EN

Ankarada törədilən terror aktı nəticəsində 4 nəfər həlak olub...

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Ankaradakı TUSAŞ müdafiə müəssisəsində törədilən terror aktı nəticəsində 4 nəfərin həlak olduğunu, 14 nəfərin yaralandığını bildirib. SİA xəbər verir ki, nazirin sosial şəbəkələrdə yaydığı məlumatda iki terrorçunun məhv edildiyi qeyd olunub.

A.Yerlikaya həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, həmçinin yaralılara şəfa diləyib.

Ankaradakı terror aktı ilə bağlı Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz da açıqlama verib.

Onun sözlərinə görə, Ankarada TUSAŞ şirkətinin müdafiə müəssisəsində törədilən məkrli terror aktında məqsəd Türkiyə müdafiə sənayesinin nailiyyətlərini boğmaq cəhdi olub. "Mən əminəm ki, onlar buna nail ola bilməyəcəklər", - deyən C.Yılmaz hücumun ilk dəqiqələrindən Türkiyə hüquq-mühafizə orqanlarının vəziyyətə müdaxilə etdiyini və Ankara Baş Prokurorluğunun cinayət işi açdığını vurğulayıb.

O əminliklə bildirib ki, terrorla mübarizə qətiyyətlə davam etdiriləcək.

Xatırladaq ki, bu gün yerli vaxtla saat 15:30-da bir qrup terrorçu Kahramankazan rayonunda TUSAŞ müəssisəsinə hücum edib. Partlayışdan sonra girişdə atışma başlayıb.

Şirkətin əməkdaşları operativ şəkildə müəssisənin ərazisindəki sığınacaqlara köçürülüb, polis müdafiə müəssisəsinə gedən bütün yolları bağlayıb.

Ağır yaralılar helikopterlərlə xəstəxanalara, digərləri isə təcili tibbi yardım avtomobilləri ilə yaxınlıqdakı tibb müəssisələrinə çatdırılıb.

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç paytaxtda törədilən terror aktını qətiyyətlə pisləyib və bildirib ki, qanlı hücumun istintaqına Baş Prokurorluğun bir qrup təcrübəli əməkdaşı cəlb olunub.

Qeyd edək ki, Kahramankazanda yerləşən TUSAŞ müəssisəsində PUA, təyyarə və helikopter istehsal olunur. Burada Türkiyənin beşinci nəsil KAAN hərbi təyyarəsi yığılır.

Türkiyə Silahlı Qüvvələri TUSAŞ məhsullarından antiterror əməliyyatları zamanı istifadə edir.

Chosen
2
35
sesqazeti.az

10Sources