AZ

Lionel Messi pley-offa qol ötürməsi ilə başladı - Video

Futbol üzrə Argentina millisinin hücumçusu Lionel Messi MLS təmsilçisi “İnter Mayami”nin heyətində növbəti oyununa çıxıb.

Arena.az məlumat verir ki, “İnter Mayami” MLS-in 2024-cü il mövsümünün pley-off mərhələsi çərçivəsində “Atlanta Yunayted”lə qarşılaşıb.

“İnter Mayami” bu rəqibinə qarşı doğma meydanda keçirdiyi ilk oyundan 2:1 hesablı qələbə ilə ayrılıb. Messi bu oyunda 90 dəqiqə meydanda olub və komandasının ən yaxşısı seçilib. “Leo” 60-cı dəqqədə Jordi Albanın vurduğu ikinci qolda məhsuldar ötürmə müəllifi olub. Mayami klubunun ilk qolunu isə 2-ci dəqiqədə Luis Suares vurub.

“İnter Mayami” ilə “Atlanta Yunayted” arasındakı cavab qarşılaşması noyabrın 3-də rəqib meydanında baş tutacaq.

Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 23 oyuna çıxıb, 22 qol vurub və 13 məhsuldar ötürmə verib. Təcrübəli ulduzun “İnter Mayami” karyerası ümumilikdə 37 oyun, 33 qol və 18 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 189 oyun keçirib, 112 qol vurub və 60 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

Seçilən
1
12
arena.az

10Mənbələr