AZ

Belçikanın 38 il əvvəlki “qələbə”si və dünənki məğlubiyyəti

 

İndiki cavanlar bilməz, 38 il bundan əvvəl futbol üzrə dünya çempionatında maraqlı bir hadisə olmuşdu.

O olayı mənim yadıma futbol üzrə Avropa çempionatında dünən axşam oynanılan Belçika-Slovakiya matçı saldı.

38 il öncəki hadisə isə Belçika-SSRİ yığma komandalarının görüşündə baş vermişdi.

1986-cı il mundialı Meksikada keçirilirdi. O çempionat dünya tarixinə “Maradonanın çempionatı” kimi düşüb. Argentina millisinin kapitanı dolu çəllək kimi yumbalana-yumbalana gedir, önünə çıxan maneəni aşır, qollar vururdu.

Amma o vaxt SSRİ yığması da çox formadaydı. Əslində o komandanı “SSRİ yığması” adlandırmaq da düz olmazdı. Ona görə ki, komandanın heyətində Kiyev “Dinamo”sundan 11 oyunçu vardı. Bundan başqa, əsas heyətin daha 3 oyunçusu da “Dnepr”dən dəvət olunmuşdu. Bir-iki oyunçu da o biri komandalardan dəvət etmişdilər ki, rəngarənlik olsun. Komandanın baş məşqçisi Valeri Lobanovski Kiyev “Dinamo”sunun baş məşqçisi idi. Çempionatdan 15-20 gün qabaq Eduard Malofayevi çıxarıb onu təyin etmişdilər.

Xüləs, gözlənilirdi ki, kiyevlilər finala qədər gedəcək. SSRİ komandası qrup birincisi kimi növbəti mərhələyə keçmişdi, amma 1\8 finalda Belçika ilə oyunda “ilişdi”. Halbuki Belçika qrupdan zorla, üçüncü olaraq çıxmışdı.

Meksika ilə bizim (yəni SSRİ və onun tərkibindəki Azərbaycanın) arasında böyük zaman fərqi olduğundan biz gecə saat təxminən 3-4 radələrində olan oyuna canlı-canlı baxa bilməmişdik. Səhər açıldı, oyunun nəticəsindən xəbərsizik. İndiki kimi internet yox, onlayn saytlar yox, hesabı haradan bilə bilərdik? Sovet teleradioları oyunun hesabını demədən günorta radələrində SSRİ-Belçika matçının videoyazısını verirlər. oturub baxırıq. Düzdür, bir nəfər haradan eşitmişdisə (güman ki, Bi-Bi-Si və ya “Amerikanın səsi” radisoundan), deyirdi, SSRİ uduzub, amma hətta oyuna baxanda da o sözə inanmırdıq. İnsafən, bizimkilər çox yaxşı oynayır, qollar vurur, belçikalılar da cavab qolu vurub hesabı bərabərləşdirirdilər. Əsas vaxt 2:2 hesabıyla başa çatdı. 30 dəqiqəlik əlavə vaxtda SSRİ bir qol vurdu, belçikalılar isə ard-arda ofsayddan iki qol vurub qələbə qazandılar.

O vaxt VAR yox idi. Var-yoxuna lənət olmuş laysman ofsaydı qeydə almadı. isveçli hakim Erik Frederikson da isə qolları hesaba aldı.

Elə bir dövr idi ki, bütün Avropanın SSRİ-dən zəhləsi gedirdi. Ona görə də bu oyunun nəticəsinin belə olmasını siyasi səbəblərə bağladıq. Yerli azarkeşlərdən bir neçəsi səhərdən axşama qədər çayxanada əllərini üzlərinə söykəyib heykəl kimi oturdu. Haqsızlıqdan o dərəcədə sarsılmışdılar.

Belçika yığması isə yarımfinala qədər getdi. O vaxr o komandanın yaxşı oyunçuları vardı: Pfaff, Kulemans, Şifo, Demol. Pfaff mundialın ən yaxşı qapıçısı, Şifo isə ən yaxşı gənc oyunçusu oldu. Amma onların SSRİ üzərindəki qələbəsi, indiki terminlərlə desək, halal deyildi.

Dünən VAR olmasaydı, Belçika Slovakiya üzərində yenə bir “haram qələbə” qazanacaqdı. 1:0 hesabı ilə geridə olduqları vaxt bu komandanın forvardı Romelu Lukakı əvvəlcə ofsayddan bir qol vurdu. Hesab, guya ki, bərabərləşdi. Komandanın baş məşqçisi bambılı-bambılı dingildədi, amma VAR qolu analiz edəndə məlum oldu ki, ofsayd var. İkinci dəfə Lukakı komanda yoldaşının topu əli ilə ram edərək verdiyi ötürmədən daha bir qol vurdu. VAR baxışı göstərdi ki, bu da “halal qol” deyil. Nəticədə Belçika uduzdu.

kulekaku.JPG

                                  Yan Kulemans                             Romelu Lukaku

VAR olmasaydı, bu komanda 2:1 hesabıyla qalib gələcək, Lukaku bombardir olacaq, şərhçilər Belçkika yığmasını çempionatının ən iddialı komandası adlandıracaqdılar. Amma indi Avropanın mərkəzində yerləşən bu ölkənin Afrika komandalarını andıran milli komandası xalsızdır və necə deyərlər, bir sonrakı matça hazırlaşır.

VAR yaxşı şeydir. Ədalət tərəsizisidir. Hakim hesabına qələbə qazanan titullu komandaların eşşəyi ölmüş kimidir.

Əgər 38 il öncə VAR tətbiqi olsaydı, bəlkə də Argentina çempion olmazdı, Maradonanın İngiltərənin qapısına əli ilə vurduğu qol hesaba alınmasa, kim bilir, nələr olardı. VAR olsaydı, Belçikanın SSRİ-yə vurduğu qollar da hesaba alınmazdı və növbəti mərhələyə Zavarovgil çıxardı. Yəni, savadlı adamlar demişkən, hipotetik olaraq SSRİ 1986-cı ildə dünya çempionu ola bilərmiş.

Hər halda, dünən axşam “buynuzsuz qoçun qisasının buynuzluda qalmaması” haqq-hesabı baş verdi. Fikir verdim, belçikalı azarkeşlər çox üzgün idilər – eynilə bizim 38 il əvvəl olduğumuz kimi. Fərq ondaydı ki, indi haqq-ədalət qalib gəlmişdi, o vaxt isə qərəz və cığallıq.

Daha bir paralel odur ki, 38 il əvvəlki kimi hələ də Avropanın Rusiyadan zəhləsi gedir, amma bu ölkənin komandasını bəri başdan “ofsayd”a salıb, çempionata buraxmayıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
28
musavat.com

10Mənbələr