AZ

Cəmiyyətin əksər hissəsi bunun tərəfdarıdır”— Qohum evlilikləri qadağan olunur?

 Milli Məclisdə Qohum evliliklərinin qadağan edilməsi müzakirə olunub.  Deputat Rəşad Mahmudov deyib ki, qohum evliliklərinin qadağan edilməsi beynəlxalq hüquq səviyyəsində problemlər yarada bilər. Onun sözlərinə görə, Ailə Məcəlləsinə qohum evlilikləri ilə bağlı dəyişiklik əmi və bibi uşaqlarının evlənməsini qadağan edirsə, burada dini məsələlər, milli dəyərlərimiz və insanların hüquq və azadlıqları iki qütbə ayrılır: “Bu cür evlilikləri qadağan etmək bəlkə də beynəlxalq hüquq səviyyəsində suallar, problemlər yarada bilər. Düşünürəm ki, bu məsələdə insanları maarifləndirməklə prosesə mane ola bilərik. Əks təqdirdə, bu fikrə qarşı gələnlərin, alternativ yollar axtaranların sayı artacaq”.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov da eyni fikirlərlə çıxış edib:

“Avropa ölkələrinin qanunvericiliyinə baxsaq, Almaniyanın ailə qanunvericiliyində, eləcə də İsveçrədə bununla bağlı qadağalar var. Düşünmürəm ki, bu qadağalar beynəlxalq hüquqla bağlı Azərbaycana hər hansı problem yaratsın”.

Məsələyə sosioloq Lalə Mehralı da münasibət bildirib.

O, Demokat.az-a açıqlayıb ki, cəmiyyətin əksər hissəsi qohum evliliklərinin qadağan edilməsinin tərəfdarıdır:



“Bu işdə maarifləndirmə də ciddi rol oynayacaq. Lakin möcüzələr gözləyə bilmərik. Çünki bu günə qədər maarifləndirmənin bəzi məsələlərdə işə yaramadığının şahidi olmuşuq. Məsələn, selektiv abort, erkən nikah problemlərində maarifləndirmə heç bir nəticə vermədi. Bir düşüncə tərzi var ki, dövlət, qanun nə deyir, desin, mən yenə öz bildiyimi edəcəyəm, insanlar bu cür davranır. Ona görə də hesab edirəm ki, maarifləndirmə bizim kimi cəmiyyətlərdə effektli olmur, cəza tədbiri daha çox nəticə verir. Cəzaların tətbiqi ciddi nəticə verə bilər. Mexanizmin necə qurulması da önəmlidir. Bu günə qədər Milli Məclisdə irəli sürülən təkliflərdən deyə bilərəm ki, bu təklif ən lazımlısıdır”.

Törə Zeynallı
Demokrat.az

Seçilən
112
19
demokrat.az

10Mənbələr