EN

Sosial Tədqiqatlar Mərkəzində dəyirmi masa keçirildi – FOTOLAR

Bu gün Sosial Tədqiqatlar Mərkəzi və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib.

Medianews.az xəbər verir ki, dəyirmi masanın mövzusu “COP29 – Yaşıl strategiya, iqlim dəyişikliyi və sosial elmlər: çağırışlar, vəzifələr” məsələsinə həsr edilib.

Dəyirmi masanı giriş nitqləri ilə Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid OrucAMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə açıb.

STM rəhbəri Zahid Oruc “COP29: Qlobal İqlim böhranının həlli yönündə Azərbaycanda sosial elmlərin interdissiplinar əməkdaşlıq məsələləri” mövsuna toxunaraq qeyd edib ki, iqlim dəyişikliyinin aparıcı səbəbləri sırasında insan amili, başqa sözlə sosial amillər durur. Bu baxımdan qlobal iqlim böhranından çıxış yolunun axtarılmasında da ictimai elmlərin qarşılıqlı əməkdaşlığı, birgə tədqiqatların təşkili böyük səmərə verə bilər. Bu sosioloji tədqiqatlar, iqtisadi artımın karbon emissiyalarına, urbanizasiyaya, mal və xidmətlərin istehlak modellərinə, demoqrafik tendensiyalara, qlobal bərabərsizliyə, ekoloji mühitin çirklənməsinə qarşılıqlı təsirinin öyrənilməsi, müvafiq olaraq, iqlim dəyişikliyi ilə mübarizədə həlledici sahəyə çevrilir.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə “COP29: Yaşıl enerjiyə keçid və ekoloji sosoiologiyanın problemləri” mövzusunda çıxış edərək, insan və təbiətin münasibətlərinin elmi və praktiki problemlərinin tədqiq edən ayrıca elm sahələrinin yaranma tarixinə toxundu. Bildirdi ki, XX əsrdən etibarən insanların antropogen və texnogen fəaliyyətinin təsiri nəticəsində ətraf mühitin, onun amillərinin, təbii sərvətlərin, biosferin, ekosistemlərin, flora və faunanın normal ahənginin pozulması baş verib. Beləliklə, ciddi ekoloji disbalans yaranıb, ekoloji problemlər daha da kəskinləşib. Belə bir fonda ötən əsrdən etibarən sosial ekologiyanın yaranıb inkişaf etməsinə diqqət cəlb olunub. Daha sonra sosial ekologiya elmi çərçivəsində – bəşəriyyətin qlobal problemləri kontekstində cəmiyyət, təbiət və insan arasında spesifik əlaqələri empirik tədqiq edən, nəzəri cəhətdən ümumiləşdirən, sosiologiyanın metodlarını tətbiq etməklə daha dərin tədqiqatlar aparmağa imkan verən ekoloji sosiologiya elmi də yaranıb.

Açılış nitqində natiqlər cəmiyyətin təbiətə qlobal miqyaslı təsiri nəticəsində bir sıra elmi fənlərin birləşməsi nəticəsində xüsusi elm kimi meydana çıxan, qarşılıqlı sosial münasibətlərin sosial-ekoloji aspektini öyrənən, insanın, cəmiyyətin, texnikanın, mədəniyyətin, təbiətin qarşılıqlı təsirini sistemli şəkildə tədqiq edən elmi istiqamətlərin formalaşmasını, bu sahələrin birgə fəaliyyətinin önəmini vurğulayıblar.

Milli Məclisinin deputatı, COP29 Təşkilat Komitəsinin üzvü, “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru direktoru Pərvanə Vəliyeva COP29, vətəndaş cəmiyyəti, insan hüquqları və ətraf mühitlə bağlı çıxışında bir sıra vacib məqamlara toxundu. Vətəndaş cəmiyyəti və icma təşkilatların COP29 prosesinin daha inklüziv olmasında, effektiv və ədalətli qərarların qəbul edilməsinin təşviqində mühüm rol oynamasının önəmini vurğuladı. Ölkəmizin və BMT-nin vətəndaş cəmiyyətinin COP29 Təşkilat Komitəsində təmsil olunaraq maraqlarını ön plana çıxarmağa, iqlim dəyişikliyindən ən çox təsirlənənlərin ehtiyaclarının dinlənilməsini və həll olunmasını təmin etmək yönündə qətiyyətli olmasını bildirdi. Vətəndaş cəmiyyəti olaraq bütün maraqlı tərəflərin COP29 konfransının ölkədə və regionda sağlam ekosistemin yaradılmasına böyük töhfə verəcəyinə əminliyini ifadə etdi.

Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü, professor Tahirə Allahyarova “İqlim geosiyasəti – Azərbaycanın yaşıl keçidlə bağlı qlobal təşəbbüslərinə qarşı kampaniyanın pərdəarxası” mövzusuna toxunaraq, bəlli xarici mənbələrdən qaynaqlanan dezinformasiya hücumlarına toxundu. Prosesin arxasında başlıca qüvvə kimi revanşist erməni diasporunun və havadar ölkələrin durmasını diqqətə çatdırdı.

Mövzu ətrafında çıxışlarda iqlim böhranının həllində elmi-tədqiqat əsaslı çıxış yollarının müəyyən edilməsi, yaşıl strategiya və iqlim dəyişikliyinin idarə edilməsi üçün sosial elmlərin vəzifələri və töhfələri yeni sosial-iqtisadi “yaşıl paradiqmanın” siyasi, hüquqi və praktiki əsasları, burada tədqiqat və əməkdaşlıq önəmli rolunu, tədqiqatların effektiv iqlim fəaliyyətinin alternativi olmayan təməli olması, iqlim dəyişikliyinin azaldılması yönündə milli strategiyalar və proqramların hazırlanması və müzakirəsi üçün STM-də növbəti tədbirlərin təşkili və sair məsələlərə toxunulub.

Tədbir iştirakçıları iqlim dəyişikliyi sahəsində Azərbaycanın qlobal təşəbbüslərinin həyata keçirilməsi və dünyaya çatdırılması üçün dövlət qurumlarının, vətəndaş cəmiyyətinin, elmi-tədqiqat ictimaiyyətinin sıx əməkdaşlığının formalaşdırılması yönündə səylərin ortaya qoyulacağına, ölkəmizdə iqlim siyasətinin, təbiətin qorunmasının, dekarbonizasiya siyasətinin təkmilləşdirilməsi üçün birgə və faydalı layihələrin həyata keçiriləcəyinə əminlik ifadə ediblər.

Maral ŞAHVERDİLİ

Nihat TAHİROV

Chosen
5
5
medianews.az

6Sources