AZ

Qohum nikahlarla bağlı qadağa xoş qarşılanmadı: sağlam gələcək, yoxsa insan haqları...

Üzeyir Şəfiyev: "Rasional qərarlar verilməlidir, nəinki bəzilərinin..."

Xəbər verdiyimiz kimi, Azərbaycanda nikahın bağlanmasına mane olan hallar artırılır. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə bu öz əksini tapıb.

Azərbaycanda nikahın bağlanmasına mane olan halların sırasına qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu daxil edilir.

Qeyd edilib ki, dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir.

Məhz bu problemin həlli məqsədilə Ailə Məcəlləsinin 12-ci maddəsində (Nikahın bağlanmasına mane olan hallar) yaxın qohumlarla yanaşı qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlar, o cümlədən bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməyən yeni normanın təsbit edilməsi nəzərdə tutulur.

Bu gün sosial şəbəkələrdə mövzu geniş müzakirələrə səbəb olub.  Bəziləri bunu insan haqlarının pozulması kimi qiymətləndirir. Bəziləri isə qərarın verilməsi üçün hətta gecikmiş olduğumuzu hesab edir.  Bəs bu məsələdə diqqət olunmalı əsas məqamlar hansılardır?

Mövzu ilə bağlı Musavat.com-a danışan sosioloq Üzeyir Şəfiyev deyib ki, qohum evliliyi ilə bağlı məsələdə iki məqam önə çəkilir: insan haqları, insanların evlənmək üçün seçim  etmək imkanlarının məhdudlaşdırılması, dövlətin genefond sağlamlığı naminə atdığı addım:

1712225419_photo_522015106359060.jpg

"Əgər elmi əsaslarla sübut olunursa, ÜST və beynəlxalq araşdırma resursları  təsdiq edərsə ki, qohum evlilikləri sağlam gələcəyi təhdid edir, demək ki, burada insanların seçim azadlığından çox, dövlətin sağlam gələcəklə bağlı narahatlığ müdafiə olunmalıdır. Söhbət cəmiyyətin sağlam gələcəyindən gedir. Çünki irsi qan xəstəlikləri, sağlamlıq imkanları məhdud insanların böyük əksəriyyəti qohum evlilikləri ilə dünyaya gələn uşaqlar arasında olub. Biz dəqiq müəyyənləşdirməliyik ki, hansı qohumlar arasında evlilik olar, hansında  olmaz. O qohumlar arasında nikah münasibətlərinə icazə verilməlidir ki, sağlam gələcəyi təhdid etməsin".

O ki qaldı dünya təcrübəsinə ekspert qeyd edib ki, Avropa ölkələrində, ABŞ-nin 24-dən çox ştatında qohum evlilikləri qadağan olunub: "Amma ABŞ-nin bir ştatında maraqlı bir təcrübə var. İnsanların nəsil vermə yaşı atlatdıqdan sonra, yəni nəsilvermə  qabiliyyəti aradan götürüldükdən sonra qohum evliliklərinə icazə verilir. Misal üçün, bəlli bir yaş dövründə insanın nəsilvermə qabiliyyəti azalır. Belə qanunlar hazırlayaraq istisnalara da yol vermək olar.  Müəyyən  yaş atladıqdan sonra qohum evliliklərinə də icazə verilə bilər. Azərbaycanda ən çox qohum evlilikləri nəticəsində talasemiya xəstəliyi və digər irsi qan xəstəlikləri üstünlük təşkil edir. Bunun qarşısını almaq üçün yaxın qohumlar arasındakı nikah münasibətləri qadağan olunmalıdır. Burada rasional qərarlara üstünlük  verilməlidir, nəinki sosial şəbəkə istifadəçilərinin diletant yanaşmasına".

Afaq MİRAYİQ,
Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
19
musavat.com

10Mənbələr