EN

Rusiyanın Ukraynaya qarşı müharibəsinin müddəti nədən asılıdır? - Stoltenberq açıqladı

 
"Sülhə aparan yol Ukraynaya daha çox silah verilməsidir, bizim dəstəyimiz nə qədər etibarlı olarsa, müharibə bir o qədər tez başa çatacaq..."
 
NATO baş katibi diqqəti tərəfdaş ölkələr və müttəfiqlər tərəfindən Ukraynaya dayanıqlı dəstəyin vacibliyinə yönəldib. O, əmindir ki, Qərbin müdafiə dəstəyinin etibarlılığından o cümlədən Rusiyanın öz hərbi təcavüzünü nə qədər davam etdirəcəyi asılıdır.
 
Moderator.az xəbər verir ki, bu barədə "RBK-Ukraina" nəşri NATO-nun mətbuat xidmətinə istinadən məlumat verib.
 
ABŞ-a səfəri zamanı Vaşinqtondakı "Wilson Center" auditoriyası qarşısında çıxışında Alyansın baş katibi jurnalistlərin o cümlədən Amerikanın Ukraynaya yardımı və NATO-nun növbəti ayda baş tutacaq sammiti barədə suallarını cavablandırıb.
 
Bu tədbirdə ən aktual mövzulardan biri məhz Ukrayna olacaq, Stoltenberq qeyd edib.
 
"Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsindən sonra NATO üzrə müttəfiqlər ona misli görünməmiş dəstək göstərib. Bu, ukraynalılara müqavimət göstərmək və suveren millət kimi sağ qalmaq üçün zəruri olub. Lakin qışda və yazda biz yardımın ciddi lənğiməsini və dəstək göstərilməsində boşluqları müşahidə etdik, bunun da ön cəbhədə nəticələri olub", - o, deyib.
 
Stoltenberq vurğulayıb ki, bunun təkrarlanmasına yol vermək olmaz.
 
"Məhz buna görə də mən sammitdə Alyans liderlərinin NATO-nun Ukrayna üçün təhlükəsizlik və təlim məsələləri üzrə yardım göstərilməsi və koordinasiya edilməsinə rəhbərlik edəcəyi ilə razılaşacağını gözləyirəm", - baş katib bəyan edib.
 
O, əlavə edib ki, məhz bu məqsədlə o, "hər il yeni maliyyələşdirmə" olmaqla uzunmüddətli fondun yaradılmasını təkıif edib.
 
"Bizim uzunmüddətli dəstəyimiz nə qədər etibarlı olarsa, Moskva bizi gözləyə bilməyəcəyini daha tez anlayacaq, müharibə isə  daha tez başa çatacaq. Bu, paradoks kimi görünə bilər, amma sülhə aparan yol Ukraynaya daha çox silah verilməsidir", - Stoltenberq vurğulayıb.
 
Bundan başqa, o, aprel ayında ABŞ Konqresi tərəfindən Ukraynaya 60 milyard dollar yardım paketinin qəbul edilməsini alqışlayıb.
 
"Bu, vacibdir və NATO-nun digər üzvlərinin səylərini tamamlayır", - baş katib deyib.
 
NATO-nun Ukraynaya dəstəyinin genişləndirilməsi planı
 
Xatırladaq ki, iyunun 14-də NATO ölkələri müdafiə nazirləri "Ukraynaya dəstəyin genişləndirilməsinin operativ planı"nı qəbul edib. Bu plan Şimali Atlantika İttifaqının silah tədarükü və ukraynalı hərbçilərin təlimində böyük rol oynamalıdır.
 
Baş katibin sözlərinə görə, bu, blok liderlərinə Vaşinqtonda iyul ayında keçiriləcək sammitdə bu işə başlamağa, Ukraynaya dəstəyin qarşıdakı illər üçün möhkəm əsaslar üzərinə qoyulmasına imkan verəcək.
 
Qeyd edək ki, hazırda Ukraynaya göstərilən yardıma nəzarəti ABŞ həyata keçirir. Lakin Birləşmiş Ştatlarda qarşıdakı prezident seçkiləri ucbatından bu funksiyaların NATO-ya veriləcəyi qərara alınıb.
 
Əlavə edək ki, iyunun 7-də ABŞ prezidenti Co Bayden Ukraya prezidenti Vladimir Zelenskidən Ukraynaya hərbi yardımın göstərilməsində aylarla davam edən ləngimələrə görə üzrxahlıq edib.
Chosen
172
26
moderator.az

10Sources