AZ

Fransa Ermənistanı "yeni müharibə" niyyəti ilə silahlandırır

“Fransanın pozucu hərəkətləri davam edir”.

Bunu Bakıvaxtı.az-a politoloq Fuad Abbasov Fransa və Ermənistanın hərbi-texniki əməkdaşlığa dair yeni razılaşmalar əldə etməsinə münasibət bildirərəkən deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən əvvəl Ermənistan müdafiə naziri David Tonoyanın "yeni torpaqlar, yeni müharibələr" adlı şüarı ilə qarşı-qarşıya idik.

Ekspert xatırladıb ki, müharibədən sonra keçilməz deyilən "Ohanyan səddi”nin bir neçə saatda keçilməsinin, bir neçə gündən sonra Ermənistanın biabırçı məğlubiyyətinin və Tonoyanın həbsxanaya getməsinin şahidi olduq:

"Tonoyanın xələfi Suren Papikyan da öz həmkarının uğursuz yolunu getməkdədir. Ermənistan "yenidən hücum" və "yeni müharibə" niyyəti ilə Fransa tərəfindən silahlandırılmaqdadır. Fransa qeyri-konstruktiv addımlar atır. Əlbəttə, burada Fransanın öz silahlarını hansısa ölkəyə satmasından, ticari anlaşmalarından söhbət getmir. Paris hərbi texnikalarını sataraq pul qazana bilər. Məsələ ondadır ki, Fransa kasıb Ermənistanla ticari əlaqələr qurmur. Ermənistanın indiki vəziyyətdə bahalı hücum və müdafiə silahları alması qeyri-mümkündür. Yəni Fransa və digər dövlətlərin hələ də işğalçı və təcavüzkar siyasətdən əl çəkməyən Ermənistana hansı məqsədlə və hansı metodlarla silah-sursat "satdığı" bəllidir. Ermənistan terrorçu, separatçı və revanşist mahiyyətindən əl çəkə bilmir".

Həmsöhbətimizin qənaətincə, Fransanın Ermənistana silah dəstəyi və təhriki Paşinyan hökuməti üçün müsbət heç nə vəd etmir. Kənardan prosesləri izləyən Rusiya da bunun fərqindədir:

"Bütün Avropa ölkələri və ABŞ Ukraynanı Rusiyaya qarşı ağır texnikalarla silahlandırdı. Bunun nəticəsi odur ki, minlərlə insan - hərbçilər və mülki şəxslər həyatını itirdi və itirməkdə davam edir. İndiyədək müharibənin nə qalibi, nə də məğlub tərəfi məlumdur. Əgər Fransanın məqsədlərindən biri Ermənistana silah-sursat daşıyaraq, onu nəyəsə təhrik etməkdirsə, Rusiyanın bölgədə mövqelərini zəiflədərək bölgədən çıxarmaqdırsa, Moskva bir müddətdən sonra buna seyirçi qalmayacaq”.

Fuad Abbasov: Fransanın Ermənistana silah dəstəyi Paşinyan hökuməti üçün müsbət heç nə vəd etmir

Müsahibimizə görə, ola bilsin, Fransanın Cənubi Qafqazda yeni cəbhə açmaq fikri var:

“Fransa ilə gərgin münasibətdə olan Türkiyə və Azərbaycan da buna laqeyd qalmayacaq. Cənubi Qafqazda söz sahibi ölkələr Azərbaycan, Rusiya və Türkiyədir. Ona görə də İrəvanın Fransadan hərbi dəstək almasının heç bir məntiqi əsası yoxdur. Çünki bu cür addımlar bölgəni savaşa sürükləyən destruktiv hərəkətlərdir".

Qeyd edək ki, Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya səfəri çərçivəsində həmkarı Sebastyan Lekornu ilə görüşüb. Danışıqlar zamanı hərbi-texniki əməkdaşlığa dair yeni razılaşmalar əldə olunub. Ermənistan Müdafiə Nazirliyi və Fransanın hərbi-sənaye şirkəti KNDS arasında müvafiq saziş imzalanıb. Həmçinin, Ermənistanın müdafiə naziri silahlı qüvvələrdə Fransa ilə əməkdaşlıq çərçivəsində aparılan islahatların gedişatını təqdim edib.

Aydın Baxış

Seçilən
164
50
bakivaxti.az

10Mənbələr