EN

Hidayət zirvəsi

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin – "Bizi xalq kimi qoruyub saxlayan milli-mənəvi dəyərlərimizdir. İslami dəyərlərimizdir, dilimizdir, ədəbiyyatımızdır!" məfkurəsinin milli-ideoloji, mənəvi-fəlsəfi qaynağından yola çıxaraq, bütün ömrünü milli-mənəvi dəyərlərimizin saflaşmasına, inkişafına, təbliğinə və təşviqinə, dinimizin təəssübünə, dilimizin qorunmasına və inkişafına xidmət edən, ömrünün səksəninci pilləsinə əsl insan kimi yüksələn, Azərbaycan ədəbiyyatının və ictimai-siyasi platformasının ən görkəmli nümayəndələrindən biri haqqında imkanlarım dairəsində ürək dolusu söz açmaq istəyirəm.

Ucalıq elə bir zirvədir ki, o ənginliyə yüksəlmək də çətin, oradan seyr etmək də...

O zirvə, insanın özünü dərk etməyə başladığı andan niyyəti, amallarıyla, arzusu, məramıyla, mövqeyi, əqidəsiylə nəzərlərini zillədiyi, əməlləri, fəaliyyəti ilə yüksəlməyə can atdığı, bütün həyatını, ömrünü ölçə-biçə zərrə-zərrə, misqal-misqal, ovuc-ovuc, an-an ehtiyatla xərcləyərək üz tutduğu, qazanmağa və yüksəlməyə çalışdığı, yolu sıldırımlı qayalardan, uçurumlardan keçən əlçatmaz, ünyetməz qədər uzaq və uzaq bir nöqtədir. O zirvəyə yalnız könlü uca, əməli-saleh, zəhmətkeş insanlar yüksələ bilirlər. Bu gün ömrünün səksəninci pilləsindən əzəmətlə boylanan və yüksək amallarla yaşadığı həyatının şəxsiyyət salnaməsinə çevrilən işıqlı səhifələrini məğrur dayanışla seyr edən HİDAYƏT kimi!..

Bəri başdan, ömrün səksəninci pilləsindən dünyanı məğrurluqla seyr edən əziz Hidayət müəllimi ürəkdən həm öz adımdan, həm də böyük tarixi keçmişə malik, on altı il rəhbəri olaraq əmək verdiyi, bu gün də təəssübünü çəkdiyi, gözlərindən kənar buraxmadığı İrəvan Dövlət Azərbaycan Dram Teatrının Hidayət müəllimi çox sevən kollektivi adından təbrik edirəm, can cağlığı, firavan ömür arzulayıram!..

Qərbi Azərbaycanın Mığrı rayonunun Maralzəmi kəndində dünyaya göz açdı Hidayət Xuduş oğlu Orucov. Mənalı həyat kredosu ilə zəngin ömür yaşayan, çoxşaxəli yaradıcılığı və çoxşaxəli fəaliyyəti ilə Azərbaycan ədəbi aləmində, eləcə də Azərbaycan ictimai-siyasi mühitində sanballı müstəviyə yüksələn o görkəmli şəxsiyyət cəsarətli jurnalist, milli məfkurəsi bütöv və məzmunlu, genetik yaddaşına əsaslanan milli kimliyinə bağlı duyğularla yazıb-yaradan görkəmli yazıçı, şair, dramaturq, publisist, tərcüməçi, teatr xadimi, dövlət xadimi, diplomat; təfəkkür və zəka bazası dolğun, yüklü, öz ağırlığı ilə fərqlənən; hər səmtdən görünəcək qədər əzəmətli, böyük bir Ziyalı; mənliyində vətənpərvərlik ruhu dərin köklərə bağlı və yüksək emosional dinamikası ilə yorulmadan çalışan, yüksək amallarla yaşayan və yaradan Azərbaycan türküdür.

O böyük şəxsiyyəti tanıdıqca, onun çoxşaxəli yaradıcılığı və müxtəlif vəzifələrin icrası zamanı tutduğu yol, apardığı işlərin sahmanı Hidayət haqqında geniş arealda monoqrafiyaların yazılması üçün dolğun materialların boy verdiyini göstərir. Bu mənada, məni cəlb edən peşəm istiqamətindəki Hidayət müəllimlə bağlı tarixi gerçəkliklər "Hidayət və teatr" elmi-tarixi, bədii-publisistik monoqrafiyanın ərsəyə gəlməsinə rəvac verdi. Monoqrafiyanı yazmağa başlayarkən isə, tamam başqa mənzərənin şahidinə çevrildim. Yuxarıda dediyim geniş həyat və fəaliyyət arealı onun nəinki görünən cəhətlərindəki yüksək keyfiyyətlərini göstərə bilir, hətta, görünməyən tərəflərindəki müsbət enerji verən, "İnsan və həyat", "Vətən və vətəndaş", "Məmur və vəzifəyə dürüst münasibət", "Hidayət və milli təəssübkeşlik", "Hidayət və milli strategiya", "Hidayət və dövlətçilik sevgisi", "Hidayətin xalq məhəbbəti", "Dostluqda uca, münasibətdə sədaqət" və s. bu kimi sayı arta bilən mühüm mövzulara panoram açır. Bu mövzuların qələmə alınması üçün Hidayətin açdığı cığırda kifayət qədər zəngin materiallar mövcuddur.

Qərbi Azərbaycanda o dövrlərdə nəinki çalışmaq, yaşamağın özü belə insandan, cəsur və yenilməz bir pəhləvan gücü, hünəri, gözlənilməz, seçkin fəndlər tələb edirdi. Ermənilərin bir yandan pambıqla, bir yandan əllərində olan imtiyazlarla "baş kəsdiyi" bir dövrdə, onların arasında başı qorumaq və qalib olmaq yalnız böyük ağlın, təmkinin, möhkəm fiziki gücün və dözümün hesabına mümkün ola bilərdi. Hidayət də məhz o illərdə İrəvanda yaşayan say-seçmə o kişilərdəndir ki, mübarizəsini kişi kimi mərdanə şəkildə aparır, üzü ağ çıxır, qərəz içində öz hökmünü diqtə edən böyük bacarıq sahibi olaraq özünü sübut edirdi. Hidayətin bu xidmətləri Azərbaycan ziyalılarının diqqətindən qaçmır, hər kəsin müşahidəsində aydın şəkildə görünürdü.

Hidayətin şəxsiyyəti və doğru-düz əməlləri nəticəsində İrəvan Dövlət Azərbaycan Dram Teatrı Qafqazın ən münbit yaradıcılıq atmosferi olan, ən məhsuldar çalışan, ən nümunəvi səhnə əsərləri yaradan, nüfuz dairəsini günü gündən genişləndirmək imkanları qazanan bir sənət ocağına çevrilmişdi. Qəribə də olsa, erməni məmurları, xüsusən Mədəniyyət naziri erməni teatr rəhbərlərinə, gizlədə bilmədiyi qısqanclıq hirsi ilə, İrəvan teatrının rəhbərindən işləməyi öyrənmələrini tövsiyə edirdi. O dövr İrəvan Azərbaycan ədəbi mühiti Hidayət şəxsiyyətinin himayəsi əhatəsində, düşmən gözləri önündə pərvəriş tapmışdı və inkişaf edirdi. Bütün bunlar Hidayət müəllimin əlahiddə milli təəssübkeşlik dəyanətinin nəticəsi idi.

Günbəgün artan uğurların qorunub saxlanması və irəliləməsi üçün siyasi oyunlarda təmkinli olmaq, oyunların qaydalarına səmtlənmək və məharət göstərmək tələb olunduğuna görə, Hidayət müəllim ağlı, zəkası ilə siyasətdə də bişdi, püxtələşdi, möhkəmləndi, düşmənləri məğlub edə-edə yetkinləşdi və sonrakı mərhələlərdə məhz siyasi xadim kimi də özünə mühüm yer tuta bildi. Uzun illər Heydər Əliyev kimi nəhəng bir dövlət xadiminin idarəçiliyində Azərbaycan Respublikası milli siyasət məsələləri üzrə Dövlət Müşaviri vəzifəsinin öhdəsindən ləyaqətlə gəldi. Hidayət müəllimin bu vəzifədəki yüksək xidmətləri haqqında ayrıca, neçə-neçə elmi monoqrafik əsərlərin yazılmasına böyük əsaslar var. Çünki, həmin vəzifədə Hidayət müəllim mükəmməl bacarıqla və məharətlə çalışdı; çox böyük işlər gördü. Sonrakı mərhələdə isə, özünün yeni siyasi baxışları ilə dünya siyasi arenasına sanballı istiqamətlər gətirən, fundamental siyasi məktəbin yolunu öz imzası ilə təzələyən İlham Heydər oğlu Əliyev idarəçiliyində də Hidayət müəllim ölkə rəhbərinin bir neçə yeni sahələrin dirçəldilməsi üçün etimadını qazandı və yenə də eyni fəaliyyət uğurları ilə dövlət rəhbərini məmnun saldı.

Hidayət müəllimin Azərbaycan Respublikası milli siyasət məsələləri üzrə Dövlət Müşaviri olaraq Gürcüstanda apardığı həssas siyasətin bir qismi mənim də 1998-2000-ci illərdə Tiflis teatrının bərpa rəhbəri kimi fəaliyyətim dövrünə təsadüf etdiyi üçün bəzi hadisələr gözlərim önündə baş verdi.

O görkəmli şəxsiyyət Gürcüstanda istər ölkə rəhbəri tərəfindən, istərsə də digər nüfuzlu şəxsiyyətlər tərəfindən xüsusi hörmət və ehtiramla qarşılanırdı. Hidayət müəllim Gürcüstana hər dəfə səfər edərkən, Gürcüstan Katolikos-patriarxı II İlyanın mütləq onunla görüşmək arzusu, xalqlarımız arasında milli-mənəvi dəyərlər ətrafında apardıqları əhəmiyyətli söhbətlər və dostluq münasibətlərinə müsbət təsiri olan xoş ünsiyyətlər unudulmazdır. Eləcə də, nüfuzlu yaradıcı şəxslərin mütləq Hidayət müəllimlə görüşmək, ünsiyyətdə olmaq, o nəhəng simanın maraqlı söhbətlərini dinləmək, yaradıcı polemikalar aparmaq niyyətləri də maraqlı və səmərəli idi. Görüşlər çox vaxt baş tuturdu. Belə görüşlərin, sözsüz ki, böyük əhəmiyyəti vardı. Bu görüşlər təkcə millətlərarası münasibətlərin siyasi tərəfdən tənzimlənməsinə xidmət etmirdi, həm də, ədəbi, mədəni əlaqələrin, mənəvi dəyərlərin vüsət almasına, qırılmaz bağlar yaratmasına geniş meydan açırdı. Eduard Şevardnadze Hidayət müəllimə xüsusi hörmətlə münasibət göstərirdi.

Hidayət müəllimin qardaş Türkiyə Cümhuriyyəti ilə qardaşlıq münasibətlərinin dərinləşməsi istiqamətində apardığı işlərin isə misli-bərabəri yoxdur. Bu, ayrıca bir mövzudur.

Hidayət müəllim Rusiya Federasiyası, ölkəmizdə yaşayan rus icması ilə də yaxından əlaqədə çalışırdı və çox səmərəli nəticələr əldə edirdi. Quba rayonunda yaşayan Dağ yəhudiləri, Bakı şəhərinin yəhudi sakinləri Hidayət müəllimi özlərinin ən yaxın dostu kimi qəbul edirlər. Onlarla yaradılan isti münasibətin səmərəsi ümumən dünya yəhudilərinin bizimlə dostluq əlaqələrinin canlanmasında rolu var. Hidayət müəllim Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışdığı dövrlərdə o sahəni demək olar ki, kökündən yenidən qurdu. İstər müsəlman dininə mənsub millətlərlə, istərsə də qeyri müsəlman dini icmaları ilə daha yaxın əlaqələr yaradır, qarşılıqlı hörmət və ehtiram səviyyəsində münasibətlər formalaşdırırdı. Bu günlərdən o günlərə nəzər saldıqca, Hidayət fenomeni daha möhtəşəm görünür.

Əminliklə demək olar ki, Hidayət Orucov tutduğu bütün vəzifələrində də, yaradıcılığında da, yaşadığı həyatında da yalnız milli mənliyi, milli-strateji mövqeyi üzərində formalaşdırdığı mükəmməl prinsiplərlə bu günə qədər nöqsansız ömür-gün yaşadığını geridə qoyduğu, həyat yolunda buraxdığı aydın bir izdən, cığırdan başlanan, nəhayət böyük və işıqlı prospektə çevrilən “Hidayət ömrü” tarixçəsində Böyük Ziyalı fundamentallığı ilə salnaməyə çevirir.

Bütün uğurlarına rəğmən, o Böyük Ziyalı, həmişə narahat həyat təbəddülatlarının mənasını vətən həsrətində, yurd, torpaq sevgisində, məhz o yerlərə qayıtmaq arzusunun, niyyətinin sönməz ehtirasında axtarırdı. Hidayətin ən böyük amallarından biri də, ürək çırpıntıları ilə onun ömür nəbzinin ritminə çevrilən, əsərlərinin demək olar ki, əksəriyyətinin leytmotivi olan Qərbi Azərbaycan sevgisindən bir an belə kənarlaşa bilməməsidir. Poeziyasında və nəsrində olduğu kimi, “Məhəbbət yaşayır hələ...” lirik, romantik dram əsərindən başlanan, “Durnalar qayıdanda” adı altında “Məni qınamayın”, “Bu dünyanın adamları”, “Vətəndən ağırdı vətənin yükü”, “Burdan min atlı keçdi”, “İrəvanda xal qalmadı”, “Ömürdən uzun gecə” və “İrəvanda yanan çıraq” tarixi, mistik dramına qədər uzun bir səhnə yolu keçən dramaturgiyasında o, ürək yanğıları ilə sevgi, məhəbbət, ata, ana, ailə, millət, torpaq, vətən, yurd, namus, qeyrət, öc, sərkərdə, qələbə, zəfər, yurda dönüş, qayıdış kimi müxtəlif mövzuları əhatə edən coğrafi-məzmun konturlarında öz vətəndaşlıq və yazıçılıq mövqeyinin sanbalını ortaya qoyur.

Hidayət ən kiçik vəzifədən ən böyük vəzifəyə qədər yüksəldi, keçdiyi yolda heç vaxt vəzifələrə görə şəxsi məziyyətlərində heç bir dəyişiklik olmadı. Mığrıdan yol alan sadə Hidayət ən mötəbər kürsülərdə də həmin sadəliyini qoruyub saxladı. Çünki bu, onun gendən gələn xarakteri, xasiyyəti, insani keyfiyyəti ilə bağlıdır. Hidayətin mənliyi dəyişmədi, dəyişən yalnız taleyin ona bəxş etdiyi günlər, aylar, illər və bu illər içində irəliyə hərəkət edən, bir-birini əvəzləyən yeniliklər oldu. Hidayət müəllimə diplomatik fəaliyyət göstərmək də nəsib imiş. Bu sahədə də o, öz bacarığı ilə diqqət mərkəzinə yüksəldi. Dövlətimizi, ölkə rəhbərimizi, millətimizi qardaş Qırğız türkləri arasında layiqincə təmsil etdi, münasibətlər kontekstində yeni yollar açdı...

Hidayət müəllimin bədii yaradıcılığını dərindən təhlil etmək istəmirəm. Yaradıcılığının bəzi anları barədə kiçik də olsa, sadəcə, fikirlərimin tutumu üçün nümunələr göstərməyi yetərli hesab edirəm. Çünki, əgər bu məcraya meyl salsaq, o zaman yazının həcmini yığıb-yığışdırmaq olmaz. Odur ki, poeziyası barədə tək bircə misal çəkməklə, onun fikir fəlsəfəsinə istiqamət açmaq üçün yetərli olacağını zənn edirəm. Mən ömrünü teatr sənətinə sərf etmiş teatr nümayəndəsi olaraq, bu ecazkar sənətdə böyük Lütfi Zadənin “Qeyri-səlis məntiq” nəzəriyyəsinin sinergetik adaptasiyası ilə həm nəzəri, həm də praktiki məşğul olduğum üçün, hətta doktorluq dissertasiyamın da mövzusu olduğuna görə, ədəbi nümunələrdə nəzəriyyənin detallarını axtarır və təhlil müstəvisinə çıxarıram. Hidayət müəllimin yaradıcılığında da qeyri-səlis məntiq variasiyaları geninə-boluna cövlan edir. Məsələn:

“İki dəfə ikin altı eləyər!

Əgər dörd eləsə – riyaziyyatdır...

Əgər dörd eləsə – adi həyatdır.”

Diqqət yetirin, səlis məntiq öyrədir ki, iki dəfə iki dörd edir. Lakin qeyri-səlis məntiq, iki ilə dörd arasındakı rəqəmlər sonsuzluğuna işıq tutur və onun mahiyyətini öyrədir. Hidayət müəllim klassik təşnədə yoğurur, müasir, modern dəbdə biçir və tikir. Bu da o deməkdir ki, Hidayətin yaradıcılığı, mövzuya yanaşma metodu yenidir, klassik çəkidə – müasirdir.

Görkəmli şəxsiyyətin təltifləri də sübut edir ki, onun çoxistiqamətli fəaliyyətinin və həmin sahələrdə qazandığı uğurların göstəricilərinə verilən qiymət məhz qeyri-adilikləri ilə diqqət çəkən bir şəxsiyyətin fenomenal ömrünün panoramik təcəssümüdür: 1970 – SSRİ-nin “Əməkdar igidliyə görə” medalı; 1978 – Ermənistan SSR Əməkdar mədəniyyət xadimi (qeyd etdiyimiz kimi, Hidayət müəllimin milli təəssübkeşlik ehtirası heç düşünmədən onu bu mükafatdan imtina etmək dərəcəsinə çatdırdı. Bu mühüm hadisə o dövrdə də, elə indinin özündə də öz xüsusi əhəmiyyəti və diqqətəlayiq cəhəti ilə aktuallığını qoruyub saxlayır); 1978 – Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı; 1991 – Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi; 2002 – Gürcüstan Respublikasının “Ləyaqət” ordeni; 2003 – Rus Pravoslav kilsəsinin “Müqəddəs Mömin Moskva Knyazı Daniil” ordeni; 2004 – Azərbaycan Respublikasının “Şöhrət” ordeni; Dağıstan Respublikasının Fəxri Fərmanı; Çavuşustan Respublikasının ali ədəbi mükafatı – Paydulla İskeyev adına Çuvaş Beynəlxalq Ədəbi Mükafatı; 2010 – Rus Pravoslav kilsəsinin “Şöhrət və Şərəf” ordeni; 2014 – “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”; 2014 – Qırğız Respublikası Prezidentinin “İpək Yolu” hədiyyəsi; 2014 – Çingiz Aytmatov Beynəlxalq ictimai Akademiyasının akademiki; 2015 – Çingiz Aytmatov adına Beynəlxalq “Issık-Kul Formu”nun Fəxri Fərmanı, 2019 – 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni və s. ali mükafat nümunələri belə əks etdirir ki, Hidayət müəllim haqqında düşünərkən, göz önündə, ilk olaraq, bütün istiqamətlərə işığı düşən, məhz uca amallı, nurlu bir insan siması canlanır. Nahaq yerə düşüncələrim mənə belə diqtə etmir ki:

Azərbaycanın görkəmli şəxsiyyəti Hidayəti düşünərkən...

Bir işıq süzülür

bir uca zirvədən.

Nurunu əsirgəmir

heç kəsdən, heç nədən...

Uca boy, qamətli,

həmişə əzəmətli,

mülayim,

sakit təbiətli...

Humanist!..

Qürurlu, vüqarlı,

möhkəm iradəli,

sağlam düşüncəli...

Könlü kövrək, xisləti saf,

qəlbi təmiz, əməli düz,

dost kimi dost,

sözü bütöv, əqidəsi tam,

qəlbində hər kəsə inam,

hər addımında xoşməram...

Xəyalında XƏZƏR,

Gözlərində ZƏFƏR,

Ümidində SƏHƏR,

Arzusunda DƏNİZ....

YÜKSƏLişdir tutduğu yol,

buraxdığı iz...

Ürəyində Vətən eşqi, torpaq eşqi!

Ata eşqi, ana eşqi, övlad eşqi!

Dövlət eşqi, millət eşqi!

Ağrılara, acılara

qaya qədər sərt dözümlü!..

Kədərə də sevinc qədər sahib çıxan,

Hər vaxt məğrur!..

Ruhunda nur!..

İftixar Piriyev,

Əməkdar mədəniyyət işçisi,

İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
54
32
sesqazeti.az

10Sources