AZ

BİZİM TƏQVİM: 26 iyunda baş vermiş tarixi hadisələr

26 iyun Azərbaycanda Silahlı Qüvvələr günüdür. Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1918-ci il 26 iyun tarixli fərmanla Milli Ordunun yaradılmasına başlanıldı. Avqustun 1-də cümhuriyyətin Hərbi Nazirliyi təsis edildi. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin olundular. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad etdi. Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdikdən sonra Prezident Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə iyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan olunub.

Bəs, iyunun 26-da dünyada daha hansı hadisələr baş verib?

1. 1819-cu ilin 26 iyununda alman baron Karl fon Drais (Karl Freiherr von Drais, 1785-1851) ixtira etdiyi velosipedin patentini aldı.

2. 1905-ci ilin bu günü “Potyomkin” zirehli gəmisində üsyan başladı. Üsyan yatırıldıqdan sonra gəminin matroslarının bir hissəsi Azərbaycana göndərildi və Zaqataladakı köhnə qalada həbsdə saxlanıldı.  “Azərbaycanfilm” kinostudiyası onların taleyinin bir qismini “Yenilməz batalyon” filmində əks etdirib.

3. 1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikasının qərarı ilə ölkədə məhkəmə və məktəb sistemləri milliləşdirildi.  

4. Vərəmin peyvəndi 1924-cü ilin 26 iyun tarixində fransız alimləri Albert Kalmet və Kamili Qurin tərəfindən yaradıldı.

5. 1928-ci ildə Türkiyədə Yeni Türk əlifbasını hazırlamaq məqsədilə yaradılan Dil Əncüməni ilk toplantısını iyunun 26-da paytaxt Ankarada etdi.

6. İlk dəfə faşist Almaniyasında istifadə edilən "Focke-Wulf Fw 61” vertolyotunun ilk uçuşu 1936-cı il 26 iyunda həyata keçirildi.

7. 26 iyun 1945-ci ildə Türkiyə nümayəndə heyəti BMT və Daimi Beynəlxalq Ədalət Divanı Statusu müqavilələrini imzaladı.

8. 26 iyun Madaqaskar xalqının milli bayramı – İstiqlaliyyət günüdür. Afrikanın bu ada ölkəsi 1960-cı ilə müstəqillik qazanıb. Həmin vaxta qədər isə Fransanın protektoratı olub.  

9. BMT Baş Assambleyasının 1987-ci il 7 dekabr tarixli qətnaməsi ilə iyunun 26-sı “Narkotik maddələrin qanunsuz dövriyyəsi və onlardan sui-istifadə hallarına qarşı mübarizə günü” elan edilib.

26 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Azərbaycanın tanınmış hərbi xadimi, artilleriya generalı Hüseyn Rəsulbəyov 1917-ci ilin bu günü dünyaya gəlib. O, Sankt-Peterburq Elektrotexniki Rabitə İnstitutu və Moskva Hərbi Artilleriya Akademiyasını bitirib. İkinci Dünya Müharibəsində hava hücumundan müdafiə qoşunları tərkibində briqada, diviziya qərargahında müxtəlif vəzifələrdə çalışıb, Odessa, Kerç və Sevarsopolun müdafiəsi və Şimali Qafqaz uğrunda döyüşlərdə iştirak edib. İstefaya çıxandan sonra Hüseyn Rəsulbəyov ömrünün sonunadək Azərbaycan respublikasının rabitə naziri işləyib (1917-1988).

2. 26 iyun 1922-ci ildə Əməkdar memar Şəfiqə Zeynalova (1922-1979) anadan olub.

3. 26 iyun 1929-cu ildə Əməkdar elm xadimi, həkim-yazıçı Nurəddin Rzayev (1929 – 17.10.2011) Gədəbəy rayonunda doğulub. Türkologiya, tarix, ədəbiyyat və s. mövzularda elmi-publisistik məqalələrin müəllifidir.

4. 26 iyun 1939-cu ildə musiqişünas alim, fəlsəfə elmləri doktoru, professor Babək Qurbanov (1939 – 28.3.2019) Qazax rayonunda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Türkiyədə Qaziantep Atatürk Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyasında çalışıb.
5. 26 iyun 1945-ci ildə Əməkdar incəsənət xadimi, kinooperator Valeri Kərimov (1945 – 9.3.1998) Bakıda doğulub. 1974-cü ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib. Çəkdiyi filmlər: “Alma almaya bənzər”,  “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “Sizi dünyalar qədər sevirdim” və s.

6. 26 iyun 1946-cı ildə Əməkdar artist Əli Salahlı (Salayev; 1946-2005) Masallı rayonunda doğulub. Lənkəran Dövlət Dram Teatrının aktyoru olub.

Surxay Atakişiyev, Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
18
bizim.media

10Mənbələr