AZ

Avtoqol AÇ-2024-ün “bombardiridi”

Dünənki oyunları nəzərə almasaq, AÇ-2024-də keçirilən ilk 18 qarşılaşmada qapılara 47 qol vurulub.

Hələ ki yalnız bir futbolçu – Camal Musiala 1-dən artıq qol vurub. 47 qoldan 5-i (10 faizi) avtoqol sayəsində vurulub. Ona görə də hazırda AÇ-nin “bombardiri” məhz avtoqoldu!

Hələ ki bu turnirdə almaniyalı Antonio Rüdiger, avstriyalı Maksimilian Veber, çexiyalı Robin Qranaç, albaniyalı Klaus Qyasulya və italiyalı Rikkardo Kalafyori topu öz qapısına göndərməklə diqqət mərkəzinə düşüb. Qarşıda hələ kifayət qədər oyunun olduğunu nəzərə alsaq, avtoqol bundan əvvəlki AÇ-də qeydə alınan rekordunu yeniləyə bilər. 1960-dan bu yana, yəni bu turnirin tarixində ümumilikdə 25 avtoqol qeydə alınıb və bunlardan 11-i AÇ-2020-yə təsadüf edib! Maraq üçün bildirək ki, turnirin tarixində ilk avtoqol AÇ-76-nın yarımfinalında vurulub. Həmin vaxt çexoslovakiyalı Anton Ondruş Niderlandla oyunda “fərqlənmişdi”.

İkinci avtoqolu isə 20 il gözləmək lazım gəldi. Bu dəfə AÇ-1996-da bolqarıstanlı Lüboslav Penev Fransa ilə oyunda topu öz qapısına göndərdi. Avtoqoldan ən çox xeyir görən komanda Fransadı. “Xoruzlar”ın rəqibləri 4 dəfə topu öz qapılarına göndəriblər. Onu da bildirək ki, bundan əvvəlki nəhəng turnirdə - DÇ-2022-də 64 qarşılaşmada cəmi 2 avtoqol qeydə alınmışdı.

Seçilən
104
6
football-plus.az

7Mənbələr