AZ

Mahmudəli Çöhrəqanlı: Xomeneinin rizası olmadan Pezeşkian prezident ola bilməzdi

“İndi əsas məsələ Pezeşkianın verdiyi vədlərə əməl edib-etməyəcəyidir”

“Ümid edirik, azərbaycanlılardan oğurlanan haqların heç olmasa 3-5-ini soydaşlarımıza geri verəcəklər”


  İranda keçirilən prezident seçkilərinin ikinci turunda islahatçı Məsud Pezeşkian mühafizəkar Səid Cəliliyə qalib gəlib. Seçki Qərargahının rəsmi nümayəndəsi Mohsen Eslami açıqlayıb ki, 30,53 milyon bülletenin nəticələrinə əsasən, doqquzuncu prezident olan Pezeşkian 16,384 milyon səs toplayıb. Rəqibi Səid Cəlili isə 13,538 milyon səs yığa bilib. Seçici fəallığı 49,8 faiz təşkil edib. Məsud Pezeşkian xalqa ilk müraciətində hələ yolun başında olduqlarını deyib: 

"Qarşıdakı çətin yol sizin yoldaşlığınız, mərhəmətiniz və inamınız olmadan gedilməyəcək. Sizə əlimi uzadıb, şərəfimə and içirəm ki, sizi tək qoymayacağam! Siz də məni tək qoymayın". Səid Cəlili deyib ki, xalqın seçdiyi hər kəs nüfuzludur və ona qarşı sayğı qorunmalıdır: "Hörmət etməkdən əlavə, biz seçilənə güclü inkişafa töhfə verməsi üçün bütün imkanlarımızla dəstək olmalıyıq". Azərbaycan Prezidenti İlham Əliyev də Pezeşkianı seçkidə qələbə qazanması münasibəti ilə təbrik edib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan dövləti İranla ortaq dini-mədəni köklər, dostluq və qardaşlıq kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət verir: "Bu gün qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin gələcək inkişaf istiqamətlərinə dair əldə edilmiş razılaşmalar, icra olunan birgə layihələr ölkələrimizin rifahına, bütövlükdə regionun davamlı inkişafına və təhlükəsizliyinə xidmət edir. Əminəm ki, birgə səylərimizlə xalqlarımızın və ölkələrimizin mənafeləri naminə Azərbaycan ilə İran arasında ənənəvi dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, qarşılıqlı maraq doğuran əməkdaşlığın genişlənməsinə nail olacağıq". 
  Rusiya Prezidenti Vladimir Putin də Məsud Pezeşkiana İran prezidenti seçilməsi münasibətilə təbrik teleqramı ünvanlayıb. Putin ümidvar olduğunu bildirib ki, Pezeşkianın fəaliyyəti regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi, Rusiya və İran xalqlarının mənafeyi naminə bütün sahələrdə konstruktiv ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcək. Pezeşkianın prezident seçilməsinə ABŞ-dən reaksiya gəlib. Dövlət Departamentindən bildirilib ki, İranda keçirilən prezident seçkilərinin nəticələri ABŞ-nin bu ölkə ilə bağlı siyasətinə təsir etməyəcək: “Seçkilər bizim İrana yanaşmamıza ciddi təsir etməyəcək”. Qeyd olunub ki, Vaşinqtonun Tehranla bağlı narahatlığı dəyişməyib: “Eyni zamanda Amerikanın maraqlarına xidmət edən diplomatiyaya sadiq qalırıq. Biz bu seçkilərin İranın inkişafı istiqamətində əsaslı dəyişikliklərə və ya öz vətəndaşlarının insan haqlarına daha çox hörmətlə yanaşılacağına gətirib çıxaracağını gözləmirik". 
  Məlumat üçün bildirək ki, Məsud Pezeşkian 1954-cü ildə Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Mahabad) bölgəsində azərbaycanlı ailəsində anadan olub. Soyadı fars dilindən tərcümədə “həkimlər” mənasını verən Pezeşkian Təbriz Universitetinin Tibb fakültəsindən məzun olub. 1994-cü ildə Təbriz Tibb Elmləri Universitetinin rektoru seçilib və bu vəzifədə 5 il fəaliyyət göstərib. Ginekoloq olan həyat yoldaşını və bir övladını 1993-cü ildə avtomobil qəzasında itirən Pezeşkian bundan sonra evlənməyib, 2 oğlu və 1 qızını tək böyüdüb. Onun siyasi fəaliyyəti isə 1997-ci ildə səhiyyə naziri köməkçisi olaraq Məhəmməd Hatəminin idarəetməsinə qatılması ilə başlayıb. Pezeşkian 4 il sonra səhiyyə naziri postuna yüksəlib. 5 dəfə Təbrizdən İran parlamentinə seçilən Pezeşkian 2016-2020-ci illərdə parlament sədrinin birinci müavini vəzifəsində çalışıb. O, həmçinin İran-Türkiyə Dostluq Dərnəyinin üzvüdür. Pezeşkian heç kimin türkün dilini, mədəniyyətini ələ salmağa haqqı olmadığını, İrandakı türklərin və digər etnik qrupların konstitusiyanın 15-ci maddəsinə əsasən, öz dillərində yaza, danışa bilməsinin vacib olduğunu bildirib. Eyni zamanda Ermənistan Baş naziri Nikol Paşinyanın Tehrana səfəri zamanı “Qarabağ Ermənistandır” sözləri yazılmış plakatın qaldırılmasına etiraz edən millət vəkillərindən olub. “Traktor” azarkeşi kimi tanınır.

Hazırda ABŞ-də mühacir həyatı yaşayan soydaşımız, Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) lideri, professor Mahmudəli Çöhrəqanlı "Sherg.az"a deyib ki, İranda mütləq hakimiyyət, qərarvermə və əmr sahibi olan yeganə şəxs dini rəhbər Xomeneidir. Professorun sözlərinə görə, Xomeneinin rizası olmadan prezident tərəfindən heç bir iş icra oluna bilməz:

 "İranda cümhur başqanı deyilən şəxs sadəcə bir icraçıdır. O, birbaşa İranın dini liderinin əmrlərini icra edir, onun göstərişlərini həyata keçirir. Məsud Pezeşkian əvvəlcədən namizəd kimi seçilmişdi. İrandakı ağır durum, iqtisadi-sosial çətinliklər dözülməz hal alıb. Məhz ona görə seçkinin ilk turunda sadəcə 39-40 faiz adam iştirak etdi. Bu o deməkdir ki, 61 faiz seçici səsverməyə getmədi. Tehran özü də anlayır ki, qurduqları rejim laxlayır. O səbəbdən görüntü xatirinə bəzi "güzəştlərə" getməyə, "imtiyazlar" verməyə vadar oldu. Güney Azərbaycan oyanır. Təbrizin futbol komandası "Traktor"un oyunlarında 70 minə yaxın soydaşımız "Nə mutlu türkəm", "Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun", "Azərbaycan var olsun, istəməyən kor olsun" kimi milli şüarların, sloqanların şahidi olarıq. Milli şüarlar da rejimi ciddi narahat etməkdədir. Pezeşkianın səlahiyyətləri neçə ay əvvəl Məclis seçkilərində ləğv olunmuşdu. Özü etiraf etdi ki, məhz Xomeneinin təlimatı ilə ona səlahiyyətləri yenidən verildi. Nəticədə Təbrizdən millət vəkili çıxdı. Bəluclar Pakistanla sərhəddə İrandakı rejimlə mübarizə aparırlar. Kürdlər digər tərəfdən ayaqlanırlar. Azərbaycanlılar da rejimə qarşı silahsız mübarizəyə ciddi dəstək verirlər". 
  M.Çöhranqanlıya görə, fars-molla rejimi müxaliflərin, azadlıq carçılarının mübarizəsini zəiflətmək, ən azından yumşaltmaq üçün Pezeşkiana bir qədər meydan verir: "Amma Pezeşkian bir tərəfdən "mən türkəm, atam-anam türkdür" deyir, digər yandan kürdlərin bölgəsinə səfər edərək "Biji Kürdistan" ("Yaşa Kürdistan" -red) söyləyir, kürdcə musiqilər səsləndirir. Ona görə də Pezeşkian həm türklər, həm kürdlər, həm də bəluclar tərəfindən qəbul olunan fiqur kimi dəyərləndirilir. Elə Pezeşkiana o səbəbdən "yaşıl işıq" yandırıldı ki, seçki baş tutsun, fəallıq yüksək olsun. Fəallıq ümid edildiyi kimi yüksək olmasa da, Pezeşkian ikinci turda rəqibi Səid Cəlilidən daha çox səslə qalib oldu. İndi əsas məsələ Pezeşkianın verdiyi vədlərə əməl edib-etməyəcəyidir. Azərbaycanlılardan oğurlanan haqların sayı yüzlərlədir. Ümid edirik, heç olmasa, o haqlardan 3-5-ini görüntü naminə olsa da, soydaşlarımıza geri verəcəklər. Ola bilər, Təbrizdə hansısa zavod-fabrik, şirkət açarlar, 300-500 nəfəri işlə təmin edərlər. Yaxud şəhər və qəsəbə yollarını abadlaşdırarlar. Qəsb etdikləri hüquqlarımızın çox cüzi hissəsini bərqərar edərlər. Amma İran rejimi mövcudluğunu qoruduğu müddətcə belə məsələlər göz boyamaqdan, siyasi gedişlərdən başqa bir şey deyil. Biz rejimə heç vaxt inanmamışıq və inanmayacağıq. Silahsız mübarizəmiz, təşkilatlanmağımız davam edir. Milli oyanışımız sürür. Mücadiləmiz fars-molla rejimi düşənədək davam edəcək. İnşallah, gələcəkdə Güney Azərbaycan öz hürriyyətinə qovuşacaq".


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
50
sherg.az

10Mənbələr