EN

ABŞ vətəndaşı: Azərbaycan dili, mədəniyyəti və tarixi çox zəngindir

Tbilisi, 10 iyun, AZƏRTAC

“Azərbaycan dili, mədəniyyəti və tarixi çox zəngindir. Mən Gürcüstana işləməyə gələndə heç təsəvvürümə belə gətirməzdim ki, Azərbaycan dilini öyrənmək mənim üçün vacib olacaq. Bu gün Tbilisidəki “Alyans” Gənclər Mərkəzində (GM) bu dili öyrənirəm”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində iş üçün Gürcüstana gəlmiş ABŞ vətəndaşı Marvin Staynfurt deyib.

M.Staynfurt Gürcüstanın Kvemo Kartli bölgəsində işləyir və ən çox görüşdüyü, ünsiyyət qurduğu insanlar azərbaycanlılardır. Azərbaycan dilini öyrənmək də bu baxımından onun özü üçün zərurətə çevrilib. O deyib: “Gürcüstanın Kvemo Kartli bölgəsində çalışıram. Oranın insanları ilə tanış oldum. Azərbaycanlılar çox mülayim, qonaqpərvərdirlər. İşlədikcə anladım ki, mən Azərbaycan dilini öyrənməliyəm”.

Onun üçün Azərbaycan dilini öyrənmək əvvəllər çox çətin olub. Tbilisidəki “Alyans” Gənclər Mərkəzində pulsuz kursların olduğunu öyrənəndən sonra onun bu problemi həllini tapıb. “İndi çox şadam ki, Azərbaycan dilini öyrənirəm. Artıq Azərbaycan dilinə özümü təqdim edə, insanlarla ünsiyyət qurmağı bacarıram”, - deyə M.Staynfurt vurğulayıb.

O, eyni zamanda Azərbaycan dili ilə yanaşı, mədəniyyəti və tarixi ilə də maraqlanır. “Alyans” GM ilə bağlı fikirlərini bölüşən amerikalı ekspert deyir: “Burada pulsuz rəsm, xalçaçılıq kursları var, ingilis, gürcü və Azərbaycan dillərini öyrədirlər. Azərbaycan dövlətinə buna görə minnətdaram. Ona görə ki, yaradılmış bu imkandan təkcə yerli azərbaycanlılar və gürcülər deyil, Amerika və Avropa ölkələrindən gələnlər də istifadə edə bilirlər. Bu çox gözəl və təqdirəlayiqdir”.

“Alyans” GM-də Azərbaycan dilini öyrənən insanlardan biri də gürcü qızı Tamilla Jafarovidir. Atası azərbaycanlı, anası gürcü olan T.Jafarovi Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Almaniyada magistr təhsili alıb. Gürcü, ingilis və rus dillərini bilir. Uşaqlıqdan Azərbaycan dilini öyrənməyə həvəsi olub.

T.Jafarovi deyib: “Evdə heç vaxt Azərbaycan dilində danışmamışıq. İndi fikirləşirəm ki, Azərbaycan dilini öyrənmək mənim üçün çox vacibdir. Azərbaycan dili çox zəngin dildir. Burada mən təkcə Azərbaycan dilini deyil, mədəniyyətini, incəsənətini və tarixini də öyrənirəm.

Mərkəzdə ingilis dilini öyrənən daha bir tələbə azərbaycanlı Səda Ağacanovadır”.

O deyir ki, Tbilisidə bir çox yerdə ingilis dili kursları var. Lakin həmin kurslar hamı üçün əlçatan deyil. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Tbilisidə yaradılan “Alyans” GM-i mənim kimi ingilis dilini öyrənmək istəyən onlarla tələbəni pulsuz öyrədir. Bölgələrdən gələn azərbaycanlı tələbələr üçün bu çox vacibdir, onlar burada pulsuz təhsil ala bilirlər. Mən şəxsən öz adımdan və ailəmiz adından Azərbaycan dövlətinə buna görə minnətdarlığımı bildirirəm.

“Bu gün “Alyans” GM-də ingilis dili kurslarını bitirən azərbaycanlı və gürcü gənclər istədikləri xarici firma və şirkətdə iş tapa bilir və ali məktəblərdə rahat təhsil ala bilirlər”, – deyə S.Ağacanova vurğulayıb.

“Alyans” GM-də Azərbaycan dilini öyrənən Amerika vətəndaşları Cavinne Reece, Elise Cekson, Austin Peck və Sem Fergüson da burada onlar üçün yaradılan şəraitdən, təhsilin səviyyəsindən çox razıdırlar.

Qeyd edək ki, “Alyans” GM-i Tbilisidə Diasporla İş üzrə Dövlət Komitəsinin layihəsi əsasında 2021-ci ildə açılıb.

Mərkəzin icraçı direktoru Rəna Hüseynova AZƏRTAC-a bildirib ki, məqsəd Gürcüstanda yaşayan gənclərimizin asudə

vaxtlarının səmərəli təşkil etmək, onların təhsilə marağını artırmaqdır. Mərkəz fəaliyyətə başladıqdan sonra 2 minə yaxın soydaşımız burada onlar üçün yaradılan imkanlardan faydalanıblar. Onların da böyük əksəriyyəti Gürcüstan universitetlərində “1+4” proqramı üzrə təhsil alan tələbələrimizdir.

Onun sözlərinə görə, mərkəzdə rəsm, xalçaçılıq kursları da fəaliyyət göstərir. Bu kurslarda uşaqlar və böyüklər rəssamlığın, xalçaçılığın sirlərini öyrənirlər. Onların bəzilərinin əl işləri artıq bir neçə dəfə sərgilərdə nümayiş etdirilib. Rəssam və xalçaçıların ən işlərinin sırasında ən çox “Xarı bülbül”, “Dəmir yumruq”, Azərbaycanın və Gürcüstanın dövlət bayraqları, atributlar, Qarabağ atları, Qarabağ və Borçalı xalçaları kimi əsərlərə rast gəlinir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
83
2
azertag.az

4Sources