AZ

Fransada Makronun səltənətinin sonu çatdı- seçkilərin birinci turu onun üçün alçaldıcı oldu

Image

İfrat sağçılar alyansı Fransada keçirilən ümumi seçkilərin ilk turunu öndə başa vurdu. Le Penin başçılıq etdiyi ifrat sağçıların 33,15 faiz səs alması, Makronun rejiminin aşkar çöküşü dünya mətbuatının gündəminə çevrilib.

2027-ci ildə yenidən Milli Birlik Partiyasının prezidentliyə namizədi olacağı gözlənilən Marin Le Pen exit-polldan sonra verdiyi açıqlamada deyib: “Demokratiya öz sözünü dedi və Fransa xalqı Milli Birlik Partiyasını və müttəfiqlərini zirvəyə çıxardı və Makron düşərgəsini məhv etdi”.

Fransa mətbuatı iyunun 9-da parlamenti buraxan prezident Makronun Avropa Parlamenti seçkilərində ifrat sağçıların böyük fərqlə birinci yeri tutmasından sonra növbədənkənar seçkilər təyin etməklə öz sonunu gətirdiyini yazıb.

“Challenges” jurnalının “2024-cü il ümumi seçkiləri: Kral Makronun səltənətinin sonu” başlıqlı məqaləsində Makronun parlamenti buraxmaqla öz süqutuna səbəb olduğu qeyd edilib.

Xəbərdə Makronun keçmiş baş naziri Edouard Philippe, hazırkı İqtisadiyyat naziri Bruno Le Maire və daxili işlər naziri Gerald Darmaninin Makronun tənəzzülünü daha da sürətləndirdiyi ifadə edilib və əlavə edilib ki, "bu seçkilər makronizmin hakimiyyətinin sonunu göstərə bilər".

ABŞ-ın məşhur qəzeti “Washington Post” Fransada böhranın yeni başladığını yazıb. Qəzet seçkilərin birinci turunun Makronun mərkəzçi ittifaqını darmadağın etdiyini və ikinci turda açıq səs çoxluğu əldə olunmasa, Fransa siyasətinin iflic ola biləcəyini yazıb. 

Birləşmiş Ştatların nüfuzlu “Politico” nəşri isə “Makronun dövrü başa çatdı. Le Peni kimsə dayandıra biləcəkmi?” sərlövhəli məqaləsində Fransada parlament seçkilərinin birinci turundan sonra Makronun bütün qüvvələri ifrat sağçıların qarşısının alınmasına səfərbər etmək və ya öz hərəkatından qalanı xilas etməyə çalışmaq kimi son dərəcə ağrılı seçim qarşısında qaldığını vurğulayır.

“Politico” yazır: “Bazar günü keçirilən parlament seçkilərinin birinci turu Fransanın 46 yaşlı lideri üçün alçaldıcı oldu və onun yeddi il əvvəl yeni, autsayder siyasətçidən prezidentliyə yüksəlişi qədər heyrətamiz hadisəyə çevrildi”.

Nəşr xatırladır ki, Makron iyun ayında Avropa Parlamentinə keçirilən seçkilərdə ultrasağçıların qarşısında uğradığı fəlakətli məğlubiyyətdən sonra növbədənkənar seçkiləri məhz Fransanın ifrata sürüklənməsi prosesini dayandırmaq məqsədi ilə çağırıb. Lakin o, tamamilə əks nəticə əldə etdi.

Məqalədə qeyd olunur ki, Avropanın ikinci ən böyük iqtisadiyyatı və qitənin yeganə nüvə gücü indi ifrat sağçı hökumətin yaradılmasına həmişəkindən daha yaxındır və səsvermənin birinci turundan sonra Marin Le Penin “Milli birlik” partiyası liderlik edir.

“Politico” qeyd edir: “Əgər iyulun 7-nə planlaşdırılan ikinci turda “Milli birlik” parlament çoxluğunu qazansa, (bu, tamamilə mümkündür), o zaman ölkəni qismən də olsa Avropa İttifaqını parçalamaq, miqrasiyaya qarşı müharibə aparmaq və NATO-nu tərk etmək vədi ilə ad çıxarmış siyasətçilər idarə edəcəklər”.

Məqalədə daha sonra vurğulanır: “Le Penin partiyası o vaxtdan bəri ən mübahisəli mövqelərini yumşaltsa da, Qərbin əsas siyasi ehkamlarına dərin şübhə ilə yanaşır. Seçkilərdəki qələbə onun 2027-ci ildə Fransa prezidenti seçkilərində qalib gəlmək şansını xeyli gücləndirəcək”.

Fransanın “Ipsos” sorğu institutunun apardığı təhlilə görə, Le Penin partiyasının proqnozlaşdırılan nəticələri onu hakimiyyətin astanasına gətirib çıxarıb. İnstitutun məlumatında deyilir ki, onun partiyası birinci turda səslərin 33,2 faizini toplayıb, yəni ifrat sağçılar parlamentdə 230-280 yer qazana bilərlər.

Parlamentdə mütləq çoxluq üçün baryer 289 yer olduğundan, ifrat sağçılar hətta bir həftə ərzində “Milli birlik” partiyasının rəhbəri Jordan Bardellanın baş nazir olması ilə hökumət qura biləcəklər.

“Politico” qeyd edir: “İndi əsas sual ondan ibarətdir ki, kimsə və ya hər hansı bir qüvvə onu dayandıra bilərmi?”

TAHİR





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
43
baki-xeber.com

10Mənbələr