkanlarda cəmləşməsinə və innovativ ideyaların daha sürətlə yayılmasına yol açır. Dünya praktikasından, xüsusilə də startap mədəniyyətinin inkişaf etdiyi ölkələrin təcrübəsindən görürük ki, innovasiya mərkəzləri yeni ideyaların yarandığı, ekosistemdə şəbəkələşmə, startap və texnologiya icmalarının fəaliyyətinin dəstəkləndiyi innovativ məkanlar olaraq fəaliyyət göstərir. Bizə yaxın olan Türkiyə, Qazaxıstan, Özbəkistan və Ukrayna kimi ölkələrdə bu cür mərkəzlər mövcuddur. İndi artıq Azərbaycanda da belə bir mərkəz təsis edilib. Bu, Azərbaycan İnnovasiya Mərkəzidir. Hazırda olduğumuz məkan Azərbaycan İnnovasiya Mərkəzinin ilk ofisdir və Bakıda ikinci daha böyük mərkəzin yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan İnnovasiya Mərkəzi texnoloji sahibkarlar, startapçılar və innovatorlar üçün vahid mərkəz rolu oynayacaq. Bununla yanaşı, AİM daha çox beynəlxalq tərəfdaş və şirkət cəlb etməyi, startaplar üçün dəstək proqramlarını genişləndirməyi və onların qlobal bazarlara inteqrasiyasını təmin etməyi planlaşdırır. AİM-in hədəfi texnologiya və innovasiyaların iqtisadiyyatda mühüm yer tutduğu güclü ekosistem oyunçusu olmaqdır.

Tədbirdə qonaq qismində dövlət qurumlarının nümayəndələri, yerli ekosistemin üzvləri və digər tərəfdaş şirkətlərin nümayəndələri iştirak ediblər.

 

Избранный
3
4
azertag.az

8Источники