AZ

BİZİM TƏQVİM: 28 iyunda baş vermiş tarixi hadisələr

28 iyun 2000-ci ildə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında Azərbaycanın təşkilata üzvlüyü barədə tövsiyə qərarı qəbul edilib. Azərbaycan Avropa Şurasına dəvət almaq üçün 1992-ci ildə müraciət etmişdi. 1996-cı ildə AŞPA Bürosu ölkəmizə “xüsusi dəvət edilmiş qonaq” statusu vermişdi. Azərbaycan 2001-ci il yanvarın 25-də rəsmən Avropa Şurasına üzv qəbul olundu.

Bəs, iyunun 28-də dünyada daha hansı hadisələr baş verib?

1. 1902-ci il 28 iyunda Amerika Birləşmiş Ştatları Fransa firmalarının birindən Panama kanalının tikintisi üçün konsessiya aldı. Həmin konsessiya ABŞ-a 40 milyon dollara başa gəldi. 2000-ci ilin payızında isə Amerikanın Panama kanalının üzərindəki nəzarətinə rəsmi şəkildə son qoyuldu. Qeyd edək ki, Panama kanalının uzunluğu 81,6 kilometr, ən enli yeri 150, dərinliyi 13,5 metrdir. Kanala 40 min tonadək yük götürən gəmilər daxil ola bilir.                                     

2. 1914-cü il iyunun 28-də Sarayevo şəhərində serb millətçisi Qavrila Prinsip Avstriya-Macarıstan imperiyası taxt-tacının vəliəhdi Frans Ferdinand və həyat yoldaşını qətlə yetirdi. Bu hadisə Birinci Dünya Müharibəsinin başlanması üçün bəhanə oldu.  

3. 1919-ci il iyunun 28-də Almaniya ilə qalib dövlətlər arasında Birinci Dünya Müharibəsinə son qoyan Versal Sülh Müqaviləsi imzalandı.

Qalib dövlətlər – ABŞ, İngiltərə, Fransa, İtaliya, Yaponiya, eləcə də daha 21 ölkə dünya xəritəsində dəyişiklik etdilər. Müqaviləyə görə, Almaniya bütün müstəmləkələrindən mərhum oldu, ordusu məhdudlaşdırıldı və milyardlarla mark müharibə təzminatı ödəmək məcburiyyətində qaldı. Bu müqavilənin ağır iqtisadi şərtləri Almaniyanı iflasa uğratdı və Adolf Hitlerin rəhbərlik etdiyi Nasist Partiyasının önünü açdı. Versal müqaviləsindən sonra Avropada bir neçə yeni dövlət yarandı. Qeyd edək ki, Azərbaycan Demokratik Cümhuriyyətin nümayəndələri də Versal konfransında iştirak ediblər.  

4. 28 iyun 1991-ci ildə Dağlıq Qarabağdakı erməni silahlı birləşmələri Martuni (Xocavənd) rayonunun azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum ediblər, kəndin 6 sakini qətlə yetirilib. Bu, Dağlıq Qarabağda ermənilərin həyata keçirdiyi ilk böyük qırğın idi. Hadisə ilə bağlı Azərbaycan Ali Soveti SSRİ rəhbərliyinə müraciət etsə də, konkret reaksiya olmadı.

5.İkinci Körfəz Müharibəsi ilə İraqı işğal edən ABŞ 2004-cü ilin 28 iyun tarixində hakimiyyəti baş nazir İyad Alləvi tərəfindən qurulan müvəqqəti hökumətə təhvil verdi.

28 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Məşhur flamand rəssamı Piter Pauls Rubens 1577-ci ilin bu günü anadan olub.  “Çarmıxın dikəldilməsi”, “Çarmıxdan azadetmə” əsərlərilə tanınan Rubensin yaradıcılıq üslubu 35-43 yaşlarında (1612-1620) yaratdığı mifoloji “Persey və Andromeda”, “Levkippin qızlarının oğurlanması”, “Məhşər günü” və digər əsərlərilə tam yetkinləşdi. Ümumilikdə Piter Pauls Rubensin yaradıcılığı bütün Avropa təsviri sənətinə güclü təsir göstərib. (1577-1640)
 

2. Məşhur fransız maarifçisi, filosof, yazıçı və bəstəkar Jan Jak Russo 1712-ci il 28 iyunda Cenevrədə doğulub (1712-1778).

3. Rusiya imperiyasının Azərbaycan əsilli hərbi xadimi, tam süvari qoşunu general-leytenantı Hüseyn xan Naxçıvanskinin doğum günüdür (1863- 1919). Hüseyn xan Rusiya-Yaponiya müharibəsində (1904-1905) qafqazlılardan təşkil olunmuş 2-ci Dağıstan süvari alayının komandiri olub. Hüseyn xan Kəlbalı xan oğlu Naxçıvanski 1919-cu ildə Petroqradda bolşeviklər tərəfindən güllələnib və Aleksandr Nevski monastırının qəbiristanlığında dəfn olunub.

4. Azərbaycan milli mətbuatının banisi, görkəmli maarif xadimi Həsən bəy Zərdabi 1837-ci ilin 28 iyununda Göyçay qəzasının Zərdab kəndində anadan olub.  Azərbaycan peşəkar teatrının yaradıcılarından olan H.Zərdabi “Əkinçi” qəzetini nəşr etdirməklə Azərbaycan milli mətbuatının əsasını qoyub. (1837-1907)

5. Azərbaycanın böyük hərbi xadimi, general-leytenant Hüseyn bəy Naxçıvanski 1863-cü ilin bu günü anadan olub. Çarın xüsusi süvari qoşununda xidmət edən Azərbaycan hərbçisi haqqında rus yazıçısı Aleksandr Soljenitsin “14 avqust” romanında yazır: “Sankt-Peterburq zadəganlarının say-seçmə üzvlərindən ibarət qvardiya süvarilərinə Hüseyn bəy Naxçıvanski komandanlıq edirdi”.  Birinci Dünya Müharibəsi cəbhələrində göstərdiyi qəhrəmanlığa görə Rusiyanın ən yüksək hərbi mükafatlara layiq görülmüş H.Naxçıvanski Sankt-Peterburqdakı Aleksandr Nevski qəbiristanlığında dəfn olunub. (1863-1919)
 

6. Azərbaycanın görkəmli səhnə xadimi, xalq artisti Barat Şəkinskaya 1914-cü ilin 28 iyununda doğulub.  Dünya və Azərbaycan dramaturqlarının əsərlərində yaddaqalan obrazlar yaratmış, bir neçə bədii filmə də çəkilmiş B.Şəkinskayanın Dezdemonası və Şirini Azərbaycan səhnəsinin ən parlaq qadın obrazlarındandır. (1914 –2000)
7. 1945-ci ilin bu günündə Məşhur türk aktrisası Türkan Şoray anadan olub. Əslən Azərbaycandan olan Türkan Şorayı Türkiyənin mirvarisi adlandırırlar. İlk dəfə filmə 15 yaşında çəkilib, 28 yaşına çatanda çəkildiyi filmlərin sayı 200-ə çatıb. Bu, ildə orta hesabla 13-14 film deməkdir. Vətən qarşısında xidmətlərinə görə ona Türkiyənin Dövlət Sənətçisi fəxri adı verilib.

Surxay Atakişiyev, Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
18
bizim.media

10Mənbələr