EN

Lionel Messi MLS-də oktyabr ayının ən yaxşı oyunçusu seçildi

“İnter Mayami”nin argentinalı ulduz hücumçusu və kapitanı Lionel Messi MLS-də oktyabr ayının ən yaxşı oyunçusu seçilib.

Arana.az bu barədə MLS-in mətbuat xidmətinə istinadən məlumat verir.

Oktyabr ayında veteran hücumçu MLS-in müntəzəm mövsümü çərçivəsində 3 oyun keçirib, 5 qol vurub və 1 məhsuldar ötürmə verib.

Lionel Messi həmçinin yerli liqanın tarixində ehtiyat oyunçular skamyasından meydana daxil olaraq 3 qol vurmuş və 1 məhsuldar ötürmə vermiş ilk oyunçu olmaqla, bütün zamanların MLS rekorduna imza atıb. Bundan əlavə, “Leo” “İnter Mayami” tarixinin ən sərrast qolçusu olub. Argentinalı ulduz “İnter Mayami” üçün 33 qol vurub və “vağlar”ın 32 qola buna qədər ən sərrast qolçusu olmuş ekvadorlu hücumçu Leonardo Kampananın nəticəsini üstələyib.

Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 22 oyuna çıxıb, 22 qol vurub və 13 məhsuldar ötürmə verib. Təcrübəli ulduzun “İnter Mayami” karyerası ümumilikdə 36 oyun, 33 qol və 18 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 189 oyun keçirib, 112 qol vurub və 60 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

Chosen
3
12
arena.az

10Sources