AZ

“Amerika Koreyanın məsuliyyətsiz addımları nəticəsində baş verə biləcək gərginlikdə artıq Rusiyanın da olacağını nəzərə alacaq” - Politoloq

Rusiya Prezidenti Vladimir Putinin Pxenyana səfəri çərçivəsində Rusiya ilə KXDR arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalanıb. Sazişin 4-cü maddəsində tərəflərdən birinə qarşı təcavüz halında hərbi yardımın göstərilməsi nəzərdə tutulur.

İki nüvə dövlətinin hərbi-texniki əməkdaşlığı inkişaf etdirməsi hansı təhlükələrə gətirib çıxarda bilər? Tərəflərdən birinə qarşı təcavüz olacağı halda qarşılıqlı yardımın göstərilməsi mesajı kimə ünvanlana bilər?

Politoloq Turan Rzayev Herbiand.az-a bildirib ki, prinsip etibarilə, Rusiyanın Koreya Xalq Demokratik Respublikası ilə belə bir müqavilə imzalaması və qarşılıqlı yardım, həmçinin hücum olarsa ona dəstək verilməsi kimi maddələrin əks olunmasından iki məqam çıxır:

“Bu müqavilə bir müddət öncə Cənubi Koreyanın Ukraynaya silah yardım etməsi və digər yardımlara, həmçinin sanksiyalara qoşulmasına verilən cavabdır. Yəni, əgər sən bizim münaqişəyə qoşularsansa biz də səni narahat edəcək məsələlərə qoşula bilərik. Onsuz da Rusiyanın Şimali Koreya ilə münasibətləri yaxşıdır. Bu gün artıq rəsmi şəkildə deyə bilərik ki, Rusiya ilə Şimali Koreya arasında qarşılıqlı müdafiə paktı var. Bu müdafiə paktı heç şübhəsiz ki, Cənubi Koreyanın öz ərazi bütövlüyü kimi gördüyü Şimali Koreyaya ehtimal olunan müdaxiləsi, yaxud gələcəkdə gərginliyin baş verməsi fonunda effektiv ola bilər”.

T.Rzayevin sözlərinə görə, iki nüvə ölkəsi arasında belə müqavilənin imzalanması - baxmayaraq ki, Şimali Koreyanın rəsmi nüvə silahına malik olduğu bilinmir - əslində beynəlxalq münasibətlər sistemində yeni bir dövrün başladığını, artıq nüvə dövlətlərinin bir-birilə müqavilə imzaladığını, yeni ittifaqların yarandığının, daha dəqiq desək Şərq və Qərb arasındakı parçalanmanın daha da genişləndiyini deyə bilərik:

“Şübhəsiz ki, Rusiyanın nüvə potensialı Avropa və Amerikanı qorxudur. Şimali Koreya kimi daha aqressiv və beynəlxalq hüquqla hərəkət etməyən bir ölkənin də Rusiya ilə birlikdə olması artıq daha ciddi problem yaradacaq. Söhbət ondan gedir ki, Amerika Koreyanın məsuliyyətsiz addımları nəticəsində baş verə biləcək gərginlik və ya müharibədə artıq Rusiyanın da olacağını nəzərə alacaq. Bununla həm Koreyaya, həm də Rusiyaya qarşı daha ehtiyatlı davranmalı olacaq. Rusiya bununla qumbaranın ağzındakı dəmiri çəkib – burda Şimali Koreyanı nəzərdə tuturam - və əlində tutub. Kim Rusiyaya zərər versə qumbaranı partladacaq və beləliklə ətrafındakı hər kəsə özü ilə birlikdə zərər vuracaq. Bu gün Rusiyanın atdığı addım bundan ibarətdir”.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
26
herbiand.az

10Mənbələr