AZ

BİZİM TƏQVİM: 25 iyunda baş vermiş tarixi hadisələr

1992-ci ilin bu günündə İstanbulda Azərbaycanın da iştirakı ilə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı təsis edilib. Təsis konfransı Türkiyə Prezidenti Turqut Özalın təşəbbüsü ilə keçirilib. Azərbaycan 1993-cü ildən həmin təşkilatın üzvüdür.  

Bəs, iyunun 25-də dünyada daha hansı hadisələr baş verib?

1. 1950-ci ilin bu günü Koreya müharibəsi başladı. Beləliklə, Sovet İttifaqı və Çin tərəfindən dəstəklənən Şimali Koreyanın Cənubi Koreyaya hücumu ilə “Soyuq müharibə” dövrünün ilk isti toqquşması yarandı.

2. 1959-cu il iyunun 25-də Moskvada Sovet hökumətinin başçısı Nikita Xruşşov və ABŞ-ın o zamankı vitse-prezidenti Riçard Nikson SSRİ-də ilk dəfə Amerika Milli Sərgisini açdılar.

Amerikalılar sərgiyə gələnlərə döş nişanları, parlaq plastik paketlər bağışlayır, “Pepsi Cola”ya qonaq edirdilər. Sərgidə Nikita Xruşşova da “Pepsi Cola” təqdim olunmuşdu. Ertəsi gün əlində bu içki stəkanı olan Xruşşovun şəkli bütün xarici mətbuat səhifələrində yayılmışdı.  

3. 25 iyun 1987-ci ildə Sov.İKP MK-nın plenumunda “yenidənqurma” (“perestroyka”) haqqında qərar qəbul edilib. Baş katib Mixail Qorbaçovun elan etdiyi yeniləşmə kursu, ilk növbədə, sosial-iqtisadi islahatları nəzərdə tutsa da, tezliklə siyasi və ideoloji sahəni də əhatə edib. “Yenidənqurma” siyasəti dörd il sonra SSRİ-nin süqutu ilə nəticələnib.

4. 1993-cü ilin 25 iyununda Türkiyənin ilk qadın baş naziri seçildi. DYP sədri Tansu Çiller baş nazir olduqdan sonra ölkə prezidenti Süleyman Dəmirəl hökuməti təşkil etməyi ona tapşırdı. Beləliklə, Türkiyədə DYP və SHP koalisiya hökuməti quruldu.

25 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Bu gün dahi Şərq alimi, ensiklopedik biliyə sahib şəxsiyyətlərdən olan Məhəmməd Nəsirəddin Tusinin xatirə günüdür. Tusi Marağa rəsədxanasının yaradılmasına xeyli əmək sərf edib, oranı böyük elmi mərkəzə çevirib. Alim özünün məşhur “Zic-Elxani” əsərində planetlərin geosentrik orbitinin əsas elementlərini verib, onların sutkalıq orta hərəkətini dəqiq təyin edib.  Nəsirəddin Tusinin elmin müxtəlif sahələrinə dair əsərləri hələ də dünya alimləri tərəfindən öyrənilir və təqdir olunur. (1201-1274)

2. Məşhur alman alimi, fiziki-kimyanın banilərindən biri Valter Nernst 1864-cü ilin 25 iyununda dünyaya gəlib.

3. Azərbaycanın görkəmli səhnə ustası Sona Hacıyeva 1907-ci ilin bu günü Şəkidə doğulub. Səhnə fəaliyyətinə 14 yaşından (1921) başlayıb. 16 yaşından ömrünün sonunadək (1923-1979) – düz 56 il Azərbaycan Dövlət Akademik Dram Teatrının aktrisası olub (1907-1979).

4. Azərbaycanın görkəmli səhnə ustası, Gülşən və Hamlet kimi tanınmış aktyorların atası – Ağadadaş Qurbanov 1911-ci il 25 iyunda dünyaya gəlib. Onun həm teatr, həm kinoda yaratdığı dramatik və komik obrazlar tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb (1911-1965).

5. Azərbaycanın tanınmış fiziki, professor Qüdrət Axundov 1932-ci ilin bu günü Ordubadda anadan olub. Tədqiqatları əsasən yarımkeçiricilərin fiziki xassələrinin öyrənilməsinə aiddir (1932-1973).

6. 25 iyun 1939-cu ildə  Əməkdar mədəniyyət işçisi Adil Soltan oğlu İsmayılov (1939-2011) anadan olub. 1959-cu ildən “Azərbaycanfilm” Kinostudiyasında çalışıb, bir sıra filmlərin 2-ci rejissoru olub.

7. 25 iyun 1940-cı ildə Əməkdar artist, müğənni Yaşar Səfərov (1940-2007)  doğulub. Azərbaycan Televiziyası və Radiosunun solisti olub.

8. 25 iyun 1980-cı ildə yazıçı, ssenarist, rejissor, Xalq artisti Həsən Mehdi oğlu Seyidbəyli (22.12.1920 – 1980) vəfat edib. “Uzaq sahillərdə” (İ.Qasımovla birgə), “Cəbhədən cəbhəyə” romanlarının, pyeslərin müəllifidir. “Telefonçu qız”, “Bizim Cəbiş müəllim”, “Nəsimi” filmlərinə quruluş verib.

9. Dünyanın ən məşhur estrada müğənnisi, "Pop musiqi kralı" Maykl Cekson  2009-cu ilin 25 iyununda 51 yaşında həyatdan köçüb (1958-2009).

Surxay Atakişiyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
18
bizim.media

10Mənbələr