AZ

Dəyirmi masa: “COP29-Yaşıl strategiya, iqlim dəyişikliyi və sosial elmlər: çağırışlar, vəzifələr”

Dəyirmi

Bakı, 22 oktyabr, AZƏRTAC

Oktyabrın 22-də Sosial Tədqiqatlar Mərkəzinin (STM), AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun birgə təşkilatçılığı ilə "COP29 - Yaşıl strategiya, iqlim dəyişikliyi və sosial elmlər: çağırışlar, vəzifələr” mövzusuna həsr olunan dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc “COP29: Qlobal iqlim böhranının həlli yönündə Azərbaycanda sosial elmlərin interdissiplinar əməkdaşlıq məsələləri” mövzusunda çıxış edib.

O qeyd edib ki, iqlim dəyişikliyinin aparıcı səbəbləri sırasında insan amili, başqa sözlə sosial amillər durur. Bu baxımdan qlobal iqlim böhranından çıxış yolunun axtarılmasında da ictimai elmlərin qarşılıqlı əməkdaşlığı, birgə tədqiqatların təşkili böyük səmərə verə bilər.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Azərbaycanın COP29 sədrliyini cəsarətlə qəbul etdiyini vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət bu gün ekoloji sahədə Azərbaycan dövlətinin inkişaf strategiyasının reallıqlarını ifadə edir.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə “COP29: Yaşıl enerjiyə keçid və ekoloji sosoiologiyanın problemləri” mövzusunda çıxış edərək, insan və təbiət münasibətlərinin elmi-praktiki problemlərini tədqiq edən ayrıca elm sahələrinin yaranma tarixinə toxunub. Bildirib ki, XX əsrdən etibarən insanların antropogen və texnogen fəaliyyətinin təsiri nəticəsində ətraf mühitin, onun amillərinin, təbii sərvətlərin, biosferin, ekosistemlərin, flora və faunanın normal ahənginin pozulması baş verib.

COP29 Təşkilat Komitəsinin üzvü, "Sağlamlığa Xidmət" İctimai Birliyinin icraçı direktoru, deputat Pərvanə Vəliyeva COP29, vətəndaş cəmiyyəti, insan hüquqları və ətraf mühitlə bağlı çıxışında bir sıra vacib məqamlara toxunub. O vətəndaş cəmiyyətinin və icma təşkilatlarının COP29 prosesinin daha inklüziv olmasında, effektiv və ədalətli qərarların qəbul edilməsinin təşviqində mühüm rol oynamasının önəmini qeyd edib. "Vətəndaş cəmiyyəti olaraq bütün maraqlı tərəflərin köməyi ilə COP29 konfransının ölkədə və regionda sağlam ekosistemin yaradılmasına böyük töhfə verəcəyinə inanırıq",- deyə deputat bildirib.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyəti sədrinin müavini, professor Tahirə Allahyarova iqlim geosiyasətinə, Azərbaycanın yaşıl keçidlə bağlı qlobal təşəbbüslərinə qarşı kampaniyanın pərdəarxası mövzusuna toxunaraq, bəlli xarici mənbələrdən qaynaqlanan dezinformasiya hücumları barədə danışıb. O, prosesin arxasında başlıca qüvvə kimi revanşist erməni diasporunun və havadar ölkələrin durduğunu diqqətə çatdırıb.

Digər çıxış edənlər də iqlim böhranının həllində elmi-tədqiqat yollarının müəyyənləşdirilməsi, yaşıl strategiya və iqlim dəyişikliyinin idarə edilməsi üçün sosial elmlərin vəzifələri və töhfələrindən danışıblar. Yeni sosial-iqtisadi yaşıl paradiqmanın siyasi, hüquqi və praktiki əsasları, burada tədqiqat və əməkdaşlığın önəmli rolu, tədqiqatların effektiv iqlim fəaliyyətinin alternativi olmayan təməli, iqlim dəyişikliyinin azaldılması yönündə milli strategiyaların və proqramların hazırlanması barədə müzakirələr aparıblar.

Tədbir iştirakçıları iqlim dəyişikliyi sahəsində Azərbaycanın qlobal təşəbbüslərinin həyata keçirilməsi və dünyaya çatdırılması üçün dövlət qurumlarının, vətəndaş cəmiyyətinin, elmi-tədqiqat ictimaiyyətinin sıx əməkdaşlığının formalaşdırılması yönündə səylərin ortaya qoyulacağına, ölkəmizdə iqlim siyasətinin, təbiətin qorunmasının, dekarbonizasiya siyasətinin təkmilləşdirilməsi üçün birgə və faydalı layihələrin həyata keçiriləcəyinə əminliklərini bildiriblər.

Seçilən
10
2
azertag.az

5Mənbələr