AZ

Maqsud Adıgözəlov: “Çalışacağıq ki, Azərbaycanı Avropada layiqincə təmsil edək”

“Sabah”ın U-19 komandası AFFA-nın keçirdiyi Gənclər Liqasının bitiminə 2 tur qala ölkə çempionu olub. Komanda ötən gün “Kəpəz” üzərində inamlı qələbə qazanaraq (5:0) tarixində ilk dəfə çempion adına yiyələnib.

“ASK Arena”da keçirilən oyunu izləyənlər arasında “Sabah” klubunun prezidenti Maqsud Adıgözəlov da var idi. Paytaxt klubunun rəhbəri vaxtının azlığına baxmayaraq matçdan sonra İdmanxeber.az-ın bir neçə sualını cavablandırdı:

– Komanda inamlı qələbə qazanaraq tarixində ilk dəfə çempion oldu. Təəssüratlarınız maraqlıdı…

Biz bunu gözləyirdik. Artıq neçə il idi ki, bu liqada qalib gələrək Avropada ölkəmizi təmsil etmək üçün çalışırdıq. “Sabah” cəmi 7 ildi yaranıb. Biz bura gələndə bu uşaqların 12-13 yaşı var idi. Komandanın baş məşqçisi və akademiyanın baş koordinatoru Adino Mustedanaqiç 4 ildən çoxdu ki, burdadı. O, bu gün həm akademiyamızın koordinatoru, həm də əsas komandamızın baş məşqçisidir. Bu uşaqların inkişaf etməsi üçün çox çalışdıq. Bu gün biz bunun bəhrəsini görürük. Bu bizi çox sevindirir. 

– Komandanın qarşısına UEFA Gənclər Liqasında hansı hədəflər qoyulacaq?

Biz çalışacağıq ki, Azərbaycanı Avropada layiqincə təmsil edək. Bu gün qarşıya hər hansı hədəf qoymaq çətindi. Əsas yaxşı futbol oynamaqdı. Uşaqlar özləri də başa düşür ki, Azərbaycanı təmsil edəcəklər. Ölkəmizi təmsil edəcək komandalar çalışmalıdı ki, istər nəticə, istərsə də gözəl oyunla özlərini yaxşı tərəfdən göstərsinlər.

– Əvəzedici komandanız 3-cü, başqa yaş qruplarından ibarət komandalarınız liderlər qrupunda qərarlaşıb. Bu gün də 19 yaşlılardan ibarət komanda çempion oldu. “Sabah”ın aşağı yaş qruplarındakı komandaları olduqca diqqətçəkən nəticələr əldə edirlər. Bunun sirri nədədir?

Bu kompleks bir işin nəticəsidir. Biz 6 ildir ki, akademiyaya lazım olan qayğını göstəririk. İstər maliyyə, istərsə də başqa istiqamətlərdə akademiyamız daim diqqət mərkəzimizdə olub. Məşqçilərimizi, akademiyanın uşaqlarını təcrübə keçmək üçün Xorvatiyaya göndərmişik. “Sabah” Futbol Akademiyası ilk yarandığı ildə də yaxşı nəticələr göstərmişdi, indi də yaxşıdı. Lakin aşağı yaş qruplarında nəticə heç də əsas deyil. Biz istəyirik ki inkişaf olsun. Uşaqlar öz üzərində daha yaxşı işləsin və inkişaf etsinlər. Əsas məqsədimiz nəticə yox, məhz budur.

– Son olaraq əsas komandayla bağlı fikirləriniz maraqlıdı. Finişə 5 tur qalıb və “Sabah”ın avrokuboklara qatılmaq şansı yüksəkdi.

Turnir cədvəlinin yuxarı pillələrində sıxlıq var. Bu futboldu, hər şey ola bilər. İndi bütün komandalar qələbə qazanmaq istəyir. Burada motivasiyadan çox şey asılı olacaq. Çalışacağıq ki, yenidən avrokuboklara vəsiqə qazanaq.

Səxavət Qurbanov

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla