AZ

Əcnəbilər Tbilisidəki "Alyans" Gənclər Mərkəzində Azərbaycan dilini öyrənir

“Azərbaycan dili, mədəniyyəti və tarixi çox zəngindir. Mən Gürcüstana işləməyə gələndə heç təsəvvürümə belə gətirməzdim ki, Azərbaycan dilini öyrənmək mənim üçün vacib olacaq. Bu gün Tbilisidəki “Alyans” Gənclər Mərkəzində bu dili öyrənirəm”,- müsahibəsində iş üçün Gürcüstana gəlmiş ABŞ vətəndaşı Marvin Staynfurt deyib.

 

M.Staynfurt Gürcüstanın Kvemo Kartli bölgəsində işləyir və ən çox ünsiyyət qurduğu insanlar azərbaycanlılardır. Azərbaycan dilini öyrənmək də bu baxımdan onun üçün zərurətə çevrilib.

 

Onun üçün Azərbaycan dilini öyrənmək əvvəllər çox çətin olub. Tbilisidəki “Alyans” Gənclər Mərkəzində pulsuz kursların olduğunu biləndən sonra onun bu problemi həllini tapıb. O, Azərbaycan dili ilə yanaşı, ölkəmizin mədəniyyətinə və tarixinə də maraq göstərir. Mərkəz haqqında fikirlərini bölüşən amerikalı ekspert: “Artıq Azərbaycan dilində özümü təqdim etməyi, insanlarla ünsiyyət qurmağı bacarıram. Burada pulsuz rəsm, xalçaçılıq kursları var, ingilis, gürcü və Azərbaycan dillərini öyrədirlər. Yaradılmış bu imkandan təkcə azərbaycanlılar və gürcülər yox, Amerika və Avropa ölkələrindən gələnlər də istifadə edə bilirlər”, - deyə vurğulayıb.

 

“Alyans” GM-də Azərbaycan dilini öyrənən Amerika vətəndaşları Kavin Riis, Elis Cekson, Ostin Pek və Sem Fergüson da burada onlar üçün yaradılan şəraitdən, təhsilin səviyyəsindən çox razıdırlar.

 

Mərkəzdə Azərbaycan dilini öyrənənlərdən biri də Tamilla Jafarovidir. Tamillanın atası azərbaycanlı, anası gürcüdür.

 

T.Jafarovi “Evdə heç vaxt Azərbaycan dilində danışmamışıq. İndi fikirləşirəm ki, Azərbaycan dilini öyrənmək mənim üçün çox vacibdir. Burada mən təkcə Azərbaycan dilini deyil, mədəniyyətini, incəsənətini və tarixini də öyrənirəm”,- deyə bildirib.

 

Mərkəzdə ingilis dilini öyrənən Səda Ağacanova Tbilisidə bir çox yerdə ingilis dili kurslarının olduğunu, lakin həmin kursların hamı üçün əlçatan olmadığını deyib. “Mərkəzdə mənim kimi ingilis dilini öyrənmək istəyən onlarla tələbəni təmənnasız öyrədirlər. Bölgələrdən gələn azərbaycanlı tələbələr üçün bu çox vacibdir, onlar burada pulsuz təhsil ala bilirlər”,- deyə S. Ağacanova bildirib.

 

Mərkəzin icraçı direktoru Rəna Hüseynova bildirib ki, məqsəd Gürcüstanda yaşayan gənclərimizin asudə vaxtlarının səmərəli təşkil etmək, onların təhsilə marağını artırmaqdır. Mərkəz fəaliyyətə başladıqdan sonra 2 minə yaxın soydaşımız burada onlar üçün yaradılan imkanlardan faydalanıblar. Onların böyük əksəriyyəti Gürcüstan universitetlərində “1+4” proqramı üzrə təhsil alan tələbələrimizdir.

 

R. Hüseynova mərkəzdə rəsm, xalçaçılıq kurslarının da fəaliyyət göstərdiyini bildirib. Bu kurslarda uşaqlar və böyüklər rəssamlığın, xalçaçılığın sirlərini öyrənirlər. Onların bəzilərinin əl işləri artıq bir neçə dəfə sərgilərdə nümayiş etdirilib. Rəssam və xalçaçıların ən işlərinin sırasında ən çox “Xarı bülbül”, “Dəmir yumruq”, Azərbaycanın və Gürcüstanın dövlət bayraqları, atributlar, Qarabağ atları, Qarabağ və Borçalı xalçalarına rast gəlinir.

 

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Alyans” Gənclər Mərkəzi 2021-ci ildən Tbilisi şəhərində fəaliyyət göstərir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
2
modern.az

4Mənbələr