RU

Beynəlxalq konfrans hüquqi əməkdaşlığa yeni töhfə oldu

Oktyabrın 1-i – Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü Bakıda keçirilən Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransı və Ümumi Yığıncağı 3-cü iş gününü də uğurla davam etdirib.

Bakı Konqres Mərkəzində baş tutan tədbirin 3-cü günü müxtəlif ölkələrin prokurorluq və ədliyyə qurumları arasında ikitərəfli və çoxtərəfli görüşlər keçirilib və müxtəlif plenar sessiyalar, xüsusi maraq sessiyaları və şəbəkə iclasları təşkil edilib.

“Cinayət mühakiməsi sistemində qurbanlar və şahidlər”, “Cinayət mühakiməsi sistemində qurbanların hüquqlarını təmin etmək üçün maraqlı tərəflər arasında əməkdaşlıq”, “Cinayət mühakiməsi sistemində şəffaflıq və ictimaiyyətin etimadı” adlı plenar sessiyaları, “Məişət və gender əsaslı zorakılığın təqibi” və “İqtisadi Cinayət və Aktivlərin Bərpası” seminarlarında beynəlxalq quruma üzv bir çox ölkələrin prokurorluq orqanlarının nümayəndələri səmərəli fikir mübadilələri və müzakirələr aparıblar.

Beynəlxalq konfransın maraqlı tədbirlərindən biri də tədbir çərçivəsində həmçinin, 1 oktyabr Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümünə həsr olunmuş xüsusi sessiyanın keçirilməsi olub.

Sessiyada məruzə ilə çıxış edən Baş prokuror Kamran Əliyev Azərbaycan prokurorluğunun yaranması tarixinə qısa ekskurs edərək qeyd edib ki, milli prokurorluğunun əsası 1 oktyabr 1918-ci ildə Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuşdur. Həmin tarixdə Bakı Dairə Məhkəməsinin tərkibində yaradılmış Azərbaycan prokurorluğu bir əsrdən artıq tarixi ərzində çətin və mürəkkəb, eyni zamanda, şərəfli bir inkişaf yolu keçərək, bugünkü şəkildə formalaşmış, fəaliyyət göstərdiyi bütün dövrlərdə millətinə və dövlətçilik ideyalarına sədaqətlə qulluq etmişdir.

Baş prokuror qeyd edib ki, Azərbaycan prokurorluğunun qanunçuluğun etibarlı təminatçısı kimi cinayətkarlığa qarşı barışmaz mübarizəsinin və qanunun aliliyinin bərqərar olunmasında sarsılmaz mövqeyinin, fəaliyyətinin hərtərəfli təminatı üçün qanunvericilik və maddi-sosial bazanın formalaşdırılması xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə aparılan hüquq islahatları, görkəmli dövlət xadiminin quruma olan xüsusi qayğısı və dəstəyi nəticəsində mümkün olub.

Kamran Əliyev vurğulayıb ki, bir çox dövlət təsisatı kimi prokurorluq orqanlarının da təkmilləşdirilməsi, prokurorluq işçilərinin əməyinin fərqləndirilməsi, yeni informasiya texnologiyalarının tətbiqinə başlanılması, əməkdaşların sosial-maddi vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması Heydər Əliyev irsinə layiqli varislik nümunəsini göstərən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağdaş dövrün tələblərinə uyğun apardığı hüquqi dövlət quruculuğu islahatları ilə mümkün olub.

Natiq vurğulayıb ki, həyata keçirilmiş tədbirlərin və prokurorluq orqanlarının beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinin nəticəsidir ki, Azərbaycan Prokurorluğunun inkişafı tarixində ən əlamətdar hadisələrdən biri kimi qeyd olunacaq dünya prokurorlarının yeganə təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağı bu günlərdə məhz Bakı şəhərində keçirilir: “Bu tədbir həm də hüquq sahəsində müsbət nəticələrin əldə edilməsi, üzv ölkələrin prokurorluq orqanları arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi üçün ən mühüm platformadır”.

Sonra Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti, Buenos-Ayres Muxtar Şəhərinin Dövlət Prokurorluğu Xidmətinin Baş prokuroru Juan Bautista Mahiques çıxış edərək Azərbaycan prokurorluq orqanlarında aparılan uğurlu islahatlarla yaxından tanış olduğunu, qurumun fəaliyyətinin BPA tərəfindən yüksək qiymətləndirildiyini bildirib və Azərbaycan Prokurorluğunun cinayətkarlığa qarşı mübarizədə, insan hüquq və azadlıqlarının qorunmasında və digər məsuliyyətli vəzifələrinin həyata keçirilməsindəki fəaliyyətində uğurlar arzulayıb.

Sonda Baş prokuror Kamran Əliyev “1 oktyabr Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü” münasibətilə mükafatlandırılmış prokurorluq əməkdaşlarını, eləcə də Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvlərini təltif edib”.

***

Beynəlxalq konfransın davam etdiyi 3-cü gün Azərbaycanın Baş prokuroru Kamran Əliyev Rumıniyanın Yüksək Kassasiya və Ədalət Məhkəməsinin Baş prokuroru Aleks Florantanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş prokuror qeyd edib ki, Rumıniya Azərbaycanın Avropa məkanında fəal əməkdaşlıq etdiyi ölkələrdəndir. Ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biri də məhz Rumıniya olub. Ötən müddətdə Azərbaycan və Rumıniya arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bunun da nəticəsində ölkələrimiz arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Aleks Florantan səmimi qəbula görə minnətdarlığını bildirərək, Baş prokuror Kamran Əliyevi 1 oktyabr Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü münasibətilə təbrik edib. Qonaq Azərbaycanın prokurorluq orqanlarında həyata keçirilən islahatları yüksək qiymətləndirərək iki ölkə arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

***

Elə həmin gün Baş prokuror Kamran Əliyev Xorvatiya Respublikasının Baş prokuroru İvan Turudiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş prokuror iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq və güclü əməkdaşlıq münasibətlərinin siyasi, iqtisadi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün platforma təşkil etdiyini vurğulayaraq ölkəmizdə həyata keçirilən cinayətkarlığa qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib.

Xorvatiyanın prokurorluq orqanları ilə möhkəm əlaqələrin qurulduğuna nəzər salan Kamran Əliyev təcrübə mübadiləsi, prokurorluq əməkdaşlarının ikitərəfli səfərlərinin əhəmiyyətindən bəhs edib.

Xorvatiya Respublikasının Baş prokuroru səmimi qəbula görə minnətdarlığını ifadə edərək həmkarını Azərbaycan prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü münasibətilə təbrik edib.

Tərəflər iki ölkə prokurorluğu arasında hüquqi və institusional əməkdaşlığın ikitərəfli və beynəlxalq platformalar çərçivəsində genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Görüş Azərbaycan – Xorvatiya prokurorluqları arasında hüquqi əməkdaşlığın möhkəmləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə “Əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu”nun imzalanması ilə başa çatıb.

İlqar RÜSTƏMOV
XQ

Избранный
10
1
xalqqazeti.az

4Источники