EN

İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb - YENİLƏNİB - 3 VİDEO

İsmayıllı, 27 iyun, AZƏRTAC

İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bir neçə saat öncə ərazidə nəqliyyatın hərəkəti bərpa olunsa da, İsmayıllı-Lahıc avtomobil yolunun dağlıq ərazidən keçən digər hissəsinə də iri qaya parçaları tökülüb və yol yenidən bağlanıb.

Lahıc qəsəbəsi də daxil olmaqla, İsmayıllının bir neçə kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvə və texnikası tərəfindən qaya parçalarının yolun hərəkət hissəsindən təmizlənməsi işləri davam etdirilir.

16:47

Ötən gün axşam saatlarından başlayaraq İsmayıllı rayonuna yağan leysan xarakterli yağış nəticəsində yaranan sel suları İsmayıllı-Lahıc avtomobil yolunun bir neçə ərazisində hərəkət hissəsinə özü ilə bərabər lil və qaya parçaları gətirərək, avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində problemlər yaradıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, dərhal əraziyə agentlik tərəfindən canlı qüvvə və texnika cəlb edilərək təhlükəsizlik tədbirləri görülüb, yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyinin təmin olunması üçün işlər aparılaraq hərəkət bərpa olunub.

Hazırda lil və qaya parçalarının yolun hərəkət hissəsindən təmizlənməsi işləri davam etdirilir.

15:25

Güclü yağışdan sonra bağlanan İsmayıllı-Lahıc avtomobil yolu açılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolun dağlıq ərazisindən keçən hissəsində dağlardan gələn iri qaya parçaları və daşlar, həmçinin lil qatı yolun hərəkət hissəsindən təmizlənib. Avtomobillərin hərəkəti qismən bərpa olunub. Yolun tam açılması istiqamətində işlər davam etdirilir.

 12:01

Bölgəyə fasilələrlə yağan güclü yağışdan sonra İsmayıllı-Lahıc avtomobil yolunda uçqun baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolun dağlıq ərazisindən keçən hissəsində dağlardan gələn iri qaya parçaları və daşlar, həmçinin lil qatı yolun hərəkət hissəsinə tökülüb, nəticədə avtomobillərin hər iki istiqamətdə hərəkəti tam məhdudlaşıb, bəzi avtomobillər yolda qalıb.

Nəticədə Lahıc qəsəbəsi də daxil olmaqla, bir neçə kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Sözügedən əraziyə texnika və canlı qüvvə cəlb edilib, yolun təmizlənməsi üçün işlər görülür.

Chosen
137
48
azertag.az

10Sources