EN

Həcc ziyarətində istidən öldülər

Həcc ziyarətini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanına gedən azı 14 İordaniya vətəndaşı istidən ölüb.

İordaniya Xarici İşlər Nazirliyi 17 nəfərin itkin düşdüyünü açıqlayıb.

"Cebhe.info" xəbər verir ki, nazirliyin yaydığı məlumatda mərhumların cənazələrinin ailələrinin istəyinə uyğun olaraq dəfn edilməsi və ya təhvil verilməsi prosedurları ilə bağlı Səudiyyə rəsmiləri ilə koordinasiyanın davam etdiyi bildirilib.

Açıqlamada itkin düşənlərin tapılması üçün axtarışların davam etdiyi də deyilir.

Fransanın "AFP" xəbər agentliyi İran Qızıl Aypara Cəmiyyətinin 5 iranlı zəvvarının həyatını itirdiyini açıqlayıb. Zəvvar namizədlərinin ölüm səbəbi açıqlanmayıb.

Səudiyyə Ərəbistanı rəsmiləri bu il 1 milyon 800 mindən çox insanın çərşənbə günü başa çatacaq Həcc ziyarətini yerinə yetirmək üçün ölkədə olduğunu açıqlamışdı.

Son illər Həcc ziyarəti zamanı çadırlarda basabas və yanğınlar nəticəsində insanlar həyatını itirib.

Bu il zəvvarlar üçün ən böyük təhlükə Səudiyyə Ərəbistanının Məkkə və Mədinə şəhərlərində havanın temperaturunun mövsüm normalarından 1,5-2 dərəcə yüksək olmasıdır.

Bu gün Məkkədə havanın temperaturunun 47 dərəcəyə qədər yüksələcəyi gözlənilir.

Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi hava istiliyinin artacağı ilə bağlı xəbərdarlıq edib və zəvvarlara günün ən isti saatları olan 11:00-15:00 arasında çöldə olmamağı tövsiyə edib.

2015-ci ildə Həcc ziyarəti zamanı yaranan izdiham nəticəsində 2 mindən çox insan həlak olub. Ötən il Həcc ziyarəti zamanı ən azı 240 nəfər müxtəlif səbəblərdən həyatını itirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
72
50
cebheinfo.az

10Sources