AZ

Azərbaycanda qohum evliliyi: Qadağaya qarşı çıxanlar da var...

Azərbaycanda Ailə Məcəlləsinə, həmçinin əlaqəli qanunvericiliyə dəyişikliklər edilməsi nəzərdə tutulub. Dəyişikliklə nikahın bağlanmasına mane olan halların sayı artırılır. Belə ki, məcəlləyə aşağıdakı hallar əlavə edilir: qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu.

 

Bunlardan əlavə yetkinlik yaşına çatmayanların toy və nişan mərasimlərini keçirənlərin cəzaları artırılacaq.

 

Qohum evliliyin qadağan olunması isə cəmiyyətdə müzakirələrə səbəb olub. Əksəriyyət sözügedən qanunu dəstəkləyib, lakin buna qarşı çıxanlar da az deyil.

 

Deputat Rəşad Mahmudov parlamentin komitə iclasında bildirib ki, qohum evliliklərini qadağan etmək beynəlxalq hüquq səviyyəsində problemlər yarada bilər.

 

“Bu əgər əmi uşaqlarının, bibi uşaqlarının evlənməsini qadağan edən maddədirsə, burada dini məsələlər, milli dəyərlərimiz və insanların hüquq və azadlıqları iki qütbə ayrılır. Bu cür evlilikləri qadağan etmək, bəlkə də, beynəlxalq hüquq səviyyəsində suallar, problemlər yarada bilər. Düşünürəm ki, bu məsələdə insanları maarifləndirərək, bilgi verərək mane ola bilərik. Fikrimcə, buna əngəl olmaqla, qadağa qoymaqla əksinə ona qarşı gələnlərin, alternativ yollar axtaranların sayı artacaq”, - deyə deputat qeyd edib.

 

Komitənin digər üzvü Nurlan Həsənov Rəşad Mahmudovun erkən nikahların beynəlxalq hüquq baxımından problem yarada biləcəyi ilə bağlı sualına cavab olaraq deyib ki, beynəlxalq hüquqda bu məsələ ilə bağlı qadağanedici norma tapmayıb: “Avropa ölkələrinin qanunvericiliyinə baxsaq, Almaniyanın ailə qanunvericiliyində, İsveçrədə bununla bağlı qadağalar var. Düşünmürəm ki, bu qadağalar beynəlxalq hüquqla bağlı Azərbaycana hər hansı problem yaratsın”.

Qohum evlilikləri də artır...

 

Qeyd edək ki, Azərbaycanda son illərdə qohum evliliklərinin sayı artıb. Bir müddət əvvəl bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova məlumat verib. Komitə sədri bildirib ki, 2021-ci ildə Azərbaycanda qohumlar arasında 2363 nikah qeydə alınıb, onlardan 204-ü boşanıb.

 

"2022-ci ildə isə ölkədə 2542 qohum nikahı qeydə alınıb, onlardan da 608 nəfəri boşanıb. Bu rəqəmlər deməyə əsas verir ki, ölkədə qohum evliliklərinin sayı artıb", - Bahar Muradova deyib.

 

O əlavə edib ki, bu kimi evliliklərinin qarşısının alınması üçün ciddi tədbirlər görülməlidir. Qohum evlilikləri ən çox Bakıda (742), Mil-Muğan (296) və Lənkəran-Astara (274) regionlarında qeydə alınıb.

 

Modern.az-a danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, qphum evliliklərinin qadağan edilməsi uzun müddətdir müzakirə olunurdu:

 

“Bilirik ki, bu məsələ yalnız Azərbaycanla bağlı məsələ deyil. Qohum evlilikləri, ondan əmələ gələn fəsadlar qlobal xarakter daşıyır. Dünyada bu məsələ ilə bağlı araşdırmalar aparılır. Qohum evlilikləri dünyaya gələn uşaqların sağlamlığı üçün nə qədər təhdid yaradır məsələsi bütün ölkələrdə müzakirə olunur. Əksər ölkələrdə bununla bağlı tədbirlər görülürdü və Azərbaycanda da müzakirə olunurdu. Bu məsələnin çox ciddi diaqnostik qiymətləndirməyə ehtiyacı var. Həqiqətən də bu evliliklər yeni doğulanların sağlamlığını təhdid edirmi? Bununla bağlı hesab edirəm ki, qlobal miqyasda aparılan tədqiqatlar təhlil edilməlidir”. 

 

O bildirib ki, Azərbaycanda əvvəllər qohum evlilikləri spesifik idi. Burada uzun müddət qohum evlilikləri dominantlıq təşkil edib:

 

“Hesab edirəm ki, ölkəmizdə də sahə mütəxəssislərinin belə tədqiqat aparmasına ehtiyac var. Bu tədqiqatların nəticələri təsdiq edərsə ki, bu evliliklər yeni doğulanların sağlamlığını təhdid edir, millətimizin və gələcək nəsillərin sağlamlığı naminə addımlar atmaq məcburiyyətindəyik. Bununla bağlı mübahisəli məsələlər çoxdur. Bəzi insanlar belə qadağaların insanların seçim imkanlarını məhdudlaşdırdığını düşünür. Amma əgər bu məsələ millətin, gələcək nəsillərin sağlamlığı üçün təhdid yaradırsa, milli mənafe naminə fərdi mənafeləri güzəştə getməyi bacarmalıyıq. Bu baxımdan müzakirə olunan bu məsələ çox ciddi və dəqiq tədqiqat tələb edir. Bütün hallarda qərarlar rasional, ciddi elmin tədqiqatları əsasında verilməlidir. Əgər bu qərar belə tədqiqat nəticəsində alınıbsa, bu qərarı təqdir edirəm”.

 

Sosioloqun sözlərinə görə, burada bir nüansa fikir vermək lazımdır ki, qohum evlilikləri hansı dairəni əhatə etməlidir:

 

“Düzdür, orada qeyd edilib ki, ümumi baba və nənəyə malik olan qohumların evlənməsi qadağan ediləcək. Hansı qohumluq münasibətlərinin sağlamlığı təhdid etmə ehtimalı dəqiq araşdırılmalıdır. Hesab edirəm ki, bununla bağlı ictimai auditoriyaya çatdırılması da vacibdir. Xüsusilə də bölgələrdə bu evliliklər daha çoxdur. Ona görə də həmin regionlarda bu qanunla bağlı maarifləndirmə işlərinin aparılmasına ehtiyac var. Bu baxımdan sosial çarxlar, televiziyalar, media vasitəsilə qohum evliliyinin yaratdığı fəsadlar insanlara çatdırılmalıdır”.

 

Bir müddət əvvəl qohum nikahları ilə bağlı keçirilən tədbirdə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, qohum evlilikləri daha çox iqtisadiyyatı qapalı, savadsızlıq səviyyəsi yüksək olan və məlumatlı olmayan cəmiyyətlərdə baş verir:

 

"Qohum evliliyinin ən yüksək göstəriciləri Şimali və Saharadan cənubda Afrika, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiyada qeydə alınıb. Pakistan və Hindistanda qohumluq nisbəti 73% və 60%-dir. UNICEF və onun Uşaq Ölümünün Qiymətləndirilməsi üzrə 2017 ci ilin son hesabatına əsasən, Pakistan dünyada ən yüksək neonatal ölüm nisbətinə malikdir və hər 1000 nəfərə 46 ölüm düşür".

 

Qeyd edək ki, qohum evliliklərinə qoyulan qadağanın qanunsuz nikahların, dini kəbinlərin sayının artmasına gətirib çıxaracağını iddia edənlər də var. 

 

STM-in İdarə Heyətinin üzvü, deputat Elşad Mirbəşiroğlu sözügedən tədbirdə deyib ki, qohum nikahlarının qarşısının sərt şəkildə alınması müsbət nəticələrə gətirib çıxarmayacaq. Çünki cəmiyyətdə qadağan olunan məsələ daha çox diqqət və maraq cəlb edir.

 

Mövcud məlumatlara görə, qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik  xəstəliklərin olması riski olduqca yüksəkdir və dünya əhalisinin bir qismi bu problemdən əziyyət çəkir. Qohum nikahların faiz dərəcəsi ümumi nikahların sayında aşağı olsa da, reallıqda dünyaya gəllən sağlamlıq imkanları məhdud olan uşaqların sayı çoxdur. Yad cütlüklər arasında nikahlar nəticəsində əlil uşaqların doğulması riski 2-4%, qohum evliliklərdən risk 4-8 %-dək artır.

 

Rəşid Qarayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
19
modern.az

10Mənbələr