AZ

Prokurorluq işçilərinin peşə bayramı və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü qeyd olunub

Bakı, 1 oktyabr, AZƏRTAC

Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransının və Ümumi Yığıncağının üçüncü günü başa çatıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakı Konqres Mərkəzində dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan BPA-nın 29-cu İllik Konfransının və Ümumi Yığıncağının 3-cü günündə 95 ölkədən 500-ə yaxın şəxs iştirak edib.

Tədbir çərçivəsində müxtəlif ölkələrin prokurorluq və ədliyyə qurumları arasında ikitərəfli və çoxtərəfli görüşlər, müxtəlif plenar sessiyalar, xüsusi maraq sessiyaları və şəbəkə iclasları keçirilib.

“Cinayət mühakiməsi sistemində qurbanlar və şahidlər”, “Cinayət mühakiməsi sistemində qurbanların hüquqlarını təmin etmək üçün maraqlı tərəflər arasında əməkdaşlıq”, “Cinayət mühakiməsi sistemində şəffaflıq və ictimaiyyətin etimadı” adlı plenar sessiyaları, “Məişət və gender əsaslı zorakılığın təqibi” və “İqtisadi Cinayət və Aktivlərin Bərpası” seminarlarında səmərəli fikir mübadilələri və müzakirələr aparılıb.

Tədbir çərçivəsində həmçinin, 1 oktyabr - Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümünə həsr olunmuş xüsusi sessiya keçirilib.

Baş prokuror Kamran Əliyev çıxış edərək bildirib ki, Azərbaycanda prokurorluq işçilərinin peşə bayramı və milli prokurorluq orqanlarının yaranmasının 106-cı ili qeyd olunur. 1918-ci il oktyabrın 1-də qəbul olmuş qərara əsasən Bakı Dairə Məhkəməsinin tərkibində yaradılmaqla əsası qoyulmuş milli prokurorluq orqanları bir əsrdən artıq tarixi ərzində çətin və mürəkkəb, eyni zamanda, şərəfli inkişaf yolu keçib, fəaliyyət göstərdiyi bütün dövrlərdə dövlətçilik ideyalarına sədaqətlə qulluq edib.

Qeyd edilib ki, Azərbaycan prokurorluğunun qanunçuluğun etibarlı təminatçısı kimi cinayətkarlığa qarşı barışmaz mübarizəsinin və qanunun aliliyinin bərqərar olunmasında sarsılmaz mövqeyinin, fəaliyyətinin hərtərəfli təminatı üçün qanunvericilik və maddi-sosial bazanın formalaşdırılması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə aparılan hüquq islahatları, görkəmli dövlət xadiminin quruma olan xüsusi qayğısı və dəstəyi nəticəsində mümkün olub.

Baş Prokuror vurğulayıb ki, bir çox dövlət təsisatı kimi prokurorluq orqanlarının da təkmilləşdirilməsi, prokurorluq işçilərinin əməyinin fərqləndirilməsi, yeni informasiya texnologiyalarının tətbiqinə başlanılması, əməkdaşların sosial-maddi vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması Ulu Öndər Heydər Əliyev irsinə layiqli varislik nümunəsini göstərən Prezident İlham Əliyevin müasir dövrün tələblərinə uyğun apardığı hüquqi dövlət quruculuğu islahatları ilə davam edir.

Həyata keçirilmiş tədbirlərin və prokurorluq orqanlarının beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinin nəticəsidir ki, Azərbaycan Prokurorluğunun inkişaf tarixində ən əlamətdar hadisələrdən biri kimi qeyd olunacaq dünya prokurorlarının yeganə təşkilatının - Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağı Bakıda keçirilir və bu tədbir həm də hüquq sahəsində müsbət nəticələrin əldə edilməsi, üzv ölkələrin prokurorluq orqanları arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi üçün ən mühüm platformadır.

Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti, Buenos-Ayres Muxtar Şəhərinin Dövlət Prokurorluğu Xidmətinin Baş prokuroru Juan Bautista Mahiques çıxış edərək Azərbaycan Prokurorluq orqanlarında aparılan uğurlu islahatlarla yaxından tanış olduğunu, qurumun fəaliyyətinin BPA tərəfindən yüksək qiymətləndirildiyini bildirib və Azərbaycan Prokurorluğunun cinayətkarlığa qarşı mübarizədə, insan hüquq və azadlıqlarının qorunmasında və digər məsuliyyətli vəzifələrinin həyata keçirilməsindəki fəaliyyətində uğurlar arzulayıb.

Sonra Baş prokuror Kamran Əliyev “1 oktyabr - Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü” münasibətilə mükafatlandırılmış prokurorluq əməkdaşlarını, eləcə də Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvlərini təltif edib.

Seçilən
3
2
azertag.az

4Mənbələr