AZ

İslahatçılarla mühafizəkarlar ÜZ-ÜZƏ – İranda yeni prezident KİM OLACAQ?

İranda 5 iyulda keçiriləcək növbədənkənar prezident seçkilərinin 2-ci turunda namizədlərin təbliğat-təşviqat kampaniyası başa çatıb. İranda seçki qanununa əsasən, seçkilərə 24 saat qalmış sükut günü hesab olunur. Prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası seçkilərin 1-ci turunda qalibin müəyyənləşmədiyinə görə, 29 iyunda başlayıb.

Sabah (5 iyul) İranda prezident seçkiləri yerli vaxtla 08:00-da başlanacaq. Seçkilərin müddəti 10 saatdır və Daxili İşlər Nazirliyi lazımi hesab etdiyi halda, seçkilərin vaxtı uzadıla bilər. İran prezident seçkilərinin 2-ci turunda 2 namizəd – Məsud Pezeşkian və Səid Cəlili rəqabət aparır.

Maraqlıdır, İranın yeni prezidenti olmağa kim daha çox şanslıdır? İslahatçılarla mühafizəkarların mübarizəsində kim qalib gələcək?

Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Sədrəddin Soltan bildirib ki, nəzəri baxımdan, təbliğat və fəaliyyət cəhətdən Məsud Pezeşkian daha şanslı namizəddir: “Amma Səid Cəlili hakimiyyətin mühafizəkar xəttinin nümayəndəsidir. Hakimiyyətdaxili mühafizəkar xəttin ayrı-ayrı təmsilçiləri, eləcə də panfarsist dairələr Səid Cəlilini müdafiə edir. Məsələn, İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) keçmiş komandanı, hazırkı hökumətin iqtisadi Qərargahının başçısı Möhsün Rzayi, eləcə də sabiq namizədlər Əmirhüseyn Qazizadə Haşimi və Əlirza Zakani Səid Cəlilini müdafiə edirlər. Ehtimal etmək olar ki, bu kimi müdafiələr çoxdur. Bu özünü seçimin nəticələrində də göstərə bilər. Bundan başqa, İranda seçkinin saxtalaşdırılması təcrübəsi də var. Yəni bu hadisələr Əli Əkbər Haşimi Rəfsancaninin, Mahmud Əhmədnejatın, Mirhüseyn Musəvinin seçkilərində özünü göstərib. Hər iki seçkidə islahatçılara qarşı seçki saxtakarlığı edilib. Bunun nəticəsində də həm Rəfsancani, həm də Musəvi məğlub olub. Musəvi indiyə qədər də ailəsi ilə birlikdə ev dustaqlığındadır. Bu baxımdan Səid Cəlilinin prezident olmasına razılıq veriləcəksə, bu halda Məsud Pezeşkian məğlub sayılacaq”.

Politoloqun qənaətincə, İran rejiminə indiki şəraitdə Məsud Pezeşkian kimi islahatçının prezident olması maraqlı deyil: “Məsud Pezeşkian sadəcə siyasi baxımdan islahatçı deyil. O, həm də seçki prosesində aktiv iştirak edən Azərbaycan türkləri tərəfindən də dəstəklənir. Bu o deməkdir ki, etnik məsələ Məsud Pezeşkian ilə birlikdə İrandakı rejimin baş ağrısına çevrilə bilər. Bu kimi səbəbləri diqqətə alaraq hesab edirəm ki, İranda panfarsist qüvvələr Səid Cəlilinin prezident olmasına çalışacaqlar. Kütləvi şəkildə kimin dəstəklənməsinə gəlincə, İran seçiciləri heç kimə inanmır. Çünki ötən seçkilərin hamısında nəticə İran əhalisinin xeyrinə olmayıb. Molla rejimi özü doğub, özü də göbəyini kəsib. Yəni, cəmiyyətin səsi, onların etirazı İrandakı mövcud hakimiyyətə sadəcə görüntü üçün lazım olub. Eləcə də bu seçkidə seçici fəallığı çıx aşağı səviyyədə olub. Bu, cəmiyyətin seçkiyə etinasızlığının bariz nümunəsidir. Bunu İranın Ali rəhbəri Ayətulllah Seyid Əli Xamenei də təsdiqləyib. Ona görə də İran cəmiyyəti, seçicilərin əksəriyyəti prosesdən kənarda qalır. Belə halda isə hakimiyyət özünün seçdiyi adamı cəmiyyətin seçimi kimi prezident kürsüsündə əyləşdirir, ona legitimlik qazandırmağa çalışır”.

S.Soltan vurğulayıb ki, İranda kimin prezident olması ölkənin daxili və xarici siyasətində hər hansı dəyişikliyə səbəb olmur: “İranın prezidentinin kim olması bu ölkənin daxili və xarici siyasətinə ciddi təsir göstərmir. Prezident Ali rəhbərin tapşırıqlarının baş icraçısıdır. Bu baş icraçı ölkənin daxili və xarici siyasəti ilə bağlı proqramlar, planlar, layihələr həyata keçirmək azadlığına malik deyil. Bu baxımdan, istər Məsud Pezeşkian, istərsə də Səid Cəlili prezident olarsa, İranda heç nə dəyişməyəcək. Yeni prezident ənənəvi olaraq Ali rəhbərin tapşırıqlarını yerinə yetirəcək. İranda kimin prezident olması rejim üçün hər hansı əhəmiyyət kəsb eləmir. Bu, sadəcə hakimiyyətdaxili qüvvələrə, ayrı-ayrı fərdlərə öz siyasi karyeralarını inkişaf etdirməyə imkan yaradır”.

Ərtürk İSMAYIL

Seçilən
72
42
medianews.az

10Mənbələr