Legitimlik tam təmin olunur: “İlham Əliyev Putini də Şuşaya dəvət edəcək”

Bu gün Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı baş tutub. Söhbət zamanı XİN başçıları ikitərəfli münasibətlərin aktual məsələlərini, regional və beynəlxalq gündəmlə bağlı müzakirə aparıblar. Nazirlər koronavirus pandemiyasının mənfi təsirlərinə baxmayaraq, çoxşaxəli Rusiya-Azərbaycan münasibətlərinin uğurla inkişaf etdiyini və qarşılıqlı ticarət-iqtisadi əlaqələrin artdığını məmnunluqla qeyd ediblər. Ceyhun Bayramov və Sergey Lavrov Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmalarının, xüsusilə Qarabağda humanitar problemlərin həllinə dair razılaşmaların həyata keçirilməsinə toxunublar.

“Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin ortaq sədrliyi ilə Üçtərəfli İşçi Qrupunun bölgənin münaqişədən sonrakı inkişafına verdiyi mühüm töhfə vurğulanıb”, - Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

Siyasi analitik Turab Rzayev sözügedən telefon danışığının fonunda baş verən proseslər barədə “Sherg.az”ın suallarını cavablandırdı:
- Sizcə, tərəflər arasında hansı məsələlər müzakirə olunub?
- Məlumdur ki, Ermənistanda yenidən hakimiyyətə gələn Nikol Paşinyan Qərbə meyil göstərəcək. Bununla bağlı olaraq Rusiya Azərbaycanla münasibətlərin korlanmasını istəmir. İkinci bir tərəfdən, Qaragöl ətrafında sərhədlərin müəyyənləşməsi və Xankəndidəki etirazlar da gündəmdə olub. Eyni zamanda, fikrimcə, nəqliyyat dəhlizlərinin açılması və Ərdoğanın təklif etdiyi “Altılıq platforması”nın formalaşması barədə də fikir mübadiləsi aparılıb. Hər halda sürprizlər gözlənilir.
- Nə kimi sürprizlər?
- Əmin deyiləm, amma, düşünürəm ki, İlham Əliyev Putini də Şuşaya dəvət edəcək. Beləliklə, həm Şuşanın legitimliyi tam təmin olunacaq, həm də bizim bölgədə sabitlik, əməkdaşlıq istədiyimiz təsdiqlənəcək.
- Necə düşünürsünüz, Kreml rəhbərliyi Pşinyanı devirməyə çalışacaq? Axı Moskva Köçəryanın hakimiyyətə gəlməsini istəyirdi...
- Məncə, Paşinyanın iqtidarını bərpa etməsi Moskvanın razılığı ilə olub. Rusiya bütün resurslarını işə salsaydı, nəticə fərqli olardı.
- Bəs niyə bunu etmədi?
- Çünki Paşinyan bir nəçə dəfə Rusiya əleyhinə naqolay ifadələr işlədib. Odur ki, Moskva İrəvanla üz-üzə gəlmək, necə deyərlər, “bütün körpüləri yandırmaq” istəmir. Düzdür, Ermənistan yenə də Qərbə meyil göstərəcək. Ancaq Rusiya Ermənistan iqtisadiyyatına o qədər nüfuz edib ki, İrəvan istəsə də-istəməsə də Kremlin maraqlarına cavab verməli olacaq. Təsəvvür edin, İrəvandan Gümrüyə gedən qatarın üstündə “Rusiya cənubi dəmir yolu xətti” sözləri yazılıb. Belə olan halda Paşinyan Rusiyadan nə qədər uzaq gedə bilər? Moskva həm Köçəryanı, həm də Paşinyanı dəstəkləyir. Həmçinin Ermənistan iqtidarı da ikili oynayır- Qərbə meyil göstərməyinə rəğmən, Moskvanın maraqlarına cavab verməli olduğunu yaxşı anlayır.
- Putinin Şuşaya gələcəyini dediniz. Tərəflər arasında hansı müqavilələr imzalanacaq?
- Bunun əhəmiyyəti yoxdur. Əsas məsələ səfərin özündədir. Belə ki, xarici ölkə başçısının Şuşaya səfəri nəticəsində bayaq da dediyim kimi, oradakı legitimliyimiz tam təmin olunacaq.

0
272
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar