AZ

Basketbol: “Xırdalan” müntəzəm mövsümü 4-cü pillədə bitirdi

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü il mövsümünün sonuncu – 18-ci turunun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir görüş baş tutub.

Günün yeganə matçı “Sərhədçi” İdman Mərkəzində “Xırdalan” və “Cəlilabad” komandaları arasında baş tutub. Oyun xırdalanlıların 90:84 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə ilə “Xırdalan” müntəzəm mövsümü 4-cü pillədə tamamlayıb və pley-offda “Neftçi”nin rəqibi olub.

Qalib komandanın ən məhsuldar basketbolçusu Cakori Arçi olub – 25 xal, 18 ribaund. “Cəlilabad”da isə Levan Qoqaladze fərqlənib – 27 xal, 9 ribaund.

Xatırladaq ki, turun açılış oyununda son çempion və lider “Sabah” əsas izləyicisi “Xəzri”yə 77:65 hesabı ilə qalib gəlmişdi. Sonuncu turun qalan oyunları (“Neftçi” – “Sərhədçi”, “NTD-İndiqo” – “Şəki”, “Gəncə” – “Sumqayıt”) 26, 27 və 28 aprel tarixlərində baş tutacaq.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında bu mövsüm 10 komanda – “Sabah”, “NTD-İndiqo” (Xaçmaz), “Gəncə”, “Xırdalan”, “Sərhədçi”, “Neftçi”, “Cəlilabad”, “Şəki”, “Xəzri” və “Sumqayıt” mübarizə aparır. Çempionat iki dövrədən, yəni 18 turdan ibarət olacaq. Reqlamentə əsasən, müntəzəm mövsümü ilk “altılıq”da tamamlayacaq klublar pley-offa vəsiqə qazanacaqlar. Bu altılıqda ilk iki sıranı tutmuş klublar birbaşa pley-offun yarımfinallarından, digər dörd kollektiv isə 1/4 finallardan mübarizəyə start verəcəklər. 1/4 və 1/2 finallarda ən tez iki qələbə, final seriyasında isə ən tez 3 qələbə qazanmış klub sevinən tərəf olacaq.

Turnir cədvəli

  1. Sabah (18 oyun, 15 qələbə, 3 məğlubiyyət) – 33 xal
  2. Xəzri (18 oyun, 13 qələbə, 5 məğlubiyyət) – 31 xal
  3. NTD-İndiqo (17 oyun, 13 qələbə, 4 məğlubiyyət) – 30 xal
  4. Xırdalan (18 oyun, 12 qələbə, 6 məğlubiyyət) – 30 xal
  5. Neftçi (17 oyun, 11 qələbə, 6 məğlubiyyət) – 28 xal
  6. Sərhədçi (17 oyun, 7 qələbə, 10 məğlubiyyət) – 24 xal
  7. Sumqayıt (17 oyun, 6 qələbə, 11 məğlubiyyət ) – 23 xal
  8. Cəlilabad (18 oyun, 5 qələbə, 13 məğlubiyyət) – 23 xal
  9. Gəncə (17 oyun, 4 qələbə, 13 məğlubiyyət) – 21 xal
  10. Şəki (17 oyun, 1 qələbə, 16 məğlubiyyət) – 17 xal

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
12
Mənbələr
Şərh ()
Bağla