AZ

RegionABŞ vətəndaşı: Təsəvvür etməzdim ki, Azərbaycan dilini öyrənmək mənim üçün belə vacib olacaq

Azərbaycan dili, mədəniyyəti və tarixi çox zəngindir. Gürcüstana işləməyə gələndə heç təsəvvürümə belə gətirməzdim ki, Azərbaycan dilini öyrənmək mənim üçün vacib olacaq. Bu gün Tbilisidəki “Alyans” Gənclər Mərkəzində bu dili ödənişsiz öyrənirəm".

Bunu "Report"un Gürcüstan bürosuna müsahibəsində iş üçün Gürcüstana gəlmiş ABŞ vətəndaşı Marvin Staynfurt deyib.

O, Gürcüstanın Azərbaycanla sərhəddə olan Kvemo Kartli bölgəsində işləyir və ən çox görüşdüyü, ünsiyyət qurduğu insanlar azərbaycanlılardır. Azərbaycan dilini öyrənmək də bu baxımdan onun üçün zərurətə çevrilib.

“Gürcüstanın Kvemo Kartli bölgəsində çalışıram. Oranın insanları ilə tanış oldum. Azərbaycanlılar çox mülayim, qonaqpərvər insanlardırlar. İşlədikcə anladım ki, mən Azərbaycan dilini öyrənməliyəm. Azərbaycan dilini öyrənmək əvvəllər mənim üçün çox çətin idi. Lakin Tbilisidə pulsuz kursların olduğunu öyrənəndən sonra bu problem həllini tapdı. İndi çox şadam ki, Azərbaycan dilini öyrənirəm. Artıq bu dildə özümü təqdim etməyi, insanlarla ünsiyyət qurmağı bacarıram”, - deyə M.Staynfurt qeyd edib.

O, dillə yanaşı, Azərbaycanın mədəniyyəti və tarixi ilə də maraqlanır.

Ödənişsiz kursla bağlı fikirlərini bölüşən ABŞ vətəndaşı buna görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib. Vurğulayıb ki, yaradılmış bu imkandan təkcə yerli sakinlər deyil, Amerika və Avropa ölkələrindən gələnlər də istifadə edə bilirlər: "Bu, çox gözəl və təqdirəlayiqdir”.

Burada Azərbaycan dilini öyrənən insanlardan biri də Tamilla Jafarovidir. Atası azərbaycanlı, anası gürcü olan T.Jafarovi Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Almaniyada magistr təhsili alıb. Gürcü, ingilis və rus dillərini bilir. Uşaqlıqdan Azərbaycan dilini öyrənməyə həvəsi olub.

O bildirib ki, evdə Azərbaycan dilində danışan olmayıb: "İndi fikirləşirəm ki, Azərbaycan dilini öyrənmək mənim üçün çox vacibdir. Azərbaycan dili çox zəngin dildir. Burada təkcə dili deyil, Azərbaycan mədəniyyətini, incəsənətini və tarixini də öyrənirəm".

Tbilisidə Azərbaycan dilini öyrənən digər ABŞ vətəndaşları Cavinne Reece, Elise Cekson, Austin Peck və Sem Fergüson da yaradılan şəraitdən, tədrisin səviyyəsindən çox razı qaldıqlarını deyiblər.

Qeyd edək ki, “Alyans” Gənclər Mərkəzi Tbilisidə Diasporla İş üzrə Dövlət Komitəsinin layihəsi əsasında 2021-ci ildə açılıb.

Mərkəzin icraçı direktoru Rəna Hüseynova "Report"a müsahibəsində bildirib ki, məqsəd Gürcüstanda yaşayan gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların təhsilə marağını artmaq və avrointeqrasiyaya köməklik göstərməkdir. Mərkəz fəaliyyətə başladıqdan sonra 2 minə yaxın azərbaycanlı buradakı imkanlardan faydalanıb. Onların da böyük əksəriyyəti Gürcüstan universitetlərində “1+4” proqramı üzrə təhsil alan tələbələrdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
1
far.az

4Mənbələr