Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyənin “Hatayspor” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Türkiyə Super Liqasında 2023/2024 mövsümünün sonuncu – 38-ci turu çərçivəsində “Rizəspor”la qarşılaşıb.
“Hatayspor” bu rəqiblə ev oyunundan inamlı qələbə ilə ayrılıb – 2:0. Dadaşov bu oyunun 73-cü dəqiqəsində, hesab 2:0 olarkən meydana buraxılıb. Cari mövsümdə 6 qol vurmuş millimizin forvardı bu dəfə fərqlənə bilməyib.
“Hatayspor” 38 oyunda topladığı 41 xalla 20 kollektiv arasında 15-ci yeri tutub və Super Liqada qalmağı bacarıb. Halbuki, bir neçə tur idi bu komanda aşağı liqaya düşməyə əsas namizədlərdən biri idi.
Futbolçumuzun komandası 38 oyunda 9 qələbə qazanıb, 14 heç-heçə edib, 15 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Renat Dadaşov müqavilə ilə 2022-ci ilin iyul ayından formasını geyindiyi İsveçrənin “Qrasshopper” klubuna məxsusdur. Türkiyə klubu onu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Dadaşov Hatay təmsilçisində 32 oyun keçirib və 6 qol vurub.