AZ

Sumqayıt və Gəncədə innovasiya mərkəzləri yaradılacaq

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə təsis edilən Azərbaycan İnnovasiya Mərkəzinin (AİM) açılış mərasimi baş tutub.

FED.az xəbər verir ki, tədbirdə qonaq qismində dövlət qurumlarının nümayəndələri, yerli ekosistemin üzvləri və digər tərəfdaş şirkətlərin nümayəndələri iştirak ediblər.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov tədbiri giriş nitqi ilə açaraq startap ekosistemi sürətlə inkişaf edən ölkələrdə AİM kimi innovasiya məkanlarının aparıcı rol oynadığını vurğulayıb. S. Məmmədov: “Hal-hazırda olduğumuz Azərbaycan İnnovasiya Mərkəzi sadəcə ofis məkanı deyil, böyük bir ekosistem oyunçusudur. Burada startaplar inkubasiya və akselerasiya proqramlarında iştirak edərək investorlarla görüşlər keçirmək, tərəfdaşlıq yaratmaq və layihələrini təqdim etmək imkanı əldə edəcəklər”. O, həmçinin qeyd edib ki, AİM Azərbaycanda fəaliyyət göstərmək istəyən yerli və xarici şirkətlər üçün uyğun icarə şərtləri və digər üstünlüklər təklif edir.

İRİA-nın İdarə Heyətinin sədri İnarə Vəliyeva çıxışında bildirib ki, startaplar innovasiya ekosisteminin mərkəzində yer alır və AİM kimi innovasiya məkanlarının yaradılması ölkə üçün böyük əhəmiyyət kəsb edir : “AİM həm Bakıda bir neçə məkanda, həm də yaxın zamanlarda Sumqayıt və Gəncədə də fəaliyyətini genişləndirəcək. Bununla da regionlarda yaşayan innovativ düşüncəli vətəndaşlarımız öz ideyalarını reallaşdıra biləcəklər”.

Tədbirdə, həmçinin İRİA-nın İnvestisiyalar və ekosistemə dəstək şöbəsinin rəhbəri Ağahüseyn Əhmədov və AİM-in rəhbəri Elvin Hacıyev AİM haqqında ətraflı məlumat veriblər. Digər natiqlər - İRİA-nın texnoparkların inkişafı üzrə eksperti Dominik Piotet, “PAŞA Future Lab”ın icraçı direktoru Fərrux Əliyev və “Caucasus Ventures” fondunun rəhbəri Məmməd Kərim ölkədə AİM kimi mərkəzlərin önəmi haqqında öz fikirlərini paylaşıblar.

Qeyd edək ki, Azərbaycan İnnovasiya Mərkəzi texnoloji sahibkarlar, startapçılar və innovatorlar üçün vahid mərkəz rolu oynayacaq. Bununla yanaşı, AİM daha çox beynəlxalq tərəfdaş və şirkət cəlb etməyi, startaplar üçün dəstək proqramlarını genişləndirməyi və onların qlobal bazarlara inteqrasiyasını təmin etməyi planlaşdırır. AİM-in hədəfi texnologiya və innovasiyaların iqtisadiyyatda mühüm yer tutduğu güclü ekosistem oyunçusu olmaqdır.

SumqayıtSumqayıtSumqayıtSumqayıtSumqayıt
Seçilən
0
4
fed.az

8Mənbələr