EN

“Pezeşkian təcrübəli biri kimi zaman və şəraitə uyğun hansısa islahatlara əl ata bilər...”

“Amma nəzərə alsaq ki, İranda əsas həlledici fiqur ali dini rəhbərdir və ölkə prezidenti ikinci dərəcəli, sadəcə icraedici bir postdur, onda bir sıra  məqamlar üzərində düşünməyə dəyər...”
 
“Düzdü, azərbaycanlı hesab olunan Məsud Pezeşkiyanın prezident seçkilərində qalib gəlməsi, ilk baxışdan oradakı azərbaycanlılar və elə Azərbaycan dövləti üçün də uğur hesab edilir. Amma nəzərə alsaq ki, İranda əsas həlledici fiqur ali dini rəhbərdir və ölkə prezidenti ikinci dərəcəli, sadəcə icraedici bir postdur, onda bir sıra  məqamlar üzərində düşünməyə dəyər. Belə bir ehtimal da var ki, ali dini rəhbər Əli Xameneinin varisi onun oğlu olacaqdır. Bu da siyasi baxımdan ciddi bir dəyişikliyə gətirib çıxara bilər. Yəni bu halda İranda dini monarxiya tipli bir hakimiyyət formalaşacaqdır. Düzdü, ali dini rəhbər də ali dini şura tərəfindən seçki ilə təyin olunur. Amma bu da formal bir məsələ ola bilər. Həmin şuranın formalaşdıran da elə dini rəhbərdir”. 
 
 
Bu  fikirləri Moderator.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov İrandakı son növbədənkənar prezident seçkilərində Azərbaycan türkü olduğu deyilən Məsud Pezeşkianın qalib olmasını şərh edərkən dilə gətirib.
 
 
“Məsud Pezeşkianın necə işləyəcəyi, ölkəni idarəçiliyində necə iştirak edəcəyi haqda düşünərkən onu da nəzərə almaq lazımdır ki, İranda bir çox problemlər mövcuddur. İqtisadi problemlərlə yanaşı, daxili siyasətdə də bir sıra problemlərin olması göz qabağındadır. Hazırda ölkədə iki qurum: “SEPAH” və hökumət iqtisadi dominantlıq oynamağa iddialıdır. Bilirik ki, neftin Qərb sanksiyalarından kənar- qaçaqmalçılıq yoluyla ixracına məhz “SEPAH” nəzarət edir və o, faktiki olaraq hökuməti maliyyələşdirən  bir qurumdur.  Onun getdikcə siyasi iddiaları da çoxalır ki, bu da İranda ciddi gərginlik yaradır...
 
İkinci böyük bir problem İrandakı milli-etnik məsələlərdir. Biz görürük ki, ölkənin müxtəlif regionlarında müxtəlif milli hərəkatlar fəallaşır. Nəticədə hazırda İranda İslam İnqilabından bəri hökmran olan dövlət ideologiyasının “dində millət yoxdur”, yəni millətçilik yox, ümmətçilik prinsipi tədricən pozulmaqdadır. Elə son illərdəki əsasən iqtisadi-sosial və məişət problemləri ilə bağlı keçirilmiş kütləvi etiraz aksiyalarının bəzi bölgələrdə, o cümlədən Təbrizdə milli xarakter alması da buna sübutdur. Elə seçki kampaniyasının özündə, Pezeşkianın timsalında da milli problemlər üzə çıxdı...
 
Üçüncüsü, İranda hakimiyyətdə struktur problemləri mövcuddur. Və bir daha vurğulayıram ki, yenicə seçkiləri tamamlanmış prezident postu da ali dini rəhbərə tabedir. Bu ölkənin hakimiyyət strukturunu bilənlər də bilir ki, yerlərdə həm prezident hakimiyyətinin, həm də ali dini rəhbərliyin nümayəndəlikləri var. Və istənilən bölgəyə rəsmi səfər edən şəxs qubernatorla yanaşı, ali dini liderin oradakı nümayəndəsi ilə də mütləq görüşməlidir. Həmin yerli qurumların arasındakı münasibətlər də çox sadə qurulmur və kimin kimə tabe olması da ayrı bir mövzudur.  Yəni bir növ bu da hakimiyyətin idarə olunmasında müəyyən ziddiyyət və problemlərə səbəb olur... 
 
Sözüm ondadır ki, İrandakı deyilən problemlər indi – artıq seçkilərdən sonrakı müddətdə özlərini getdikcə daha qabarıq şəkildə göstərəcəkdir. Təbii İranı daha dərindən bilənlər bundan artıq da söyləyə bilərlər. Amma bütün hallarda deyilən problemlər həm də bir icraçı kimi yeni prezident Məsud Pezeçkianın da qarşısında durur və onların həlli bu dövlətin gələcəyi üçün çox vacibdir.
 
Və biz görürük ki, Pezeşkianın karyerası dinlə yox, sırf peşə ilə bağlıdır. O, həkim, müəllim, alimdir. Və hesab edirəm ki, bu amil onun fəlaiyyətində xüsusi rol oynayacaq. İnsanlar artıq indidən ona reformator, islahatçı kimi  baxırlar və ümid edirlər ki, Pezeşkian İranın ictimai-siyasi həyatında hansısa dəyişikliklərə nail olmağa çalışacaqdır. İndi, baxaq görək... Amma hiss olunur ki, Pezeşkian təcrübəli bir insandır və alim olduğuna görə zaman və şəraitə uyğun  hansısa dəyişikliklərə, islahatlara əl ata bilər. Azərbaycanlılara münasibət məsələsinə gəldikdə, İranda öncə dediyim kimi, yalnız azərbaycanlıların problemi yoxdur, bir sıra digər millətlərin də öz müqəddəratlarını bu və ya digər dərəcədə həll etmək istəkləri mövcuddur. İranın hazırkı durumu Sovet İttifaqını  son dövrlərini xatırladır. Əslində  Sovet dövlətini elə milli məsələlər məhv etdi. Bunu yəqin, İran rəhbərliyi də anlayır, odur ki, bu məsələni, o cümlədən soydaşlarımızla bağlı problemləri bu və ya digər şəkildə  həll etməlidir”,- deyə sabiq baş diplomat vurğulayıb.
 
Sultan Laçın
 
Chosen
124
50
moderator.az

10Sources