AZ

Avropa Parlamentinə seçkilər: Makronun fiaskosu

Pərvanə SULTANOVA [email protected]


Avropa Parlamentinə keçirilən seçkilərin nəticələri Fransa prezidenti Emmanuel Makron üçün tam bir fiasko oldu. Makronun seçkilər ərəfəsində öz mövqelərini gücləndirmək, partiyasının qalib gəlməsini təmin etmək üçün atdığı addımlar, Ukrayna mövzusundan sui-istifadə və digər populist bəyanatları onun lehinə işləmədi. Nəticələr Makron hakimiyyətinin tam iflası oldu. Belə ki, onun rəhbərlik etdiyi "İntibah" partiyası cəmi 14,7 faiz səs toplayıb. Makronun əsas rəqibi milliyətçi Marin Le Penin "Milli birlik" partiyasının səs faizi isə 31,5 faizdir.

Bu, Fransa xalqının Makron bonapartizminə, heç bir əsası olmadan özünü hamıdan yüksəkdə görməsimə və sanki qlobal problemlərdə həlledici statusa malik olmaq görüntüsü yaratmasına, ölkənin xarici siyasətinin iflasına gətirib çıxarmış siyasət yürütməsinə, daxili problemləri görməzdən gəlməsinə münasibətidir.

Qeyd edək ki, seçkilər ərəfəsində Le Penin şansları daha yüksək qiymətləndirilirdi. Bu iki siyasətçi illərdir bir-biri ilə rəqibdir, indi seçkinin nəticələri onu deməyə əsas verir ki, xanım siyasətçi ondan irəli keçməyi bacarıb.

Yuxarıda qeyd etdiyimiz kimi, Makronun apardığı siyasət heç bir uğur qazanmadı. Onun hakimiyyəti dönəmində ölkə etiraz aksiyaları ilə çalxalandı, sosial narazılıqlar pik həddə çatdı. Aksiyalar iğtişaşlara çevrildi, üstəgəl, hakimiyyət etirazçılarla qarşı çox pis davrandı. Fransada işsizlik səviyyəsi yüksəkdir, insanların sosial tələblərinə məhəl qoyulmur. Ölkədaxili problemlərin həlli barədə düşünmək belə istəməyən Makronun dünya lideri olmaq sevdası da baş tutmadı.

Emmanuel Makron rüsvayçı məğlubiyyətdən sonra Milli Assambleyanı buraxıb. Həm ölkə daxilində, həm də beynəlxalq ekspert dairələrində bunun düzgün qərar olmadığı düşünülür. Hesab olunur ki, bu, ciddi siyasi riskdir və hakim partiya daha çox itkilərə məruz qala bilər. Fransanın Baş naziri Qabriel Attalın prezidenti parlamenti buraxmaqdan çəkindirməyə çalışdığı da bildirilir.

Paris şəhərinin meri Ann İdalqo Makronun Avropa Parlamenti seçkilərində uduzduqdan sonra ölkə parlamentini buraxmaq barədə qərarından şoka düşdüyünü bəyan edib. Onun sözlərinə görə, belə bir qərar qarşıdan gələn Yay Olimpiya Oyunlarına təsir göstərə bilər: "Prezidentin parlamentin buraxılmaq qərarını eşidəndə mat qaldım. Parlamentin Oyunlar ərəfəsində buraxılması son dərəcə narahatedicidir".

Sosialist Partiyasından Avropa Parlamentinin üzvü Rafael Qluksmann Makronun qərarını pisləyib və bunu rəqiblərinin reytinqinin xeyrinə oynamaq kimi qiymətləndirib. Nüfuzlu "La Figaro" nəşrinin baş redaktoru Giyom Tabard isə Makronun qərarını alçaldıcı adlandırıb və prezidentin komandasını batan "Titanik"lə müqayisə edib.

Fransada aparılan rəy sorğularının nəticələri Makronun reytinqinin xeyli aşağı düşdüyünü göstərir. Proseslərin gedişi Fransa liderinin tam bir etimadsızlığa düçar olduğunu nümayiş etdirir.

Qeyd edək ki, ölkədə Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək. Milli Assambleyaya növbədənkənar seçkilərin ilk turu iyunun 30-da, ikinci turu iyulun 7-də baş tutacaq.

Məlumat üçün bildirək ki, Avropa Parlamentinin ümumilikdə 720 mandatı olacaq və hər bir ölkə əhalisinin sayına uyğun olaraq mandat alacaq. Almaniyanın mandatının sayı 96, Fransanın 81, İtaliyanın 76, Niderlandın isə 31 olacaq.

Avropa İttifaqının əsas dövlətlərindən biri Almaniyanın hakim partiyası da seçkilərdə uğursuzluğa düçar oldu. Nəticələr əlbəttə ki, xalqların öz hakimiyyətlərinə münasibəti, onların apardıqları siyasətə etirazlarıdır.

Bir məqamı da qeyd etmək lazımdır ki, AP-yə seçkilər həm də bir sıra texniki qüsurlarla müşayiət olunub. Məsələn, Belçikada seçki zamanı kompüterlər sönüb, digər pozuntu halları da mövcuddur.

Milli Məclisin deputatı Asim Mollazadə mövzu ilə bağlı "525"ə deyib ki, Avropa Parlamentinə keçirilən seçkilərdə Fransanın əldə etdiyi nəticələr Makronun siyasətinin tam iflasa uğradığını göstərdi. Hətta ermənilərin köməyi ona məğlubiyyətdən qaçmağa imkan vermədi.

Onun sözlərinə görə, məğlubiyyətə səbəb Makron hakimiyyətinin həm ümumi strateji siyasətdə, həm də iqtisadiyyatda yol verdiyi ciddi səhvlərdir: "Makron ermənilərin tələsinə düşdü. Onun ermənipərəst siyasəti əslində Fransada əhali tərəfindən mənfi qarşılandı".

Fransa prezidentinin parlamenti buraxıb yeni seçki təyin etməsinə toxunan A.Mollazadə deyib ki, Makron tam məğlubiyyətə uğradı: "Onun siyasəti uğursuzluğa düçar oldu. Makron çalışırdı ki, Marin Le Pendən (ifrat sağçı - red.) daha çox özünü faşist kimi göstərsin, ermənilərdən dəstək gözləyirdi, amma görürük ki, tam məğlubiyyətə uğradı və ermənilərin maliyyə dəstəyi də ona kömək olmadı".

Deputat düşünür ki, yeni tərkibdə parlament Avropa İttifaqının siyasətində köklü dəyişikliklərə çalışacaq: "Avropa Parlamenti seçkiləri sağ qüvvələrin qələbəsi ilə nəticələndi. Bunun əsas səbəbi miqrasiya siyasəti ilə razı olmayan əhalinin öz etirazını bildirməsidir".

Seçkinin nəticələrinin müsəlmanlar üçün hansı təhlükələr yarada, islamofobiya meyllərinin arta bilməsinə gəlincə, deputat deyib ki, Avropa İttifaqında ciddi dəyişikliklərə ehtiyac var və indiyə qədər aparılan siyasətə, səhvlərə son qoyulmalıdır: "Daha çox insanların istəklərini qəbul etməli, cinayətkarlıqla, korrupsiya ilə bağlı vəziyyəti dəyişməlidir. Çox təəssüf ki, Avropa siyasətində korrupsiya böyük yer tutur".

A.Mollazadə Almaniyada da hakim partiyanın - solçuların zəifləməsinə diqqət çəkib: "Onların siyasətinə əhali etirazını bildirdi. Mənə elə gəlir ki, Almaniya kansleri Olaf Şoltsun bilavasitə korrupsiya ilə bağlı olduğunu əhali bilir və öz etirazını ifadə etdi. Frank Şvabe kimi siyasətçilər Almaniyanın hakim partiyasını demək olar ki, rəzil edib.

Şvabe tək Azərbaycanla bağlı qərəzli mövqe sərgiləmir, bilavasitə ona maliyyə dəstəyi verən ölkələrin əmrlərini yerinə yetirir.

Yeni parlamentdə dəyişikliklər olmalıdır və bu dəyişikliklərin əsas mahiyyəti ilk növbədə açıq miqrasiya siyasətinə son qoyulması olacaq".

 






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
43
525.az

10Mənbələr