Bakı, 12 iyun, AZƏRTAC
İntensiv yağan yağışlar nəticəsində Yevlax və Mingəçevir şəhərlərində bəzi ərazilərin subasmaya məruz qalması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumatlar daxil olub.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bununla əlaqədar FHN-in Aran və Gəncə Regional mərkəzləri, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün ərazilərə cəlb olunub.
Hazırda FHN-nin qüvvələri su basmış ərazilərdə suçəkmə və digər təxirəsalınmaz tədbirlər, o cümlədən köməksiz vəziyyətdə qalan vətəndaşların təxliyə işlərini həyata keçirirlər.