EN

Azərbaycan və Çin liderlərinin görüşü ikitərəfli münasibətlərə yeni məzmun gətirəcək

Xarici siyasətin düzgün müəyyənləşdirilməsi və icrası dünyanın mürəkkəb, həssas bölgəsində-coğrafi baxımdan Qərb və Şərqin kəsişməsində, sivilizasiyaların qovuşma məkanında, strateji yanaşmalarda isə geosiyasi və geoiqtisadi maraqların kəsişmə nöqtəsində yerləşən Azərbaycan üçün həm ötən dövrlərdə, həm də indi müstəsna əhəmiyyətə malikdir. Belə ki, ölkəmiz öz milli maraqlarını, regionda aparıcı dövlət statusunu qorumaqla yanaşı, Qərb, islam ölkələri, türk dünyası və Müstəqil Dövlətlər Birliyinin siyasi iqtisadi-mədəni məkanları ilə qarşılıqlı faydalı münasibətlər qurur, beynəlxalq əməkdaşlığı və bərabərhüquqlu tərəfdaşlıq əlaqələrini genişləndirir. Bu gün Azərbaycan Respublikasının siyasi və iqtisadi potensialı artmış, regionda söz sahibi olan dövlətə çevrilmiş, beynəlxalq "siyasət səhnəsi"ndə nüfuzu və mövqeyi daha da möhkəmlənmişdir. Sözügedən uğurlar məhz dövlət başçısı İlham Əliyevin uğurla həyata keçirdiyi siyasi kursun məntiqi nəticələridir. Bu siyasətin təməli sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı faydalı əməkdaşlıq kimi əsas prinsiplərdən, vəzifələri isə Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəsinə siyasi təminat verilməsindən və beynəlxalq təhlükəsizlik sistemi ilə əlaqələndirilməsindən, dünya birliyində mövqeyinin möhkəmləndirilməsindən, bərabərhüquqlu və ölkəmizin milli mənafelərinə cavab verən iqtisadi, siyasi, mədəni əlaqələrin qurulmasından, bir sözlə, Azərbaycan xalqının milli maraqlarına uyğun olan ardıcıl və açıq xarici siyasət yürüdülməsindən ibarətdir. Sirr deyil ki, hazırda Azərbaycanın xarici siyasəti yalnız Qərblə deyil, Asiya regionu ilə də münasibətlərin uğurlu inkişafı, Çin, Rusiya, Pakistan, Mərkəzi Asiya ölkələri ilə əlaqələrin möhkəmləndirilməsinə yönəlib. Düzdür, bir müddət öncə bəzi Qərb dairələri, xüsusilə Fransa Azərbaycanın qlobal proseslərdən təcrid edilməsi istiqamətində iş aparmağa çalışa da bütün cəhdlər iflasa uğradı. Bu gün Azərbaycan  Avropa, ABŞ  ilə  yanaşı, həm də Çin, Rusiya, Mərkəzi Asiya ölkələri ilə əlaqələrini inkişaf etdirir və möhkəmləndirir.
Xüsusən Çin ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycanla Çin arasında diplomatik münasibətlərin qurulduğu 1992-ci il aprelin 2-dən etibarən iki ölkə arasında əməkdaşlıq inkişaf edir və hazırda artıq strateji səviyyəyə yüksəlib. Prezident İlham Əliyev ilə Çin lideri Si Cinpin arasında qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli dostluq münasibətləri yaranıb. Çin lideri Prezident İlham Əliyevi son prezident seçkilərində qələbə münasibətilə ilk təbrik edən dövlət başçılarından biri olub. 
İki ölkə lideri arasında indiyədək keçirilmiş səfərlər və görüşlər mühüm əhəmiyyət kəsb edir. 2019-cu ilin aprelində Si Cinpinin dəvəti ilə Prezident İlham Əliyev İkinci "Kəmər və Yol Forumu"nda iştirak edib. 15 sentyabr 2022-ci ildə Səmərqənd şəhərində ŞƏT Sammiti çərçivəsində iki ölkənin dövlət başçıları arasında görüş keçirilib. Astanada keçirilən ŞƏT-in növbəti zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə görüşünün ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi və əməkdaşlığın yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyəti var. Xüsusən, görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair qəbul edilmiş birgə Bəyannamə Azərbaycan-Çin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir. 
Etiraf edilməlidir ki,  "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"də yer alan "Çin tərəfi Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və konfrontasiyanın saxlanmasına yönəlmiş geosiyasi intriqaları qeyri-səmərəli hesab edir" cümləsinin siyasi anlamı olduqca yüksəkdir. Sənəddə həmçinin qeyd olunur ki, tərəflərin strateji tərəfdaşlığı qarşılıqlı hörmət, bərabərlik, etimad və qarşılıqlı dəstəyə əsaslanır, Azərbaycanla Çin  xarici amillərdən asılı olmayaraq bir-birini etibarlı tərəfdaş hesab edir. Münasibətlər ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət, daxili işlərə qarışmama prinsiplərinə əsaslanır.  Azərbaycan "Vahid Çin" prinsipini qətiyyətlə dəstəkləyir və Tayvanı  Çinin ayrılmaz hissəsi kimi qəbul edir: "Tərəflər arasında strateji tərəfdaşlıq qarşılıqlı hörmət, bərabərlik, etimad və qarşılıqlı dəstəyə əsaslanır, Azərbaycanla Çin xarici amillərdən asılı olmayaraq bir-birini etibarlı tərəfdaş hesab edir.Tərəflər ticarət-iqtisadi əməkdaşlığının inkişafı üçün nəqliyyat və kommunikasiya, yaşıl enerji, emal və istehsal, infrastruktur, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı və s. sahələrdə layihələrə diqqət yetirir. Azərbaycanla Çin "Bir kəmər, bir yol" çərçivəsində əməkdaşlığı dərinləşdirməyi vacib hesab edir. Çin COP29-un Azərbaycanda keçirilməsini alqışlayır və Azərbaycanın Konfransda sədrliyini dəstəkləyir". 
Qətiyyətlə qeyd edilməlidir ki, Birgə Bəyannamə, həmçinin iqtisadi sahədə digər sənədlərin imzalanması Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun və çəkisinin daha da yüksəldiyini nümayiş etdirir. Bu, Prezident İlham Əliyevin yürütdüyü siyasətə, onun şəxsiyyətinə olan hörmət və etibarın təzahürüdür. Azərbaycan daim "Vahid Çin" prinsipini və Çinin Sincan-Uyğur Muxtar Rayonu, Tayvan və Honkonq ilə bağlı mövqeyini birmənalı olaraq dəstəkləyir. Azərbaycan Tayvanda keçirilmiş qondarma seçkiləri pisləyən və onları tanımadığını ilk bəyan edən ölkələrdən biri olub. Azərbaycan Çinin irəli sürdüyü "Kəmər və Yol təşəbbüsünü" ilk dəstəkləyən ölkələrdən biridir və Çinlə nəqliyyat-logistikaya dair qlobal təşəbbüslər müstəvisində sıx əməkdaşlıq qurub. Ölkəmiz bu istiqamətdə ciddi praktiki layihələr həyata keçirib və "Kəmər və Yol" layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırıb.
Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi - Orta Dəhliz Çindən Avropaya və geriyə yüklərin çatdırılması üçün ən səmərəli və təhlükəsiz marşrutdur. 2023-cü ilin 9 ayı ərzində Orta Dəhliz üzərindən yükdaşımaların həcmi 88% artaraq 2 milyon tona çatıb. 2022-ci ildə Azərbaycan üzərindən tranzit axını təxminən 75% artıb. Zəngəzur dəhlizinin açılmasından sonra bu tranzit həcminin ildə 5-8 milyon ton artması gözlənilir. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Çindən Türkiyəyə yük daşımalarının müddəti 1 aydan 12 günə qədər azalıb. Çindən göndərilən bu yüklərin Türkiyə vasitəsilə Qərbi Avropa ölkələrinə çatdırılması isə ümumilikdə cəmi 18 günə baş verir. Çin ilə enerji keçidi, bərpa olunan enerji sahəsində də əməkdaşlıq uğurla inkişaf etdirilir. Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə görüşünün nəticəsi olaraq, ölkələrimiz arasında əməkdaşlıq bütün sahələrdə daha da dərinləşəcək, qarşılıqlı təmaslar və dialoq daha da intensivləşəcək, ikitərəfli münasibətlər yeni məzmun və keyfiyyət qazanacaq.

Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
100
5
olaylar.az

10Sources