EN

Şimali Koreya ordusu Kurskda: Qərb dəqoşunlarını Ukraynaya göndərəcəkmi...

Rusiya müharibəyə rəsmən başqa dövlətin hərbi kontingentini cəlb etdi; eskalasiya genişlənir, münaqişə amansız olacaq və Putin də Kazanda nöqtəni qoydu - təhlil

“Görüntülər varsa, o zaman bu, nəyisə əks etdirir”. “Yeni Müsavat” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kazanda baş tutan BRICS 2024 sammitinin yekunlarına dair mətbuat konfransında Şimali Koreya qoşunlarının “xüsusi əməliyyat zonası”nda olması ilə bağlı sualına cavabında bildirib. 

ABŞ-nin NBC telekanalının jurnalisti Rusiya Prezidentindən Şimali Koreya qoşunlarının “xüsusi əməliyyat zonası”nda olması ilə bağlı peyk görüntülərinin olmasını soruşub. Putin cavab verib ki, “görüntülər ciddi bir şeydir, əgər varsa, bu, nəyisə əks etdirir”. O, Rusiyanın KXDR-lə hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin bu gün ratifikasiya olunduğunu və Moskva ilə Pxenyanın daim təmasda olduğunu xatırladıb. Putin qeyd edib ki, Ukraynada münaqişəni Rusiya başlatmayıb. Onun sözlərinə görə, “Qərb 2014-cü ildə Ukraynada hakimiyyət çevrilişi edib, daha sonra 8 il Ukrayna qoşunlarını silahlandırıb, qərbli hərbçilər uzun müddətdir ukraynalılarla birlikdə Rusiyaya qarşı vuruşur”.

Kreml lideri əlavə edib ki, Kursk vilayətində Ukrayna ordusunun 2 min nəfərlik şəxsi heyəti mühasirədədir. Onun sözlərinə görə, hazırda rus ordusu onların zərərsizləşdirilməsi istiqamətində əməliyyatlara başlayıb. Rusiya dövlət başçısı Qərblə gərginliyə hazır olduğunu söyləyib. “Rusiya vəziyyəti gərginləşdirmək üçün oynamır, bunu qarşı tərəf edir. Biz bu gərginliyə hazırıq”, - deyə Putin xəbərdarlıq edib. O, Rusiya üçün həll yolunun ölkənin təhlükəsizliyini artırmaq olduğunu söyləyib: “Bu, dövlət olaraq müstəqilliyimizi təmin edirik. Rusiya suverenliyini itirərsə, mövcud ola bilməz”. Onun sözlərinə görə, yerdəki reallıqlara (4 regionun Rusiyaya birləşdirilməsi - E.S) əsaslanan sülh sazişi üçün istənilən variantı nəzərdən keçirməyə hazırıq. 

Putin hesab edir ki, Zelenski danışıqlara hazır deyil, çünki o, seçki keçirməli olacaq: “Danışıqların başlaması Ukraynada prezident seçkilərinə səbəb olacaq hərbi vəziyyətin ləğvinə gətirib çıxaracaq. Görünür, Zelenski buna hazır deyil. Top onların meydançasındadır. Rusiya yerdəki reallıqlara əsaslanan istənilən sülh sazişlərini nəzərdən keçirməyə hazırdır. Bundan başqa heç nəyi qəbul etməyəcəyik”. Putin NATO-nun şərqə doğru genişlənməsinin ədalətli olmadığını vurğulayıb: “NATO-nun genişlənməsi olmayacaq deyə üzümüzə yalan danışıb sonra bunu etmək ədalətlidirmi? Ukraynada çevrilişi maliyyələşdirməklə bütün hüquq prinsiplərini nəzərə almadan dövlət çevrilişi etmək ədalətlidirmi?” 

Xatırladaq ki, Ukraynaya qarşı müharibədə iştirak üçün Rusiya ərazisinə gətirilən Şimali Koreya hərbçilərinin bir qrupu oktyabrın 23-dən etibarən Kursk istiqamətindəki hərbi əməliyyatlara cəlb olunub. Bu barədə informasiya Ukraynanın Baş Kəşfiyyat İdarəsinin “Telegram” kanalında yerləşdirilib. Bildirilib ki, şimali Koreyalı hərbçilərin döyüş hazırlığı əsasən, Rusiyanın şərqindəki poliqonlarda həyata keçirilir. Ümumilikdə isə Ukraynaya qarşı döyüş əməliyyatlarında iştirak edən Şimali Koreya ordusu birləşmələrində şəxsi heyətin sayının 12 min nəfər olduğu bildirilir ki, onların da 500 nəfəri zabitdir. 

Qeyd edilib ki, bu ölkədən gələn hərbçilərin fəaliyyətinə nəzarət Rusiyanın müdafiə nazirinin müavini Yunus-Bek Yevkurova tapşırılıb. Cənubi Koreya nümayəndə heyəti Şimali Koreyanın Rusiyaya qoşun göndərməsi ilə bağlı NATO və Aİ rəsmilərini məlumatlandıracaq. “Qərb ölkələri Ukrayna münaqişəsində uduzurlar, lakin onu dayandırmaq və uğursuzluqlarını etiraf etmək istəmirlər”. Macarıstan Baş naziri Viktor Orban belə deyib. “Qərb çətin vəziyyətə düşüb, uduzulmuş müharibə aparır. Bu vəziyyət Macarıstanı iqtisadi sahədə manevr üçün yer axtarmağa məcbur edir. Vəziyyət ondan ibarətdir ki, Qərb ölkələri Rusiya-Ukrayna müharibəsini dayandırmaq istəmir”, - Orban bildirib.

İndi bir sıra analitikləri maraqlandırır ki, Rusiya Şimali Koreya hərbi kontigentini döyüşlərə cəlb etdiyi halda, Qərb də qoşunlarını Ukraynaya göndərə bilərmi? Ukrayna Silahlı Qüvvələrinin polkovniki Vladislav Seleznyovun fikrincə, müttəfiqlərin genişmiqyaslı müharibə bitənə qədər Ukraynaya qoşun yeritmək ehtimalı azdır. Onun tammiqyaslı Rusiya-Ukrayna qarşıdurması bitənə qədər bunun baş verəcəyinə ciddi şübhəsi var. “Bəli, NATO üzvü olan ölkələrin hərbi qulluqçularının cəbhənin ikinci dərəcəli sektorlarında istifadəsinin mümkünlüyü barədə çoxlu müzakirələr aparıldı ki, gücümüzü və resurslarımızı cəbhənin bu sektorlarından azad etmək və onları ən çox ehtiyac duyulan yerə yönəltmək imkanımız olsun. Ancaq nəticə olmadı və və gələcəkdə də olmayacaq”, - polkovnik qeyd edib. Bəs, koreyalıların döyüşlərə cəlb olunması müharibədə nə vəd edir?

Siyasi şərhçi Aqşin Kərimovun fikrincə, Rusiya mümkündür ki, Ukraynada cəbhə xətlərini əhəmiyyətli dərəcədə dəyişmək üçün hücum kampaniyasına hazırlaşır və burada canlı qüvvə kimi Şimali Koreya hərbçilərindən istifadəyə ehtiyac duyur: “Bu o deməkdir ki, Kreml silahlardan tutmuş canlı qüvvəyə qədər Şimali Koreyaya güvənməyə başlayıb. Səbəb isə budur ki, Rusiya itki və hərbi çatışmazlıqlarını Şimali Koreya hesabına düzəltməyə çalışır. Prosesin qlobal konteksti isə daha qorxuludur, ona görə ki, Şimali Koreyanın Moskvaya yardım müqabilində Kremldən hansı strateji dəstək alacağı təhlükələri göz önünə gətirir”. 

A.Kərimovun qənaətinə görə, Şimali Koreya silahlarının və qoşunlarının Rusiya üçün əhəmiyyətini azaltmaq olmaz, deməli, birinci olaraq Ukrayna cəbhəsində müharibənin amansızlaşmasını proqnozlaşdırmaq olar: “Başqa yandan, Kreml Pxenyana təminatlar və genişmiqyaslı dəstək versə, Koreya yarımadasına, Hind-Sakit okean regionunda təhlükəsizlik vəziyyəti əsaslı şəkildə tərpənə bilər. Bu, regiondakı strateji cəbhələrdə Çinin şəkilləndirməsinə təkan verəcək, düşünürəm ki, Pekinin Tayvana müdaxilə ssenarisi ilə Şimali Koreyanın Rusiyaya hərbi dəstək verməsi arasında düz mütənasiblik var”.

Emil SALAMOĞLU,“

Yeni Müsavat” 

Chosen
13
5
musavat.com

8Sources