AZ

Qərbin regionda ikili oyunları: Ermənistan necə himayəyə götürüldü?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rüstəm Qaraxanlı yazır...
Ötən həftə ABŞ Beynəlxalq İnkişaf Agentliyi - USAID Ermənistana beşillik yardım paketini iki dəfədən çox - 120 milyon dollardan 250 milyon dollaradək artırdığını elan etdi. Ruben Vardanyanın dostu Samanta Pauerin rəhbərlik etdiyi USAID ABŞ hökumətinin müstəqil agentliyidir və xarici yardımlar prosesinin yarısından çoxunun kurasiyası məhz bu qurum vasitəsilə həyata keçirilir. Bu artım aprelin 5-də kollektiv Qərbin Ermənistanı rəsmi şəkildə "qanadı altına" alması prosesinin məntiqi davamıdır.
Bu il ərzində Ermənistan - Qərb trekində baş verən bir sıra hadisələr vahid platformadan irəli gələn kompleks tədbirlərdir ki, münasibətlərin bütün sferalarında müttəfiqliyin dərinləşməsinə xidmət edir. Həm Avropa, həm də ABŞ Ermənistana maliyyə yardımlarını artırır, birgə hərbi təlimlər keçirir, Qərb Fransa vasitəsilə İrəvana silah satışını sanksiyalaşdırır, Azərbaycanla yekun sülhün imzalanmasını sabotaj etmək və Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq üçün regional aktivliyini intensivləşdirir, siyasi pressinqini gücləndirir və hətta düşməni İranla situativ ittifaq nümayiş etdirməkdən belə çəkinmir.
Kim necə istəyir xarakterizə edə bilər, ancaq bu gedişatın nəticə etibarilə ən böyük ekzistensial təhdidi Azərbaycana qarşıdır. Qərbin bu yolla Rusiyanı bölgədən çıxardığına, yaxud İranı mühasirəyə almaq məqsədi ilə Ermənistanda möhkəmləndiyinə dair versiyalar öz yerində, ancaq İrəvan nə Moskvaya qarşı silahlanır, nə də Tehrana. Ermənistanın hərbi potensialının artması bu ölkədə anormal revanşist tendensiyaların daha da qızışmasına xidmət edir ki, bu da regional sülhə qarşı ən böyük təhlükədir.
Qərbin sərgilədiyi bu xətt qlobal anlamda Rusiyanın regiondan çıxarılmasına xidmət etsə də, praktikada izlənənlər fərqli təəssürat yaradır. Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi son iki ildə bütün rekordları vuraraq 8 milyard dolları aşmağa müvəffəq olub. Hətta bu ilin sonuna bu göstəricinin 16-17 milyard dollara çatacağı proqnozlaşdırılır. Ermənistan iqtisadiyyatında nəzərəçarpacaq artımın görünmədiyi, yeni istehsal sahələrinin işə düşmədiyi və ixrac əməliyyatlarında yüksəlişin izlənmədiyi halda belə bir artımın səbəbinin nə olduğu normal iqtisadi ekspertiza üçün müəmma mənbəyidir. Reallıqda isə sirr deyil ki, əsas səbəb Ermənistanın Rusiyaya qadağan edilmiş məhsulların tranziti prosesində körpü rolunu oynamasındadır. Paradoksal vəziyyət yaranıb: Qərb Rusiyanı Ermənistandan "sıxışdırmaq" üçün həm Paşinyan hökumətini, həm də qeyri-hökumət sektorunu həvəsləndirən addımlar atır, ölkədə anti-Moskva ab-havasının artmasına dəstək verir, digər tərəfdən isə İrəvan vasitəsilə Ukraynada dinc əhaliyə qarşı törədilən hərbi kampaniyanın güclənməsinə xidmət edən məhsulların ötürülməsinə göz yumur. Əgər ABŞ Rusiya üçün tranzit xidmətlərini görən digər dövlətlərə qarşı təzyiq göstərməsəydi, bunu bəlkə də normal hesab etmək olardı. Ancaq necə olur ki, Ermənistana icazə verilir və göz yumulur, digərlərinə isə yox?
Paşinyan hökumətinin silah bazarında aktivləşməsi Ermənistan büdcəsində böyük miqdarda sərbəst vəsaitin peyda olmasının göstəricisidir. Tarixi və mənəvi bağlılığa, siyasi oriyentasiyanın uzlaşmasına baxmayaraq, Hindistanın Ermənistana ixrac etdiyi silah-sursatın müftə başa gəldiyini düşünmək sadəlövhlük olardı. Heç Fransa da xüsusilə indiki halında kiməsə silah peşkəş edən dövlət deyil. Silah almaq üçün həmin o sərbəst vəsaitin mənbəyinin Rusiya ilə ticarətdən qaynaqlandığı şübhəsizdir. Bu baxımdan, ABŞ və bütövlükdə Qərbin Ermənistana etdiyi yardımları USAID-in 250 milyon dolları ilə çərçivələndirmək düzgün olmaz. Qərbin Ermənistana ən böyük maliyyə dəstəyi Rusiya ilə artan müəmmalı ticarət dövriyyəsidir. Sadə mexanizmlə izah etsək, Qərb Ermənistana Rusiya-Ukrayna müharibəsindən xeyir götürmək üçün şərait yaradır, "qara pullar"ın qazanılmasına göz yumur, ayaq altında qalan isə Ukraynadır.
Statistik göstəricilərə inansaq, ABŞ Ermənistanla ticarət dövriyyəsi cədvəlində cəmi 234 milyon dollarla beşinci sırada qərarlaşıb. Bu, Ermənistanın Rusiya ilə olan göstəricisindən - 8 milyard 356 milyon dollardan 35 dəfə azdır. Əgər Rusiya ilə olan ticarət ABŞ ilə müttəfiqliyə qurban edilirsə və yaxud Vaşinqton bu göstəricilərə göz yumursa, deməli, ortada natəmiz mexanizmli sövdələşmə var. Ermənistan Rusiyadan pul qazanır və dolayı yolla Moskvanın Ukrayna kampaniyasına dəstək verir. Vaşinqton Ukraynanı müdafiə və himayə etsə də, bu reallığa göz yumur. Paşinyan hökuməti isə bu uduşlu pozadan maksimum yararlanır: ABŞ ilə siyasi kooperasiyaya Rusiya bir söz deyə bilmir, Moskva ilə ticarəti isə Vaşinqton görməzdən gəlir. Əl əli yuyar, əl də üzü...
Amerikanın Ermənistana dəstəyi Paşinyan hökumətinin xüsusi nailiyyəti deyil. Qatı Rusiyapərəst Köçəryan və nala-mıxa vuran Sarkisyan dövründə də Vaşinqtonun nəinki tək Ermənistana, hətta Azərbaycan ərazisində olan, heç kim tərəfindən tanınmayan və faktiki qanundankənar separatçı quruma maddi dəstəyini unutmamışıq. ABŞ-nin vergi ödəyiciləri çətin bilərlər, ancaq sıravi amerikalını ermənilərə yardım yükünün yarısından məhz Azərbaycan xilas edib - separatizmin kökünü kəsməklə. Bu baxımdan, Vaşinqtonun bu ardıcıl, sabit və davamlı siyasəti Azərbaycana qarşı yönəlməklə yanaşı, ilk növbədə onun özünün regional çıxarlarına problemdir. Belə davranışla Qərb sıravi azərbaycanlının geosiyasi maraqlar sistemində qeyri-dost statusunu daha da möhkəmləndirir. Gürcüstan-Rusiya müstəvisindəki hadisələr ssenarisini, Qərb - Tbilisi münasibətlərindəki gərginlik hərarətinin yüksəlməsini və qarşıdan gələn parlament seçkisindən sonra daha da mürəkkəbləşməsini nəzərə alsaq, ABŞ-nin bölgədəki dayaqları kifayət qədər seysmikdir. Tək Ermənistana ümid etmək nə qədər praktik addımdır, bunu zaman göstərəcək. Bəlkə bu, elə yeganə mümkün variantdır? Ancaq Ermənistanın da birdən-birə bir neçə stulda oturmaq istəyi kimi xüsusiyyəti var. Yoxsa KTMT-dən, MDB-dən, Avrasiya İttifaqından çoxdan çıxmışdı...
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
50
oxu.az

10Mənbələr