Bu ilin yayında “Səbail”dən ayrılan müdafiəçi Vüqar Həsənov bundan sonra “Qəbələ”nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 2024/2025-ci illər mövsümünün transfer çalışmalarına start verən “Qəbələ” heyətinə yeni futbolçu qatıb. Vüqar Həsənovu heyətinə qatan “qırmızı-qaralar” 26 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalandığını açıqlayıb.
Xatırladaq ki, Vüqar Həsənov son iki mövsümdə “Səbail”in formasını geyinib. O, bunadək “Şamaxı-2” (2017-18), “Neftçi-2” (2020), “Kəpəz” (2021-22) komandalarında çıxış edib. Müdafiəçi Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin də şərəfini qoruyub.
Sonda onu da qeyd edək ki, Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünü sonuncu pillədə başa vurmuş “Qəbələ” gələn mövsüm Birinci Liqada mübarizə aparacaq.