AZ

XXI əsrdə heç bir ordu Azərbaycan Ordusu qədər peşəkarlıq, fədakarlıq göstərməyib

“Bu gün Azərbaycan Ordusunun keçdiyi 106 illik şərəfli yolun təhlili fonunda qarşıdakı dövrün hədəfləri açıqlanır. Digər bayramlarımız kimi, Silahlı Qüvvələr Gününü də Zəfər ovqatında, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinin sevinci ab-havasında qeyd edirik. Hesabat xarakteri daşıyan bayram günləri, əlamətdar hadisələr qazanılan uğurlara baxış əsasında yeni prioritetlərin müəyyənləşdirilməsini bir tələb kimi qarşıya qoyur. Hər dövrün öz çağırışları vardır. Azərbaycan Ordusunun ötən bu dövr ərzində maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş qabiliyyətinin artırılması, ən əsası beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində atılan addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələr kimi, ordu quruculuğunda da yaradılan möhkəm təməl bugünkü uğurlarımızda stimulverici amildir. Azərbaycanın dünyaya səs salan tarixi Zəfəri Azərbaycan Ordusunun nəyə qadir olduğunu nümayiş etdirdi. Ulu Öndər Heydər Əliyev bu çağırışı etmişdir ki, etibarlı, güclü, Vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz.” Bu fikirləri Milli Məclisin deputatı Nurlan Həsənov bildirib.Millət vəkili qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı: “Məhz elə buna görə də deyə bilərik ki, silahlı qüvvələrimizin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. Dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Peşəkar kadr hazırlığı prioritet məsələ kimi öndə dayandı. Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu ildə Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzaladı. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarilə yeni inkişaf mərhələsi kimi dəyərləndirildi. 2001-ci ildə isə Ümummilli Liderin Fərmanı əsasında Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı.”Nurlan Həsənov vurğulayıb ki, son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev ordu quruculuğu istiqamətində mühüm addımlar atır və bunların nəticəsi olaraq Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb: “Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradılıb. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib.”Millət vəkili tarixi Zəfərimizin dünyaya təqdimatı, eyni zamanda, qardaşlığın rəmzi olan 10 dekabr 2020-ci il tarixdə keçirilən Zəfər paradından bəhs edib: “Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda möhtəşəm Zəfər Paradı keçirildi. Dövlətimizin başçısının 2018-ci ildə keçirilən paradda dediyi kimi, düşmənin ələ keçirilən silah-sursat və texnikası ilə yanaşı, işğaldan azad olunan ərazilərimizdə qaldırılan dövlət bayraqlarımız da Zəfər Paradında nümayiş etdirildi.Azərbayca-Türkiyə əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Azərbaycan və Türkiyə hərbi əməkdaşlığı tükənməz perspektivə malikdir. İki ölkənin silahlı qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və həyata keçirilən çoxsaylı birgə təlimlər də birlik və əməkdaşlığın önəmli istiqamətlərindəndir. Prezident İlham Əliyevin milli Ordumuzun Türkiyə ordusunun modeli əsasında yenidən qurulması təşəbbüsü çağdaş dövrün çağırışlarına və Azərbaycanın müdafiə qabiliyyətinin daha da artırılmasına hədəflənən ordu quruculuğu strategiyasıdır. Bu strategiyanın uğurla həyata keçirilməsi Silahlı Qüvvələrimizin göstəricilərini daha yüksək səviyyəyə qaldırılmasını təmin edəcək və ölkəmizin müdafiə qabiliyyətini daha da artıracaq. Türkiyə hərbi sənayesi ilə milli hərbi sənayemizin birgə əməkdaşlığı qarşıya qoyulan məqsədlərə nail olunmasına mühüm töhfələr verəcək.”Nurlan Həsənov diqqəti müstəqillik tariximizə yazılan Zəfər səhifələrinin fonunda istər ordu quruculuğu, istərsə də Qarabağımızın və Şərqi Zəngəzurumuzun dirçəldilməsi istiqamətində atılan addımlara, yeni hədəflərə yönəldərək bildirib ki, dövlət başçısı İlham Əliyevin hər bir çıxışı özündə mühüm çağırışları ehtiva edir, gələcəkdə görülən işlərin təqdimatı olur: “Ötən il Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunması, Xankəndidə, Xocalıda, Xankəndidə, Ağdərədə Azərbaycan Bayrağının ucaldılması, Xankəndi şəhərində Vətən müharibəsində Zəfərimizin üçüncü ildönümünə həsr edilən hərbi paradın keçirilməsi gələcəklə bağlı yeni hədəflərə yol açdı. Xankəndi şəhərində keçirilən Zəfər paradında Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha bu çağırışı etdi ki, XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ, tarixi ədaləti, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik: “Düşmən bizim qabağımızda diz çökdü və bu gün mən burada müzəffər Silahlı Qüvvələrin qarşısında çıxış edirəm. Yəni, biz bütün vəzifələri icra etmişik, ancaq bununla bərabər, bundan sonra da ordu quruculuğu məsələləri bizim üçün prioritet məsələlərdən biri olacaq. Bunu hamı bilsin və heç kim bunu unutmasın.”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
21
sesqazeti.az

10Mənbələr