AZ

Jordi Alba: “Lionel Messi bütün mükafatlara layiqdir”

“İnter Mayami”nin ispan müdafiəçisi Jordi Alba komanda yoldaşı, argentinalı ulduz hücumçu Lionel Messi haqda fikrini paylaşıb.

Arena.az ispan futbolçunun bu barədə fikrini təqdim edir:

“Düşünürəm ki, Messi ona verilə biləcək bütün mükafatlara layiqdir. O, dünyanın ən yaxşı oyunçusudur, digərlərindən çox fərqlənir. Təqaüdə çıxana qədər, “Leo” qənimətlər qazanmağa davam edəcək”, deyə Alba vurğulayıb.

Jordi Alba, “Barselona”nın keçmiş hücumçusu Lionel Messi ilə mütəmadi surətdə müqayisə edilən, kataloniyalıların 17 yaşlı ispaniyalı cinah hücumçusu Lamin Yamal haqda da fikrini paylaşıb:

“Mən hələ “Barsa”da olanda Yamal artıq əsas komanda ilə məşq edirdi və “Betis”lə oyunda debüt etmişdi. Onun xeyli tərəqqi etdiyi aydındır. Yamal 17 yaşında bir oğlandır, etdiyi iş isə ağlasığmazdır. Ancaq səbrli olmaq və onu heç kimlə müqayisə etməmək gərəkdir, çünki əvvəl-axır, “Leo” – “Leo”dur. Onun kimisi yoxdur”.

Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 22 oyuna çıxıb, 22 qol vurub və 13 məhsuldar ötürmə verib. Təcrübəli ulduzun “İnter Mayami” karyerası ümumilikdə 36 oyun, 33 qol və 18 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 189 oyun keçirib, 112 qol vurub və 60 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

Seçilən
3
12
arena.az

10Mənbələr