EN

Milli də baş məşqçi fiyaskosu: Fernandu Santuşun enerjisi qalmayıb -AÇIQLAMA

AFFA İcraiyyə Komitəsinin onlayn formatda növbəti iclası keçirilib. 3 iyun 2024-cü ildə keçirilmiş AFFA İcraiyyə Komitəsinin toplantısında müzakirə edilmiş baş məşqçi məsələsinin davamı olaraq futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi postuna tanınmış portuqaliyalı mütəxəssis Fernandu Santuşun namizədliyi irəli sürülüb. Müzakirələr zamanı güclü, rəqabətədavamlı və uğurlu oyun nümayiş etdirən milli komandanın formalaşdırılmasının, eyni zamanda ölkəmizdə uşaq futbolunun inkişafının zəruriliyi qeyd olunub. Bu xüsusda Fernandu Santuşun dünyanın tanınmış futbol mütəxəssislərindən biri kimi zəngin təcrübəsi, peşəkar fəaliyyəti dövründə qazandığı uğurlar, o cümlədən Portuqaliya yığması ilə Avropa çempionluğu nəzərə alınaraq Azərbaycan milli komandasının baş məşqçisi təyin olunması barədə qərar qəbul edilib. Qeyd edək ki, prosesin qısa müddətli deyil, müəyyən dövrü əhatə edəcəyi nəzərə alınaraq portuqaliyalı mütəxəssisin qarşısında rəqabətədavamlı komandanın formalaşdırılması və AVRO 2028-in seçmə mərhələsində uğurlu çıxış məqsədi qoyulub. Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuşun Bakıya gələcəyi tarix də bəlli olub. Portuqaliyalı mütəxəssis bu gün gecə saatlarında ölkəmizdə olacaq. Sabah tanınmış çalışdırıcının təqdimat mərasimi və mətbuat konfransı keçiriləcək. F.Santuşla müqavilənin detalları da məhz həmin tədbirdə açıqlanacaq.

Yeni namizədi dəyərləndirən idman jurnalisti Ağa Dadaşzadə "Sherg.az"a bildirib ki, Fernandu Santuşun gəlişi əvvəlki xarici məşqçilər kimi, fiyaskodur: 

''70 yaşlı Fernandu Santuşa AVRO 2028-in seçmə mərhələsində uğur hədəfi qoyulub. Lakin onun növbəti il işləyə bilib-bilməyəcəyi isə sual altındadır. AFFA-da Santuşun dəvətini kim irəli sürübsə, həmin şəxs mütləq qurumu tərk etməlidir. Yəni, birbaşa günahkar o adamdır və seçimindən futbol biliyinin hansı səviyyədə olduğu bəllidir. Heç bir irəliləyiş mümkün deyil. Santuşun gəlişinin Azərbaycan futboluna mənfi təsirləri olacaq. Çünki onun enerjisi qalmayıb. Ona görə də müasir futbola bir töhvəsi olmayacaq. Doğrudur, o, 2016-cı ildə Portuqaliya millisi ilə Avropa çempionu olub. Lakin heyyətdə güclü futbolçuların olduğu da danılmaz faktdır. Unutmamalıyıq ki, həmin vaxtdan bugünə 8 il fərq var. Əslində,  milli komandamıza azərbaycanlı məşqçi lazımdır. Lakin Fernandu Santuş Azərbaycan dilini və futbolçuların psixologiyasını bilmir. Bunu öyrənməyə isə 4 il vaxt lazımdır. Azərbaycanın hazırki futbolçularının potensialı AVRO 2028-ə çıxmaq üçün zəif səviyyədədir. Santuş Bakıya gələrək yüksək maaşla yeyib-içib lüks həyat yaşayacaq. Bir sözlə, bərbad seçimdir. AFFA-da kim Santuşun gəlişini təşkil edibsə, gələcək nəticədən birbaşa o, təqsirlidir".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
108
19
sherg.az

10Sources