AZ

Arıqlama çayları və dərmanlarına ALDANMAYIN!

Arıqlama çayları, həbləri biznes maraqları çərçivəsində hazırlanmış məhsullardır. İstehlakçıları aldatmaq üçün ən çox istifadə etdikləri ifadə “bitki mənşəli” olması ilə bağlıdır. Amma yəqin çoxları bilmir ki, məhsulun bitki mənşəli olması hələ onun zərərsiz və faydalı olması anlamına gəlmir. Hər bir bitkinin müalicəvi xüsusiyyəti ilə yanaşı, yan təsirləri də var.

Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Modern.az-a bildirib ki, əgər bitki mənşəli hər hansısa bir çay insanlarda arıqlamağa səbəb olursa, bu onun orqanizminin təbii prosesinin müdaxilə yolu ilə pozulması deməkdir:

"Bəzən olur ki, insanlarda maddələr mübadiləsini sürətləndirir və süni şəkildə ishal və yaxud qusma hallarına gətirir. Nəticədə orqanizmdən mineral maddələrin yuyulub getməsi və eyni zamanda da bağırsaq mikroflorası pozulur. Belə olduğu halda insan orqanizmdə immun çağışmazlığı baş verir. Bu da autoimmun xəstəliklərini yayılmasına birmənalı şəkildə səbəb olur. Bu çaylar kor-koranə şəkildə istifadə olunursa, bu zaman orqanizmdə daha ciddi fəsadlara yol açır. Ciddi anoreksiya yaranmasına, vitamin, mineral çatışmazlığından saçların tökülməsi, dırnaqların qırılması, dəridə səpkilərin, mədədə hansısa problemlərin yaranması, eyni zamanda da orqanizmin daxili orqanların funksiyalarının pozulmasına səbəb olur".

Mütəxəssis qeyd edir ki, mütləq şəkildə bu kimi məhsullardan istifadə etməkdən uzaq durmaq lazımdır:

"Xüsusi ilə də, gənc xanımlarımız ana olmadan öncə istifadə edirsə, orqanizmin zədələnməsinə və gələcəkdə dünyaya gələn uşaqların xəstəlikli şəkildə doğulmasına səbəb olur. Digər bir məqam isə insanlarda qan azlığı, vitamin və mineral çatışmazlığından orqanların funksiyalarını düzgün yerinə yetirməməsi xərçəngə, diabetə, bəzən də mədəaltı vəzinin təmamilə ilə sıradan çıxmasına səbəb ola bilər. Bitki çaylarının fəsadları ilə qarşılaşdıqdan sonra artıq demək olar ki, gec olur. Onu da nəzərə almaq lazımdır ki, insanın birdən-birə çəki itirməsi orqanizmdə əzələ itkisinə və dəri sallanmasına səbəb olur".

Ekspertin sözlərinə görə, belə məhsullar reklamlarla daha çox satılır:

"Bəzən elə olur ki, süni şəkildə əməliyyatla arıqlayan bir insan və yaxud hər hansısa estetik müdaxilə olunmuş tanınmış simalardan istifadə edərək insanları aldatmağa çalışırlar. Orqanizimin bədən çəkisini normada saxlamaq istəyiriksə, mütləq şəkildə qidalanmamıza, gündəlik həyatımıza, yuxu rejimimizə, fiziki aktivliyimizə diqqət edək. Yalnız bu yolla çəkimizi normada saxlamaq olar. Qalan digər vasitələr, demək olar ki, insan orqanizminə suni müdaxilə olduğu üçün mütləq şəkildə fəsadları olacaq. Bəzən insanlar tənbəllikdən və rahata qaçdığından reklamlara aldanır".

Gülarə Quliyeva
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
10
modern.az

10Mənbələr