EN

Məşhur professor: "Ortaq Türk Əlifbasının qəbulu böyük tarixi hadisədir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



9-11 sentyabrda Bakıda Beynəlxalq Türk Akademiyası və Türk Dil Qurumu tərəfindən təşkil olunan "Türk Dünyası Ortaq Əlifba Komissiyası"nın üçüncü iclası öz işini uğurla başa çatdırıb. Belə ki, Türk Dövlətləri Təşkilatı tərəfindən təsis olunmuş Türk Dünyası Ortaq Əlifba Komissiyası 34 hərfdən ibarət Ortaq Türk Əlifbasını qəbul edib.
Oxu.Az-a məsələ ilə bağlı fikirlərini bildirən Türkiyənin Türk Mədəniyyətini Araşdırma İnstitutunun rəhbəri, məşhur professor Ahmet Bican Ercilasun bunu çox önəmli tarixi hadisə adlandırıb:
"Ortaq Türk Əlifbasının qəbulu uzun illər boyunca çəkilən zəhmətin uğurlu nəticəsidir. 1991-ci ilin noyabr ayında İstanbulda Marmara Universitetinin təşkil etdiyi beynəlxalq simpoziumda bu məsələ geniş şəkildə müzakirə edildi və 34 hərfdən ibarət Ortaq Türk Əlifbası layihəsi qəbul olundu. Bu əlifbanın "tək səs üçün tək hərf kimi" prinsipləri var idi.
İkincisi, 34 hərfin hamısından istifadə məcburi deyildi, hər türk xalqı özünə uyğun olanları bunun içərisindən götürə bilərdi. Amma hərf sayı 34-ü keçməməli idi. Bunu ilk qəbul edən və latın əlifbasına keçən ilk ölkə Azərbaycan oldu. 1993-cü ildə Türkmənistan ilə Özbəkistan da əlifbaları dəyişdirdi, ancaq orada qəbul edilmiş 34 hərfdən kənara çıxmalar çoxdur.
Son tədbirin əvvəlkindən fərqi onun Beynəlxalq Türk Akademiyası və Türk Dil Qurumu, eyni zamanda Türk Dövlətləri Təşkilatı tərəfindən keçirilməsi, orada bütün qardaş ölkələrin nümayəndələrinin iştirakıdır. Yəni ortada təşkilatda təmsil olunan bütün üzv dövlətlərin ortaq iradəsi, qərarı var. Bu, sözügedən istiqamətdə fəaliyyətin daha da sürətlənməsinə gətirib çıxarır.
Dil məsələsi türk dünyasının birliyi, bütün sahələrdə inteqrasiyası və beynəlxalq səviyyədə tanınmada xüsusi rol oynayır. Hələ yolun başındayıq, görüləcək çox iş var. Böyük türk adını İsmayıl bəy Qaspıralının bizə miras qoyduğu "Dildə, fikirdə, işdə birlik" formulunu gerçəkləşdirmək üçün durmadan çalışmaq lazımdır. Fikrimcə, Ortaq Türk Əlifbasının Bakıda qəbulu bu işdə sürətlənməyə təkan verəcək və gələcəkdə həyata keçiriləcək planlar üçün örnək təşkil edəcək".
Söhrab İsmayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
79
50
oxu.az

10Sources