AZ

Qohum evliliyi ləğv edilir, amma...

Azərbaycanda əmi, dayı və xala uşaqlarının nikahı qadağan edilə bilər. Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin dünən, iyunun 11-də keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Vurğulanıb ki, dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin riski olduqca yüksəkdir.

Habelə, Azərbaycanda nikah yaşının 1 il azaldılmasına yol verilən hal da aradan qaldırılır. Üstəlik, 16 yaşına çatmayan şəxsin erkən evliliyini təşkil edən valideynlər üçün cəzalar müəyyənləşir.

Bundan əvvəl qanun yalnız yaxın qohumlar, o cümlədən qardaş və bacılar arasında nikaha icazə vermirdi.

Rəsmilər deyir ki, ölkədə qohum evliliyinin sayı ilbəil artır. Ədliyyə Nazirliyinin məlumatına görə, qohum hesab edilən şəxslər arasında qeydə alınmış nikahların sayı 2021-ci ildə 2 min 363, 2022-ci ildə isə 2 min 542 olub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Turana bildirilib ki, elmi araşdırmalara görə qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir və dünya əhalisinin bir qismi bu problemdən əziyyət çəkir: “Yad cütlüklər arasında nikahlar nəticəsində əlilliyi olan uşaqların doğulması riski 2-4 faizdirsə, qohum evliliklərdən risk 4-8 faizədək artır”.

Qurumdan qeyd olunub ki, qan qohumları arasında bağlanan nikahların mənfi nəticələrini nəzərə alaraq dövlət tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir, qanunvericiliyə dəyişikliklər edilir: “Eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən Səhiyyə Nazirliyinin ekspertlərin iştirakı ilə mütəmadi olaraq yeniyetmə və gənclərin, valideynlərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsini artıran, onların informasiya təminatının yaxşılaşdırılmasına yardım edən görüşlər keçirilir, maarifləndirici vəsaitlər dərc edilir və yayımlanır”.

Qurumdan bildirilib ki, yalnız 2023-cü il ərzində ümumilikdə 107 maarifləndirici tədbir keçirilib, bundan 210 297 faydalanan olub: “İl ərzində 13 elektron poster Komitənin rəsmi saytında və facebook səhifəsində, eyni zamanda əhalinin geniş kütləsinin istifadə etdiyi məkanlarda yerləşdirilib, 4000 stiker hazırlanıb və tədbir iştirakçılarına paylanılıb, 1 sosial reklam TV, sosial şəbəkələr vasitəsilə yayımlanıb. Mərkəzlər tərəfindən inzibati ərazi dairəsi üzrə nümayəndəliklərə erkən nikahların qarşısının alınması məqsədilə 213 məktub və erkən nikahların fəsadlarını izah edən 1460 nüsxə “Ailə başçısına məktub” adlı məlumat vərəqələri əhali arasında paylanılması üçün göndərilib”.

Lakin Komitədən o da qeyd olunub ki, dövlət tərəfindən sözügedən məsələnin həlli istiqamətində lazımi tədbirlərin görülməsinə baxmayaraq bəzi ailələrdə müşahidə olunan ənənəvi stereotiplər, qohumların evlənməsinə müsbət yanaşılması kimi patriarxal düşüncələr belə nikah hallarının baş verməsinə səbəb olur: “Son illər ərzində sağlamlıq problemləri ilə, irsi genetik xəstəliklərlə, xüsusilə də anadangəlmə anomaliyalar, deformasiyalar və xromosom pozuntuları ilə, talassemiya xəstəliyi ilə qeydə alınmış uşaqların sayında artım cəmiyyətin imkanlarını bu məsələnin həllinə yönəltməyin və bu istiqamətdə ciddi tədbirlərin görülməsinin vacibliyini göstərir. Ölkədə təxminən 70 minə yaxın əlilliyi olan uşaq var. Bununla yanaşı ictimai fəal insanların, ümumilikdə bütün cəmiyyət üzvlərinin də belə halların qarşısının alınmasında yaxından iştirak etməsi cəmiyyətdə qohum nikahlarla bağlı düzgün münasibətin formalaşmasında və məsələnin həllində öz tövhəsini verəcək”.

Ekspertlər hesab edirlər ki, qanunvericiliyə dəyişikliklər qeyri-rəsmi nikahların da sayının artmasına gətirib çıxara bilər.

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, nikah bağlanan şəxslərin qohum olub-olmadığını müəyyənləşdirmək çətin olacaq: "Soyadını dəyişib gedib evlənəcəklər. Soyadları fərqlidirsə, qohum olub-olmadığını öyrənmək lap çətindir. Yalnız uşaq xəstə doğularsa, onda valideynlərin qohum olduğunu araşdırırlar. Yaxşı olardı ki, həkimlər, alimlər, mütəxəssislər üçün rayonlara səfər etməyə, əhali ilə görüşməyə, ünsiyyət qurmağa, maarifləndirməyə şərait yaradılsın".

O hesab edir ki, qohum nikahların sayı rəsmi statistik məlumatlarda göstərilən sayından daha artıq ola bilər. "Bununla bağlı statistikanı təqdim edəndə bu məlumatları necə, hansı faktorlarla aşkar etdiklərini göstərmirlər. Necə müəyyən olub ki, bu sayda qohum evlilikləri var? Bu, bəlli deyilsə, statistikanın daha yuxarı olduğu ehtimalı da var", - ekspert AzadlıqRadiosuna bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
19
turan.az

10Mənbələr