AZ

Azərbaycan Ordusu dövlətimizin təhlükəsizliyinin, ərazi bütövlüyümüzün və müstəqilliyimizin qarantıdır

  

“Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik... Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir” - Ulu Öndər Heydər Əliyev

 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcudluğu və şərəfli tarixi bütün ömrünü xalqının xoşbəxtliyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş Ümummilli Lideri Heydər Əliyevin adı ilə sıx bağlıdır. Məhz Ulu Öndərin yorulmaz fəaliyyəti, siyasi uzaqgörənliyi və böyük təşkilatçılıq qabiliyyəti sayəsində müstəqil  Azərbaycanın Ordusu yaradılmış, onun inkişafı, modernləşdirilməsi  və möhkəmləndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Ümummilli Liderimizin rəhbərliyi ilə qısa müddətdə ordunun qanunvericilik bazası təkmilləşdirilmiş, “Silahlı Qüvvələr haqqında”, “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanunlar qəbul edilmişdir.

Ulu Öndərin 22 may 1998-ci il tarixli fərmanına əsasən, 26 iyun tarixi Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilmişdir.

Dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də müasir və modern Azərbaycan Ordusunun yaradıcısı Ümummilli Lider Heydər Əliyevin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən çox uğurla uğurla davam etdirilir. Aparılmış məqsədyönlü tədbirlərin və həyata keçirilən islahatların məntiqi nəticəsidir ki, Azərbaycan ordusu bu gün regionun ən güclü ordusu statusuna malikdir, dünyanın ən güclü orduları sırasındadır. Azərbaycan ordusu Qalib ölkənin Qalib Ordusu olduğunu bütün dünyaya bəyan etdi. Ali Baş Komandanımızın qətiyyəti və böyük sərkərdəlik qabiliyyəti sayəsində qüdrətli ordumuz öz tarixi missiyasını ləyaqətlə yerinə yetirdi, 30 illik torpaq həsrətinə son qoydu, 44 gün davam edən İkinci Qarabağ müharibəsində, eləcə də 2023-cü ilin sentyabr ayında antiterror əməliyyatlarında böyük şücaət və qəhrəmanlıqlar göstərərək erməni işğalçılarını torpaqlarımızdan qovdu, tariximizə qızıl hərflərlə şanlı Zəfər səlnaməsini yazdı, Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi. 

Bu gün müzəffər Ordumuz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında döyüş və mənəvi-psixoloji hazırlıq sahələrində böyük uğurlar əldə edərək gündən-günə daha da güclənir və qüdrətlənir. Ordumuzun hərbi təchizatı, taktiki-döyüş hazırlığı ən yüksək səviyyəyə qalxmışdır. Azərbaycan Ordusunun yüksək hazırlıqlı zabit, gizir-miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları və mülki heyətlə keyfiyyətli komplektləşdirilməsi istiqamətində vacib işlər aparılır. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı, gizir hazırlığı və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlanması üçün mütəmadi olaraq toplanışlar təşkil olunur və keçirilir. Müasir müharibələrin tələblərinə uyğun kadrların hazırlanmasının təkmilləşdirilməsi məqsədilə sürətlə dəyişən əməliyyat mühitində çevik qərar qəbul edən və yüksək adaptasiya qabiliyyəti olan kadrların hazırlanması istiqamətində xarici ölkələrin qabaqcıl təcrübələri öyrənilir, mənimsənilir və ölkəmizin hərbi maraqlarına uyğunlaşdırılaraq Azərbaycan Ordusunda tətbiq olunur. Orduya dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qarantı kimi baxan hər bir Azərbaycan vətəndaşı bu gün öz ordusu ilə fəxr edir.

“Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi”- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 

Yusif Əliyev 

Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşı, Vətən müharibəsi iştirakçısı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
21
missiya.az

10Mənbələr