EN

Vətəndaşları aldadan “turizm şirkətləri”: onların toruna kimlər düşür...

Sosial şəbəkələrdə mütəmadi olaraq vətəndaşların bəzi turizm şirkətləri tərəfindən aldadılması ilə bağlı paylaşımlar edilir. Vətəndaşlar tur şirkəti ilə əlaqə saxlayır, ətraflı məlumat öyrənmədən ödənişi edir. Problem isə bundan sonra başlayır.

Vətəndaş səyahət etdiyi yerdə yaradılan şəraitin və göstərilən xidmətlərin ona təklif edilənlə üst-üstə düşmədiyini görür, amma artıq hər şey üçün gec olur.

Modern.az mövzu ilə bağlı turizm ekspertlərinin fikirlərini öyrənib.

Ceyhun Aşurov bildirib ki, bu kimi problemlər çox vaxt sosial şəbəkələrdə fəaliyyət göstərən şirkətlərlə bağlı yaşanır:

 

“Belə hallar çox istisna hallardır. Əksər hallarda müştəriyə, yaxud turistə ətraflı şəkildə məlumat verilməlidir. Ola bilər ki, insanlar sosial şəbəkələrdə qiyməti ucuz görür və diqqətini çəkir. Məsələn, 5 ulduzlu hotel rezerv etdiyini düşünərkən qarşılaşdığı hotel 3 ulduzlu olur. Bu kimi hallarla qarşılaşmamaq üçün turpaketlərin ofislərdən alınması daha məsləhətlidir, nəinki onlayn şəkildə, yaxud sosial şəbəkələrdən rezerv etmək”.
 

Vətəndaşlar burada xüsusilə diqqətli olmalıdır, verilən turpaketləri əvvəlcə özləri araşdırmalıdır:
 

“Bəzən ucuz qiymətlərə təkliflər qoyaraq vətəndaşları cəlb edirlər, amma ümumiyyətlə turpaket satmırlar. Məlum olur ki, bilet alınmayıb, hotel rezerv edilməyib, yaxud digər xoşagəlməz hadisələr baş verir. Bəzən də qeyd olunan hotelin ulduz kateqoriyasına baxmadan tur sifariş edir, oraya gəldikdə isə fərqli mənzərə ilə qarşılaşırlar. Müxtəlif yollarla hazırlanan elanlarda hotel əslində olduğundan daha böyük və fərqli təsvir edilir, insanlar bu şəkillərə baxıb aldanır".
 

Rəhman Quliyevin fikrincə, vətəndaşlar bir yerə səyahət edən zaman bunu çox zaman daha əvvəlcədən planlaşdırırlar:

“Ölkəmizdə fəaliyyət göstərən turizm şirkətləri öz məhsullarını sosial media vasitəsilə də reklam edirlər. Sosial şəbəkələrdə bəzən təhrif olunmuş qiymətlərlə də qarşılaşırıq. Burada peşəkar olmayan, “turizm şirkətləri” də var ki, aldadıcı qiymətlərlə insanları çaşdırırlar. Hər il müəyyən zamanlarda vətəndaşların tur şirkətləri tərəfindən aldadıldığını görürük. Bu zaman göstərilən qiymətlə verilən servisin arasında böyük fərq olduğu ortaya çıxır. Belə hallarla qarşılaşmamaq üçün vətəndaşlar mütləq şəkildə tur məhsul aldıqları zaman şirkətin ofisinə yaxınlaşmalıdırlar".
 

R.Quliyev qeyd edib ki, bu kimi hallarda turizm məhsulu alınarkən dələduzluq çox asan şəkildə həyata keçirilə bilər:
 

“Belə hallarda aldanmamaq üçün vətəndaşlar tur məhsulu aldıqları zaman şirkətin əməkdaşları ilə əlaqə saxlasınlar, müqavilə bağlasınlar. Eyni zamanda aldıqları paketə daxil olan xidmətlər və hotel barədə məlumatlar müqavilədə öz əksini tapmalıdır. Getdikləri yerdə ekskursiyaların təşkili, biletlərin alınması, səyahət sığortasının yazılması, hotellərin rezervasiyası və digər məlumatlar da mütləq şəkildə qeyd olunmalıdır. Belə olduğu halda anlaşılmazlıq baş verərsə, problem hüquqi müstəvidə öz həllini tapa bilər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
112
10
modern.az

10Sources