Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün sonuncu – 18-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
Turun açılış matçında turnir cədvəlinin ilk iki pilləsində qərarlaşmış komandalar – son çempion və lider “Sabah”la əsas izləyicisi “Xəzri” üz-üzə gəlib.
“Sərhədçi” İdman Mərkəzində keçirilən oyunda “Sabah” əsas rəqibinə 77:65 hesabı ilə qalib gəlib. Bu qələbə ilə “Sabah” müntəzəm mövsümü lider bitirərək, adını pley-offun yarımfinalına yazdırıb.
Qalib komandanın ən məhsuldar basketbolçusu Artyom Butyankov olub – 15 xal, 13 ribaund. “Xəzri”də isə Cordan Perkins fərqlənib – 18 xal, 6 ribaund.
Qeyd edək ki, sonuncu turun növbəti oyunları (“Xırdalan” – “Cəlilabad”, “Neftçi” – “Sərhədçi”, “NTD-İndiqo” – “Şəki”, “Gəncə” – “Sumqayıt”) 25, 26, 27 və 28 aprel tarixlərində baş tutacaq
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.
Turnir cədvəli
- Sabah (18 oyun, 15 qələbə, 3 məğlubiyyət) – 33 xal
- Xəzri (18 oyun, 13 qələbə, 5 məğlubiyyət) – 31 xal
- NTD-İndiqo (17 oyun, 13 qələbə, 4 məğlubiyyət) – 30 xal
- Xırdalan (17 oyun, 11 qələbə, 6 məğlubiyyət) – 28 xal
- Neftçi (17 oyun, 11 qələbə, 6 məğlubiyyət) – 28 xal
- Sərhədçi (17 oyun, 7 qələbə, 10 məğlubiyyət) – 24 xal
- Sumqayıt (17 oyun, 6 qələbə, 11 məğlubiyyət ) – 23 xal
- Cəlilabad (17 oyun, 5 qələbə, 12 məğlubiyyət) – 22 xal
- Gəncə (17 oyun, 4 qələbə, 13 məğlubiyyət) – 21 xal
- Şəki (17 oyun, 1 qələbə, 16 məğlubiyyət) – 17 xal